“Tələsmək olmaz, yavaş-yavaş, pillə-pillə irəliləməliyik” - Ekspertlər danışır

 “Tələsmək olmaz, yavaş-yavaş, pillə-pillə irəliləməliyik” - Ekspertlər danışır

Cəbhədən gələn qələbə xəbərləri əhalidə ruh yüksəkliyi yaradıb. Hiss olunur ki, cəmiyyət qürurlu və inamlı olduğu qədər də emosionaldır. Təbii ki, toplumlarda bütün insanlar eyni psixoloji həssaslığa sahib olmurlar. Qələbə xəbərlərinin özü bir qisim insanı sakitlik içində, səssiz-səmirsiz sevinc göz yaşlarına boğarkən, bir qisim insanda da coşqu ilə qarşılanır.
Bununla yanaşı, övladı, qardaşı, yaxını hərbidə olan və ya bu günlərdə hərbiyə - Vətənə xidmətə yola düşən insanlarımız var. Onlar hər nə qədər qürurlu və güclü olsalar da, narahatlıq hissindən də yan keçə bilmirlər. Lakin hər bir azərbaycanlı “Müharibə itkisiz olmur, qələbə qan tökülmədən qazanılmır” fikrini əlində bayraq edərək irəli atılmağa hazırdır.
AYNA psixoloqlarla əhalinin hazırkı əhval-ruhiyyəsi və gələcəkdə psixoloji durumun idarə edilməsi barədə həmsöhbət olub.
Taryel Faziloğlu hazırkı durumda müharibənin insanlarımızda güclü ruh yüksəkliyi yaratdığını deyib: “Çünki 30 ilə yaxındır ki, insanlar Qarabağ məsələsinin həllini gözləyirlər. Bu gözləmə cəbhədən aldığımız xəbərlərin fonunda insanlarımızda pozitiv enerji olaraq geri döndü. Baxmayaraq ki, müharibə bir sıra sahələrdə ciddi böhran vəziyyətləri yaradır ki, bunlar həm iqtisadi, həm də sosial məsələlərdir. Eyni zamanda, sosial-psixoloji vəziyyətdə də bir müddətdən sonra müəyyən gərginliklər müşahidə olunacaq. Lakin bugünkü gün üçün insanların cəbhədən aldığı qələbə xəbərləri onlarda müsbət psixoloji yüklənməyə səbəb olub”.
Psixoloq, işğal başa çatdıqdan sonra, geri alınan torpaqlarda əhalinin məskunlaşması ilə bağlı yarana biləcək psixoloji vəziyyətə də diqqət çəkib: “Ümid edirik, müharibə uzanmaz, qısa müddətdə Qarabağ məsələsi həllini tapar, Azərbaycanın dövlət sərhədləri tam bərpa olunar. Və nəticə etibarilə də böyük psixoloji gərginlik və partlayışlar yaşanmadan bu problemi keçmiş olarıq. Lakin bunu da vurğulayaq ki, bizim üçün növbəti çətin mərhələ sərhədlərin bərpasından sonra başlayacaq. Çünki torpaqlar geri alındıqdan sonra həmin yerlərə insanların geri dönüşü, yenidən orada məskunlaşması asan mərhələ deyil. İnanırıq ki, bu dövrü də xalqımız rahat bir şəkildə keçəcək”.
“Bu gün üçün mən düşünürəm ki, cəbhədə baş verənlər insanlarda psixoloji gərginlikdən çox, böyük ruh yüksəkliyi və psixoloji şəkildə yüksək immunitet yaratması ilə müşahidə olunur. Azərbaycan həm əhalinin psixoloji immunitetinin yüksək tutulması baxımından kompleks tədbirlər görməlidir, həm də cəbhədəki döyüşlərlə bərabər düşmənə qarşı psixoloji savaşa hazır olmalıdır. Psixoloji savaş üzbəüz hərbi əməliyyatların uğurla nəticələnməsində böyük rol oynayır. Əgər müharibə uzanarsa, bunu da kim daha yaxşı təşkil edəcəksə, üstünlük də onda olacaq”, - Faziloğlu vurğulayıb.
Hərbi psixoloq Azad İsazadə də hazırda əhalinin yüksək əhval-ruhiyyəsini müsbət qiymətləndirir: “Özüm hərbi komissarlığa yaxın yerdə yaşayıram. Qismən səfərbərliklə bağlı yola salınan gənclərimizi, ailələrini müşahidə etdim. Hiss olunurdu ki, müsbət enerji, əhval-ruhiyyə var. Sözsüz ki, hansısa insanlarda passivlik, qorxu, panika kimi hallar da olur. Lakin ümumi olaraq hər kəs nəticə gözləyir. Səhər açılan kimi xəbərlərə diqqət kəsilir, xoş xəbər soraqlayır. Hər kəs çox ümidlidir. Bu, çoxdankı arzu idi”.
