Avropa İttifaqına inteqrasiya bu gün daha aktualdır

Avropa İttifaqına inteqrasiya bu gün daha aktualdır

Ukraynanın Avropa İttifaqına inteqrasiya kursu hazırda əvvəllər olduğundan daha aktualdır. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamentinin deputatları ilə videokonfrans formatında görüşü zamanı bəyan edib. Məlumatı “İnterfaks.ru” verib.

Ukrayna Prezidenti administrasiyasından verilən məlumata görə, dövlət başçısı deyib: “Bu gün ölkəmizin qarşılaşdığı ­çağırışları nəzərə alaraq deməliyəm ki, Avropaya, Avropa İttifaqına doğru dəyişməz kursumuz əvvəllər olduğundan daha da aktualdır”.
Zelenskinin sözlərinə görə, Avropa İttifaqının Kiyevi dəstəkləməsi də olduqca vacibdir. Ukrayna Prezidenti qeyd edib ki, ­Kiyev Avropa İttifaqının daxili bazarına giriş imkanlarının genişləndirilməsi, assosiasiya haqqında sazişin ticarətlə bağlı hissəsinin yenilənməsi haqqında razılığa gəlinməsi, eləcə də Ukrayna biznesinin Avropa İttifaqı bazarlarına daxil olmasının sadələşdirilməsi məsələlərini müzakirə etməyə çalışır.
Ukrayna Prezidenti administrasiyasının məlumatında daha sonra qeyd edilir ki, video­konfrans zamanı Aİ ilə Krım məsələsi üzrə beynəlxalıq platforma yaradılması, Aİ-nin vəsaiti hesabına Xolokost mövzusu ilə bağlı xatirə muzey-kompleksinin qurulması kimi məsələlər də müzakirə olunub.
Xatırladaq ki, Avropa İttifaqı–­Ukrayna sammitinin oktyabrın 6-da Brüsseldə keçirilməsi nəzərdə tutulur. Sammit əvvəlcə oktyabrın 1-nə planlaşdırılmışdı. Ancaq həmin gün Avropa İttifaqının sammiti işə başlayacaq. Məsələ bundadır ki, Aİ sammiti də əvvəlcə sentyabrın 24-25-də keçirilməli idi. Onun vaxtının dəyişməsi Aİ Şurasının sədri Şarl Mişelin koronavirusa yoluxması ilə bağlı şübhələrlə əlaqədar idi. Sonradan Mişelin testlərinin nəticəsi mənfi çıxmışdı.

Mənbə: xalqqazeti.com