"Kreml belə addım atsa, qarşısında Türkiyə və Azərbaycanı görəcək” - GƏLİŞMƏ

"Kreml belə addım atsa, qarşısında Türkiyə və Azərbaycanı görəcək” - GƏLİŞMƏ

Azərbaycanın işğal altındakı əraziləri hərbi yolla azad etmək qərarına Rusiyanın münasibəti diqqəti cəlb edir.
2016-cı ilin aprel döyüşlərindən və ya bu ilin iyul ayında Tovuzda baş verən təxribatdan fərqli olaraq, Kreml baş verənlərə bir növ müşahidəçi mövqeyindən yanaşır. Hətta Prezident Vladimir Putin qırğızıstanlı həmkarı ilə görüşdə Rusiyanın qonşu ölkələrin daxili işlərinə qarışmadığını deyib.
“Biz heç vaxt qonşularımızın, ümumiyyətlə, digər ölkələrin daxili siyasətinə qarışmırıq”,-deyə Prezident Putin qeyd edib. Dövlət başçısının bu açıqlaması Rusiyanın mövqeyində dəyişiklik və ya hərbi əməliyyatlara susmaqla razılıq verməsi kimi şərh olunur.
Ancaq politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, bu cür fikirlər aldadıcı xarakter daşıyır. Rusiya yaranmış vəziyyətdən Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətdən salmaq üçün istifadə etməkdə maraqlı olsa da, status-kvonun dəyişməsini istəmir.
“Rusiyanın digər ölkələrin daxili işlərinə qarışmadığına dair Putinin dedikləri boğazdan yuxarı səslənmiş fikirdir. Rusiya işğalçı dövlətdir və istədiyi zaman özünün arxa bağçası saydığı ölkələrin daxili işlərinə nəinki qarışa bilir, eyni zamanda onun ərazilərini işğal və ilhaq edir. Ortada 2008-ci il Gütcüstan və 2014-cü il Ukrayna təcrübələri var.
Azərbaycan xalqı bunu unutmamalıdır. Putinin fikrini ciddi qəbul etmək lazım deyil. Putin həqiqətən digər ölkələrin daxili işlərinə qarışmırsa, o zaman Azərbaycanın beynəlxalq hüquqda və BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə haqqını tanımalıdır. Azərbaycan öz ərazisində düşmən hücumuna qarşı müdafiə hüququndan istifadə edir. Kimsə bu məsələyə qarışa bilməz. O ki qaldı Rusiya rəhbərliyinin Azərbaycanın hərbi əməliyyatlarına “yaşıl işıq” yandırması məsələsinə, belə bir fakt yoxdur. Azərbaycan cəmiyyəti gərək özünü aldatmasın. Rusiya İran ərazisindən hələ də Ermənistana silah daşınması prosesini davam etdirir.
Bu silahlar və Ermənistanda yeni yaradılmış könüllülərin silahlandırılması olmasa Azərbaycana qarşı kim dirəniş göstərə bilər? Bunu da edən Rusiyadır. Doğrudur, Rusiya bəzən “Dovşana qaç, tazıya tut” siyasəti də yürüdür. Ancaq bu məsələdə Rusiyanın bir neçə gün səbrli davranmasının məqsədi heç kimə sir deyil. Rusiya istəyir ki, Putinin pis münasibət bəslədiyi və Corc Sorosun yetirməsi olan Nikol Paşinyanın burnunu Azərbaycanın vasitəsilə əzsin. Nəticədə Ermənistan hökuməti müharibə dayandığı təqdirdə Rusiyanın ətəyindən daha bərk-bərk yapışsın. Yəni Ermənistanın Rusiyaya nə qədər ehtiyacı olduğunu göstərsinlər. Rusiyanın ləng tərpənməsinin bir səbəbi budur”.
