Özbəkistan portalları Ermənistanın hərbi təxribatları ilə bağlı məqalələr yayıb

Özbəkistan portalları Ermənistanın hərbi təxribatları ilə bağlı məqalələr yayıb

Özbəkistanın fikr.uz portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, kun.uz, human.uz, daryo.uz portalları Ermənistanın Azərbaycan torpaqlarındakı müharibə cinayətləri ilə əlaqədar materiallar verib.

AZƏRTAC xəbər verir ki, fikr.uz portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətini rus dilində tam olaraq verib.

Daryo.uz portalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Azərbaycan torpaqlarından çıxması ilə bağlı çağırışını yayıb. Portal Türkiyənin “Hürriyyət” qəzetinə istinadla yazır ki, Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ problemini həll etmək iqtidarında olmadığını bildirib.

Qalampir.uz portalı yazır ki, Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Azərbaycanın Dağlıq Qarabağdakı əks-hücumuna münasibət bildirərkən bunları deyib: “Ermənistanın Azərbaycana qarşı təxribatlarına lazımi cavab verildikdə əks-hücumun dayandırılması çağırışları edilir. Dərhal atəşkəs çağırışları edənlər, ermənilər Xocalı sakinlərini öldürəndə nə düşünürdünüz, 30 ildir harada idiniz?”.

Kun.uz portalı Türk Şurasının Baş katibi Bağdad Amreyevin Dağlıq Qarabağdakı əks- hücumlara münasibətilə bağlı məqalə verib. Məqalədə bildirilir ki, Bağdad Amreyev Türk Şurası adından Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına çağırış edib.

Human.uz saytı yazır ki, Ermənistan ordusu beynəlxalq normaları pozaraq məqsədyönlü şəkildə mülki obyektləri, yaşayış evlərini və dinc əhalini hədəfə alır. Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Bu, bir daha ermənilərin məkrli planlarından xəbər verir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: xalqqazeti.com