İraq mətbuatı Azərbaycan ordusunun əks-hücum əməliyyatından yazır

İraq mətbuatı Azərbaycan ordusunun əks-hücum əməliyyatından yazır

İraq mətbuatı Azərbaycan ordusunun Ermənistan işğalındakı ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarından yazıb.

AZƏRTAC xəbər verir ki, düşmən dövlətin təxribatları İraqın alsumaria, sindibad news, alhurra saytlarında dərc olunub. Materiallarda göstərilib ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhəboyu ərazilərini artilleriyadan atəşə tutub. Buna cavab olaraq, Azərbaycan Ordusu hələ Sovet İttifaqının dağıldığı vaxtda Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağı azad etmək üçün əks-hücuma keçib və bir sıra yaşayış məntəqələrini azad edib.

Materiallarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salınıb. Qeyd olunub ki, ATƏT-in Minsk qrupu 30 ildir ki, münaqişəni sülh yolu ilə həll edə bilməyib. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmır.

İraq mətbuatı Azərbaycan Müdafiə Nazirliyinin və Prezidentin köməkçisinin bəyanatlarına da yer ayırıb. Qeyd olunub ki, hərbi əməliyyatlara görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bağdad

Mənbə: xalqqazeti.com