Ekspert bildirib ki, digər amil Cənubi Qafqazda Türkiyənin mövcudluğudur:
“Ona görə də bu müharibəyə "yaşıl işıq" yandıran təkcə Rusiya deyil, dünyada olan boşluqlar və hazırkı geosiyasi mühitdir. Azərbaycan da Türkiyə ilə məsləhətləşərək bu addımı atmağa qərar verdi. Bunu anlamaq üçün Türkiyə tərəfinin ardıcıl verdiyi açıqlamalara fikir vermək lazımdır. Hazırda Azərbaycanı birmənalı şəkildə müdafiə edən dövlət Türkiyədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün çıxışında da bildirdi ki, bu müharibənin dayandırılmasının yeganə yolu yalnız Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ola bilər. Bununla da Prezident Ərdoğan “topu ötürdü”. Bu, həm də Ermənistana havadarlıq edən ölkələrə verilən mesaj idi. Ona görə də düşünürəm ki, bundan sonra Dağlıq Qarabağın azad edilməsi məsələsi ATƏT-in Minsk Qrupu tərəfindən deyil, Türkiyə-Rusiya rəhbərləri arasında həll olunacaq.
Söhbət münaqişənin Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycanın suverenliyinə qaytarılması ilə həllindən gedir. Artıq Dağlıq Qarabağa yüksək status vermək istəyən Azərbaycan bu gün həmin iddiadan vaz keçmiş kimi görünür. Çünki buna ehtiyac qalmır. Azərbaycan öz torpaqlarını qısa müddətdə azad etdikdən sonra milli azlıq olaraq onlara yalnız mədəni muxtariyyət verilə bilər. Belə bir idarəetmə statusu da SSRİ dövründə mövcud idi. Bu baxımdan, situasiya Azərbaycanın xeyrinədir . Türkiyə birmənalı şəkildə Azərbaycanın haqlı işini müdafiə edir. Türkiyə parlamentində iyunun 28-də verilən bəyanat da bu prosesin gələcək perspektivinə çox ciddi stimul yaratdı. Hesab edirəm ki, bundan sonra işğal altındakı torpaqların azad olunmasına baxmaq lazımdır. Heç bir ölkənin bəyanatı və zəngi bu prosesi həll edə bilməz. Çünki Azərbaycan öz ərazisində düşmənə qarşı mübarizə aparır və özünümüdafiə haqqından istifadə edir. Əks təqdirdə, sual oluna bilər ki, Rusiyanın Suriyada, Liviyada, Aralıq dənizi sahilində nə işi var? Axı, Rusiyanın bu ölkələrlə, bu, dəniz hövzəsi ilə sərhədi yoxdur.
Amma Azərbaycanın Ermənistanla sərhədi var. Heç bir dünya dövləti və beynəlxalq təşkilat Azərbaycana etirazını bildirmədi. Verilən bəyanatlar da boğazdan yuxarıdır. Ona görə də həmin bəyanatlar Ermənistanı Azərbaycanın əlindən ala bilməyəcək. Əgər ərazilərin azad olunmasına başlanılıbsa, 300 milyonluq türk dünyasının maraqları nəzərə alınaraq bu proses başa çatdırılmalıdır. Söhbət yalnız 7 rayon və Dağlıq Qarabağdan deyil, həm də Azərbaycanı Naxçıvanla birləşdirən Mehri dəhlizini Türkiyə ilə birlikdə qapadıb Azərbaycana birləşdirməkdən gedir. Artıq Türkiyə öz qardaş etnoslarına çatmaq üçün min kilometrlərlə məsafə qət etməli olmayacaq. Bu, həm də İranı oyundan çıxartmaq anlamına gəlir. Mehri dəhlizi ilə İran Ermənistana və Dağlıq Qarabağa silah daşıyır. İranın bu silahını əlindən almaq üçün Mehri dəhlizini qapatmaq Azərbaycan ordusunun əlində bir neçə saatlıq işdir”.
