Slovakiya yenidən xüsusi vəziyyət rejiminə keçməyə hazırlaşır

Slovakiya yenidən xüsusi vəziyyət rejiminə keçməyə hazırlaşır

Koronavirus infeksiyasına yoluxmanın sürətlə artmasının qarşısını almaq məqsədilə Slovakiya Böhran Ştabı ölkədə yenidən xüsusi vəziyyət rejiminin tətbiq olunmasını təklif edib.

Azərtac xəbər verir ki, bu barədə məlumatı ölkənin baş infeksionisti Yan Mikas təsdiqləyib. O bildirib ki, ştabın təklifinə sentyabrın 30-da hökumət tərəfindən baxılacaq və yekun qərar veriləcək. Koronavirus pandemiyasının ilk dalğası zamanı Slovakiyada xüsusi vəziyyət rejimi tətbiq edilsə də, bu, yalnız səhiyyə sahəsində çalışan şəxsləri və infrastrukturu əhatə edirdi. Həmin vaxt əsas hədəf tibb işçilərinin səfərbər olunmasını, eləcə də onların məzuniyyət və tətil hüququnu məhdudlaşdırmaqla səhiyyə infrastrukturunda tibbi heyətin tam fəaliyyətini təmin etmək idi. İndi isə xüsusi rejim bütün ölkə ərazisini əhatə etməli və həyatın bütün sahələrinə şamil olunmalıdır.

Y. Mikas, həmçinin bildirib ki, Slovakiya Avstriya və Macarıstan kimi ölkələri riskli zona elan etmək niyyətində deyil və bu ölkələrlə sərbəst sərhəd rejiminin qüvvədə qalmasında maraqlıdır. Slovakiyada qapalı məkanlarda ciddi maska rejimi tətbiq olunur, eləcə də kafe və restoranların fəaliyyətinə saat 22:00-dək icazə verilir. Hökumətin sentyabrın 30-da qəbul edəcəyi qərarlar oktyabrın 1-dən qüvvəyə minməlidir, yeni məhdudiyyətlərin tətbiqi gözlənilir.

Qeyd edilməlidir ki, son günlərdə Slovakiyada 14 gün ərzində 100 min nəfərə düşən yoluxma hallarının sayı 40-dan yuxarıdır və Səhiyyə naziri Marek Krayçinin sözlərinə görə, bu, ölkə üçün həssas həddən yuxarıdır.

Mənbə: strateq.az