Ermənistan ordusunda dərin komplektasiya probleminə daha bir sübut – 18-55 yaşarası insanların ölkədən çıxışı yasaqlandı...

Ermənistan ordusunda dərin komplektasiya probleminə daha bir sübut – 18-55 yaşarası insanların ölkədən çıxışı yasaqlandı...

Ramil Məmmədli: “55 yaşlı şəxslərin orduya cəlbi...”

Ermənistanda mövcud hərbi vəziyyətlə əlaqədar 18 yaşdan 55 yaşa qədər kişilərin ölkəni tərk etməsinə məhdudiyyət qoyulub.

Bu barədə “Sputnik Ermənistan” Mülki Aviasiya Komitəsinə istinadən xəbər yayıb. Bildirilir ki, Ermənistanda 18-55 yaşarası kişilər yalnız ərazi hərbi komissarlığının yazılı icazəsi ilə ölkəni tərk edə bilərlər: “Ermənistan hökuməti tərəfindən 27 sentyabr 2020-ci il tarixində qəbul edilmiş 1585N saylı qərara əsasən, 55 yaşdan kiçik şəxslər üçün çağırış elan edilib. 18 yaşdan 55 yaşa qədər olan kişilərin yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə ölkədən çıxmasına icazə verilir”.

Bütün bunlar Ermənistan ordusunda dərin komplektasiya probleminin olmasından xəbər verir. Belə olmasaydı, o zaman 55 yaşınadək şəxslərin çıxışına məhdudiyyət qoyulmazdı. Məsələ ondadır ki, orduya çağırışla bağlı Ermənistanda ciddi problemlər var. Çünki bu ölkənin resursları məhduddur. Bununla yanaşı, Ermənistanda ordudan yayınıb Rusiyaya qaçan gənclərin sayı minlərlədir. Hətta bir müddət əvvəl hakimiyyət rəsmiləri də bunu təsdiqləyiblər. Ona görə də işğalçı ölkə ordusunda dərin komplektasiya problemlərini həll etməkdən ötü bu kimi vasitələrə əl atır.

“Bu kimi vasitələrlə orduda əsgər çatışmazlığı problemini həll etmək mümkün deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Ermənistan ordusunun şəxsi heyətlə bağlı ciddi problemləri var: “Ermənistandakı hazırkı hərbi-siyasi vəziyyət heç də bu dövlətin maraqlarına xidmət etmir. Çünki Ermənistanda ordunun şəxsi heyəti ilə bağlı olan problem artıq ölkəni çıxılmaz vəziyyətdə qoyub. Bu səbəbdən də Ermənistan rəhbərliyi şəxsi heyətin komplektləşdirilməsi məqsədilə yaşlı şəxsləri orduya cəlb edir, onların ölkədən çıxışına məhdudiyyət qoyur. Bununla yanaşı, erməni diasporunun xaricdəki təşkilatları hərbi komissarlıq rolunu oynayırlar. Bütün vasitələrlə xaricdə yaşayan erməniləri orduya cəlb etməyə çalışırlar. Proses bu istiqamətdə inkişaf edir. Ölkədə konfrantasiya elə bir həddə gəlib çatıb ki, Qarabağda hərbi itkilərin artması Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırır. Paşinyan açıq şəkildə bildirdi ki, münaqişənin həllində Ermənistan cəmiyyəti, dövləti siyasi iradə nümayiş etdirməlidir. Bununla, bir növ, dolayı yolla anlatmağa çalışdı ki, hazırkı vəziyyətdə çıxış yolu Dağlıq Qarabağın Azərbaycan tərkibində mövcudluğunun tanınmasıdır. Bütün bunların fonunda görünən odur ki, 55 yaşlı şəxslərin orduya cəlbi Ermənistanda komplektasiya problemini həll edə bilməyəcək. Əslində, onların bu qərarı ölkə daxilində siyasi gərginliyi artıracaq. Çünki bu qərar həmin yaş qrupuna aid olan şəxslər tərəfindən yaxşı qarşılanmayacaq. Nəticədə ölkədə gərginlik daha da artacaq”.

Hərbi ekspert hesab edir ki, bu kimi vasitələrlə Ermənistan ordusunda əsgər çatışmazlığı problemini həll etmək mümkün deyil.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com