Ekspert bildirdi ki, Rusiya münaqişə zonasında status-kovonun dəyişməsini və Türkiyənin regionda fəallaşmasını istəmir:
“Dağlıq Qarabağ və ətraf rayonlar Türkiyənin dəstəyi ilə azad olunarsa, bu, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi mövqeyini çox ciddi şəkildə sarsıdacaq. Bu, həmçinin, Şimali Qafqazda Rusiyanın nüfuzuna zərbə vuracaq. Ona görə də Rusiya status-kvonun dəyişməsinə qətiyyən razı deyil. Sadəcə, Rusiya birbaşa müdaxilə də edə bilmir. Çünki Moskvanın bu addımı Türkiyənin də prosesə birbaşa müdaxilə etməsinə səbəb ola bilər. Bu isə Rusiyaya lazım deyil. Rusiyanın gələcək davranışları hələ məlum deyil. Hazırda Kremlin əsas hədəfi paşinyan hakimiyyətidir. Dağlıq Qarabağı nəzarətdə saxlaya bilməyən hakimiyyət Ermənistana rəhbərliyi əlində saxlaya bilməz. Rusiya istərdi ki, Dağlıq Qarabağ kimi təzyiq mexanizmini əlində saxlasın.
Amma bu təzyiq mexanizmi Kremlin əlindən sürüşüb çıxır. Rusiya onu saxlaya biləcəkmi? Bunu zaman göstərəcək. Rusiya aprel döyüşlərində də prosesə müdaxilə etdi və Putin Azərbaycan Prezidentinə zəng etdi. Bu gün isə hələ əməliyyatların üçüncü günüdür. Rusiya Ermənistana hərbi dəstək verməyi düşünür. Ancaq Kreml belə bir addım atarsa, qarşısında Türkiyə və Azərbaycanı görəcək. Bu da Rusiyanın maraqlarına uyğun deyil. Onu da nəzərə almaq lazımdır ki, Rusiya bir sıra regional və təhlükəsizlik məsələlərində Türkiyəyə möhtacdır”.
Qeyd edək ki, son zamanlar Rusiyanın xarici siyasət strategiyasında bir sıra dəyişikliklər müşahidə olunur. Yəni Kreml açıq hərbi təcavüz siyasətindən imtina etmiş kimi görünür. Rusiya bir neçə il öncə Gürcüstanda, Ukraynada, Suriyada atdığı riskli addımlardan çəkinir. Putin hakimiyyəti 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab”ın qarşısını almaq üçün heç bir addım atmadı. Avqust ayından Belarusda baş verən inqilabi prosesin qarşısını almaq üçün Rusiyanın bu ölkəyə hərbi müdaxilə edəcəyi barədə proqnozlar özünü doğrultmadı. Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlara münasibətdə də əvvəlkindən fərqli olaraq, bir qədər müşahidəçi mövqe nümayiş etdirir.
Natiq Miri hesab edir ki, qeyd edilən amillər Rusiyanın xarici siyasət strategiyasının dəyişməsi anlamına gəlmir.
“Rusiya imperiya düşüncəsindən imtina etməyib. Məsələ ondadır ki, Rusiya əvvəlki Rusiya deyil. Sanksiyalar bu ölkəni tam küncə sıxışdırıb. Rusiyanın daxilində ciddi narazılıq var. Ümumi vəziyyət sakit görünsə də, gələcək perspektivdə problemli görünür. Müxalifət lideri Navalnının zəhərlənməsi Qərb dünyasını Rusiyanın üzərinə qaldırıb. Gələcək perspektivdə Rusiyaya daha sərt sanksiyaların tətbiq olunacağından danışılır. ABŞ-da Rusiyanı özünün birinci düşməni hesab edən Co Baydenin hakimiyyətə gəlməsi ehtimalı da var. Rusiya artıq Türkiyə ilə Qarabağ məsələsində barışmaq və Türkiyənin Cənubi Qafqazda mövcudluğunu qəbul etmək kimi bir sıra gerçəkliklərlə razılaşmaq məcburiyyətindədir. Bu da Rusiyanın getdikcə zəiflədiyini göstərir. Ona görə də Putin xarici siyasətini dəyişmir, ancaq “boyu çatan qədər” hərəkət etmək məcburiyyətindədir ”.

Mənbə: teref.az