Bakı İrəvanla yalnız bu halda danışa bilər - Millət vəkili

Bakı İrəvanla yalnız bu halda danışa bilər - Millət vəkili

Ali Baş Komandan cənab İlham Əliyevin söylədiyi kimi, Azərbaycan Ordusu uğurlu əməlliyyatını davam etdirir və bizim işimizi yarımçıq qoymaq niyyətimiz yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistan törətdiyi təxribatlara görə beynəlxalq arenada nüfuzunu tamam itirib:

“Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bununla kifayətlənməyərək, ABŞ-da növbəti məsuliyyətsiz bəyanat yayıb. “Yeni ərazilər uğrunda yeni müharibəyə başlayacağıq”, - deyə həmin bəyanatda bildirilir. Onların son törətdiyi hərbi təxribatlar da həmin məntiqdən qaynaqlanır. Buna cavab olaraq Azərbaycanın Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusuna zərbələr endirməyə davam edir”.

Elman Nəsirov bildirib ki, işğalçının son təxribatları bütün limitləri aşıb və danışıqlar yolu ilə münaqişənin həllinə olan inamı üzüb:

“İş oraya gəlib çatdı ki, Ermənistan lobbi, diaspor və müəyyən himayədarların dəstəyilə Azərbaycanın yeni ərazilərinə göz dikdi. 30 ildən sonra ATƏT-in Minsk Qrupunun uğursuz danışıqları Ermənistanın Baş nazirinin 2019-cu ilin iyul ayında Qarabağın ermənilərə məxsus olduğunu deməyi ilə nəticələndi. Ermənistanın son təxribatları bütün limitləri aşdı və danışıqlar yolu ilə problemin həllinə olan inamı sarsıtdı. Həmin məsələyə ATƏT-in Minsk Qrupu biganə yanaşdı. Minsk Qrupunun ermənilərin Tovuz təxribatına nə qədər sönük reaksiya verməsini gördük. Azərbaycan dövləti həmin vəziyyətə düz 30 ildir dözür, bu da bizim nə qədər sülhpərvər olduğumuzu göstərir. Əlbəttə ki, hər şeyin hədd-hüdudu var”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan yalnız bir şərtlə danışıqlara gedə bilər:

“Hazırda ATƏT-in Minsk Qrupu danışıqları yeniləmək istəyir. Azərbaycan dövləti, cənab Prezidentin qeyd etdiyi kimi, bir halda danışıqlara gedə bilər. Bu tələb də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistanın işğal etdiyi ərazilərdən ordusunu tam çıxarmasıdır. Azərbaycanla beynəlxalq vasitəçilərin, eyni zamanda BMT-nin zəmanəti altında yalnız bu məsələ müzakirə edilə bilər: Ermənistan silahlı qüvvələri hansı qrafiklə işğal etdiyi ərazidən çıxacaq. İkinci məsələ müzakirə oluna bilməz”.

Mənbə: axar.az