Türkiyənin Azərbaycana misilsiz dəstəyi - digər türk dövlətlərində qəribə sükutun səbəbləri...

Türkiyənin Azərbaycana misilsiz dəstəyi  - digər türk dövlətlərində qəribə sükutun səbəbləri...

Faiq Ələkbərli: “Fikrimcə, bu məsələdə Orta Asiyadakı türk dövlətlərinin Pakistan, Əfqanıstan, Ukrayna qədər cəsarətli olmaması çox üzücüdür”

Terrorçu, təcavüzkar Ermənistan ordusu Tovuz cəbhəsində milli ordumuz tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra düşmən yenidən azğınlaşdı və köhnə ənənəsini davam etdirərək yenidən yaşayış məntəqələrimizi müxtəlif çaplı silahlardan atəşə tutmağa başladı.

Erməni silahlı qüvvələri tərəfindən sentybarın 27-də səhər saatlarında yenidən yaşayış məntəqələrimiz atəşə tutuldu və bir neçə uşaq da daxil olmaqla vətəndaşlarımız həlak oldular. Əsas hədəfi Azərbaycanın mülki şəxsləri olan terrorçu Ermənistanın bu qeyri-insani davranışlarına ordumuz layiqincə cavab verdi, düşmən böyük itkilər verərək geri çəkildi.

Ermənistanın 27 sentyabr tarixində yaşayış məntəqələrimizi atəşə tutması, dinc sakinləri qətlə yetirməsi onun faşist, nasist bir dövlət olduğunu bir daha sübut etdi.

Azərbaycan Ordusunun erməni təxribatlarına qarşı həyata keçirdiyi əks-hucum əməliyyatları, habelə dövlətimizin haqq-ədalət uğrunda savaşına Türkiyə dövləti böyük dəstək verdi. Qardaş ölkənin dövlət başçısından tutmuş, ictimaiyyət nümayəndələrinə qədər hər kəs Azərbaycanın yanında olduğunu bəyan etdi.

Lakin indiyə qədər Türkiyədən başqa, digər türkdilli dövlətlər bu məsələyə reaksiya verməyiblər, onlar, nədənsə, susmağı qardaş maraqlarından üstün tuturlar. Türkiyə Azərbaycanı açıq şəkildə dəstəkləyir, o biri türk dovlətlərinin niyə mövqeyi ortada deyil?

“...bu məsələyə münasibət bildirməməsində Rusiya amili var”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, tanınmış tarixçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Ordusunun Qarabağ cəbhəsində göstərdiyi qəhrəmanlıq bizim hər birimizi sevindirir. “Biz ordumuzla, dövlətimizlə qürur duyuruq. Şübhəsiz ki, bu zəfərlər bizi məhz Şuşanın, Xankəndinin işğaldan azad olunması, orada üçrəngli bayrağımızın dalğalanmasına aparır. Mən də ehtiyatda olan bir zabit kimi döyüşdə iştirak etmək üçün əvvəlcə də, indi də müraiət etmişəm. Bir çağırış, bir əmr gözləyirik ki, ordumuzun ehtiyatda olan bir zabiti kimi döyüşdə olaq, hərbi əməliyyatlarda bizim də payımız olsun.

Sualınıza gəlincə, bəli, Türkiyənin bütün sferalarından, yəni ölkə başçısından tutmuş, ən sadə vətəndaşına qədər Azərbaycanın haqq işinə dəstək verilməsi təqdirəlayiqdir, bu bir nümunədir. İstər Türkiyənin cümhur başkanının, istər müdafiə nazirinin, istər xarici işlər nazirinin, istər Türkiyə Böyük Millət Məclisi rəhbərliyinin, istər parlamentdə təmsil olunan siyasi partiyalarının, istərsə də 80 milyonluq qardaş ölkənin bütün vətəndaşlarının tək ürək olub Azərbaycan dövlətinə, xalqına, ordusuna dəstək verməsi, şübhəsiz ki, bizi sevindirir. Bu dəstək bizim həmişə aldığımız və gözlədiyimiz dəstəkdir. Eyni zamanda, Pakistandan, Əfqanıstandan, Qüzey Kıprıs Türk Cümhuriyyətindən gələn dəstəklər bizi qürurlandırır. Bunlar hamısı bizim üçün çox önəmlidir. Ancaq bizdə təəssüf doğuran hal odur ki, eyni dəstəyi hələlik Türkmənistandan, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan görmürük. Şübhəsiz ki, bu da bizi çox təəssüfləndirir. Hesab edirəm ki, bunun bir neçə səbəbi var. Birincisi, bu həmin türkdilli dövlətlərin ehtiyatlı mövqe tutması ilə bağlıdır. Bilirik ki, hələ də onların bəziləri KTMT-nin üzvüdürlər, bu amil də rol oynaya bilər. Burada Rusiyanın da təsiri ola bilər. Baxmayaraq ki, Putin açıqlama verib “biz bu işə qarışmırıq” deyib. Amma, görünür, yenə də burada digər türkdilli ölkələrin bu məsələyə münasibət bildirməməsində Rusiya amili var. Rusiyaya görə onlar ehtiyatlı mövqe tuturlar. Ancaq 30 ilə yaxındır ki, Dağlıq Qarabağ problemi ilə bağlı saysız danışıq aparılıb, problemin həlli üçün təşkilatlar qurulur, yaxınlıqlarımız var, türk dövlətlərinin sammitləri keçirilir. Qarabağ cəhbəsindəki vəziyyətə yalnız Türk konseyi münasibət bildirib. Həmin təşkilata da Türkmənistandan başqa o biri Orta Asiya ölkələri daxildir, Özbəkistan da hələ bu məsələyə yeni yaxınlaşır. Fikrimcə, bu məsələdə Orta Asiyadakı türk dövlətlərinin Pakistan, Əfqanıstan, Ukrayna qədər cəsarətli olmaması çox üzücüdür. Ancaq hesab edirəm ki, bu məsələdə digər türk dövlətləri susmamalıdır, mövqe bildirməlidir, danışıqlar aparılmalıdır. Bitərəf qalmaq, heç bir halda, nə o türk dövlətlərinə, nə də bizi türk birliyinə aparan yolumuz üçün bir əngəldir”.

F.Ələkbərli hesab edir ki, digər türk dövlətləri də bitərəf qalıb susmaqdan əl çəkib, olayla bağlı münasibət bildirəcəklər, dövlətimizə, ordumuza, xalqımıza dəstək nümayiş etdirəcəklər, Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklər. O qeyd etdi ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev vaxtilə Azərbaycana dəstək nümayiş etdirib. Eyni zamanda, onun fikrincə, hazırda Özbəkistan bu məsələ ilə bağlı addım ata, öz mövqeyini açıq şəkildə bildirə bilər. “Türkmənistan və Qırğızıstandan da biz bu dəstəyi gözləyirik. Ümid edirik ki, onlar Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi ilə bağlı öz mövqelərini ortaya qoyacaqlar. Ancaq indiyə qədər onların bu mövqeyi ortaya qoymamasının səbəbi, yenə də deyirəm, Qazaxıstanın, Qırğızıstanın KTMT-yə üzv olmasıdır. Ancaq, bütün hallarda, biz haqlı davamızda qalib gələcəyimizə inanırıq” - deyə F.Ələkbərli bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com