TOBB: Ermənistanın təxribatları bölgədə sülh danışıqlarını "baltalayır"

TOBB: Ermənistanın təxribatları bölgədə sülh danışıqlarını "baltalayır"

Türk Ticarət və Sənaye Palatasının (Türkiye Odalar ve Borsalar Birliği – TOBB) sədri Rıfat Hisarcıklıoğlu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə məktub göndərib.

ASK-dan "APA-Economics"ə verilən məlumata görə, məktubda bildirilir ki, sentyabrın 27-dən başlayan hadisələri öz növbəsində TOBB da diqqətlə izləyir və Ermənistanın bu təxribatlarının bölgəmizdəki sülh danışıqlarını "baltaladığını" bəyan edir.

"Bu təxribatlar beynəlxalq hüququ açıq şəkildə tapdalayır. Mülki əhali arasında itkilərə yol açan bu təxribatları şiddətlə qınayırıq. Ermənistan bu təxribatçı hərəkətləri ilə bölgədə sülh və əmin-amanlıq üçün əsas təhlükə olduğunu bir daha göstərdi", - deyən R. Hisarcıklıoğlu Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edib.

Bu dönəmdə türk iş dünyasının və Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır deyən R. Hisarcıklıoğlu beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırıb.

TOBB rəhbəri Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət diləyib, Azərbaycana başsağlığı verib və yaralılara şəfa diləyib.

Mənbə: apa.az