"Azərbaycanın siyasi, hərbi və diplomatik gücü imkan yaradır ki..." - İlham İsmayılov:

"Azərbaycanın siyasi, hərbi və diplomatik gücü imkan yaradır ki..." - İlham İsmayılov:

Sentyabrın 27-dən Ermənistanın növbəti təxribat cəhdinin qarşısını almaq məqsədli Azərbaycan ordusunun bütün cəbhə boyu təşkil etdiyi əks-hücum əməliyyatları artıq iki gündür ki uğurla davam edir. Düşmən ağır itki verir, mövqelərini itirir, ordumuz işğal altında olan yeddi kəndimizi işğaldan azad ediblər. Bütün Azərbaycan cəmiyyəti Ali baş komandan İlham Əliyevin çağırışlarına yüksək ruh yüksəkiliyi ilə qoşulub,hər kəs qələbə sevincinin davam etməsi üçün əlindən gələni etməyə çalışır.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirir ki, Qarabağın işğaldan tam azad olunması üçün bütün tarixi məqamlar yetişib və biz bu məqamdan istifadə etməliyik: "Dünən biz Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini böyük ruh yüksəkliyi ilə dinlədik. Prezidentin qətiyyətli mövqeyi və qələbə əzminə köklənməsi hər birimizi qələbəyə inandırır. Demək olar ki siyasi iradə qətiyyətli şəkildə ortaya qoyulub və Azərbaycan diplomatiyası və hərbi gücü də işlək bir mexanizm halında çalışmaqdadır".

İlham İsmayılov qeyd edib ki, artıq bütün dünya Azərbaycanın apardığı bu mübarizənin haqq işi olduğunu bilir və Ermənistanın işğalçılıq siyasətinə daha göz yummaq istəmirlər: "Bəzi böyük dövlətlər öz siyasi maraqları üçün zaman-zaman Ermənistanın işğalçılıq siyasətinə göz yumurdu. Lakin ölkəmizin ​ bölgədəki gücü və nüfuzu da artıq bu dövlətlərin yanaşmalarına təsir edir, istər istəməz maraqlarını təmin etmək üçün ölkəmizlə hesablaşmağa çalışırlar. Artıq Azərbaycanın siyasi, hərbi və diplomatik gücü imkan yaradır ki, bütün məsələlərdə öz mövqeyimizi diqtə etsin. Uzun illərdir ki, biz də dövlət siyasətimizə uyğun olaraq Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olmuşuq. Ona görə də deyə bilərəm ki, uzun illər aparılmış siyasət və diplomatiya bütün dünyada ermənilərə və bizə olan yanlış münasibəti tamamilə dəyişib. Əvvəllər ermənilər özlərini​ məzlum, yazıq xalq kimi tanıtsalar da, artıq bütün dünya əslində Ermənistanın terror mahiyyətli işğalçı bir dövlət olduğunu, Azərbaycanın torpaqlarının işğal olunduğunu anlayır".

​İlham İsmayılov indiki məqamda qələbə çalacağmızın bir səbəbini də Türkiyənin bölgədəki nüfuzu və Azərbaycana real dəstəyi ilə bağlayır: "Türkiyə hər zaman Azərbaycanı müdafiə edib, ona dəstək olub. Bu dəstək kimlərəsə nəzəri, diplomatik və ya sözdə olan dəstək kimi görünə bilərdi. Lakin Türkiyə siyasi hakimiyyəti və qardaş türk xalqı birmənalı şəkildə yanımızda olduğunu bildirir, açıq şəkildə hər cür hərbi yardıma da hazır olduğunu bildirir. Məhz bu səbəblər Azərbaycanı qələbəyə daha da yaxınlaşdırır".

Mənbə: paralel.az