Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur - “Hədəf”də MÜZAKİRƏ

Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur - “Hədəf”də MÜZAKİRƏ

Bakı. Trend:

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ cəbhəsində erməni təxribatına qarşı əks-əməliyyat keçirən Azərbaycan Ordusu düşmənin üzərində əzici üstünlüyə malikdir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda ordumuz şiddətli döyüşlər keçirir.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatları ətrafında fikir mübadiləsi aparılıb. Verilişin qonaqları, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev və deputat Rasim Musabəyov Azərbaycan Ordusunun uğurlu əməliyyatları, Dağlıq Qarabağ ətrafındakı siyasi vəziyyətlə bağlı fikirlərini bildiriblər. Proqrama telefon və videobağlantı vasitəsilə qoşulan tanınmış rusiyalı jurnalist İqor Koretçenko, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren, rusiyalı tanınmış politoloq Sergey Markov, Türkiyənin istefada olan generalı İsmayıl Hakkı Pekin proseslərlə bağlı mülahizələrini səsləndiriblər. Bütün qonaqların hərbi əməliyyatlarla bağlı fikirləri təxminən eyni olub. Bildirilib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar keçirmək Azərbaycanın haqq işidir. Qeyd olunub ki, Azərbaycan bu gün hansısa dövlətin ərazisinə təcavüz etmir, öz ərazilədində əməliyyatlar keçirir. Bu gün Azərbaycan Ordusu öz torpağında vuruşur.

Mənbə: az.trend.az