“Bu dəqiqə əhalini bir sual düşündürür: Maraqlıdır, axıradək gedəcəyik? Lakin bu sualın cavabı hələ heç kəsə məlum deyil. Əhaliyə izah etmək lazımdır ki, bu, hərbi əməliyyatdır. Bu, o demək deyil ki, biz bu dəqiqə mütləq Xankəndini geri almalıyıq. Hələlik mənə elə gəlir ki, biz Azərbaycan-İran, Azərbaycan-Ermənistan sərhədini bərpa etməyə çalışırıq. Bu döyüşlər, sözsüz ki, nə vaxtsa dayanacaq. Sözsüz ki, siyasi təzyiqlər, sanksiyalar başlaya bilər. Biz beynəlxalq təşkilatların “əcəb edirsiz, davam edin” deyəcəyini gözləməməliyik. Doğrudur, Ermənistana da “davam edin” deyilməyəcək. Hər iki tərəfi də danışıqlara getməyə, sülh yolu ilə məsələni həll etməyə səsləyəcəklər. Hər bir halda camaatı döyüşlərin dayanmasına da hazırlamaq lazımdır”, - ekspert bildirib.
İsazadə hesab edir ki, erməni təxribatını nəzərimizdə saxlamalı, yavaş-yavaş, pillə-pillə irəliləməliyik: “Bu gün bütün Qarabağı azad etmək real görünmür. Söhbət texniki və siyasi məsələlərdən getmir. Orada erməni əhalisi yaşayır, bu gün o torpaqlara girsək, problemlər yaşaya bilərik. Biz bunu da nəzərə almalıyıq. Bu halda biz ya bir qədər imkan verməliyik ki, onlar oradan köçsün, ya da hansısa formada onları vətəndaş kimi tanımalıyıq və təhlükəsizlik təminatı verməliyik. Bu da uzun bir prosesdir. Buna görə də bu gün biz başa düşməliyik ki, 7 rayondan 3-4-nü azad etsək, sonrasında da davamına baxa bilərik”.
“Eyni zamanda, nəzərə almalıyıq ki, azad etdiyimiz əraziləri də tam nəzarət altına almağımız lazımdır. Orada səngərlər qazılmalı, əraziyə qoşun yerləşdirilməlidir. Bu vəziyyətdə çox da tələsmək olmaz. Biz indi Füzuli-Cəbrayıl istiqamətində irəliləyirik və Zəngilana qədər uzun, ensiz bir dəhliz yaranır. Azad olunmuş torpaqlarda möhkəmlənməliyik, orada qarnizonlar yerləşdirilməli, yüksəkliklərdə postlar qurulmalı, səngərlər qazılmalıdır. Ehtiyatdan gələn əsgərlər orada yerləşdirilməlidir ki, hücuma gedən ordu davam eləsin”, - müsahibimiz qeyd edib.
O, mövsüm amilinə də diqqət çəkib: “Qarşıdan qış gəlir, qar yağcaq. Əsgər nə qədər qarın altında döyüşə bilər? Deməli, onun təminatı çatmalıdır, onun orada yaşaması üçün şərait yaradılmalıdır. Və bunu əhaliyə izah etməliyik. Üç gecədir ki, əsgərlər çöldə döyüşürlər. Bu şəraitdə nə qədər davam edəcək. Aydındır ki, bəzi məsələlər həll olunmalıdır. Həmin əsgərlər iki gün də döyüşə bilər, sonrasında onları əvəzləmək lazımdır ki, həyati ehtiyaclarını təmin edə bilsinlər. Həmçinin, hərbi sursatla təmin olunsunlar. Bu baxımdan həddindən artıq məsələ var. İrəli getmək lazımdır, amma arxa cəbhədən, o cümlədən də əhalinin dəstəyi lazımdır. Bu, incə məqamları KİV vasitəsilə əhaliyə izah etmək lazımdır”.
Psixoloq hazırda KİV-də vətənpərvərlik istiqamətində aparılan təbliğatdakı qüsurlara da toxunub: “Bu gün hələlik hərbi vətənpərvərlik verilişləri mahnı üzərində qurulur. Amma izahlar da olmalıdır. Demək olar ki, müzakirələr aparılmır. Verilən məlumatlar məni şəxsən qane edir. Sözsüz ki, cavabsız suallarım var, lakin başa düşürəm ki, əməliyyat gedir. Qadağaların çoxalması, internet məhdudiyyəti normaldır. Lakin təbliğat forması hələlik qane etmir. Təbliğat şüar üstündə qurulur. Amma təbliğat başqa cür getməlidir. Əhalini “nə baş verir, baş verəcək və baş verə bilər” istiqamətində barədə başa salmalıyıq. Həmçinin sonrakı mərhələdə hansı təhlükələr gözlənilir - bundan da xəbərdar etmək lazımdır. Ən böyük təhülkə kimi bizi gələcəkdə terror da gözləyə bilər. Birinci terror təşkilatlarını elə ermənilər yaradıb. Sabah biz bu problemlə də qarşılaşa bilərik və bu problemin qarşısını almaq üçün sözsüz ki, hansısa hüquqlarmız məhdudlaşdırıla da bilər. Bir sözlə, “N” qədər suallar var ki, mətbuatda cavab görmürük”.

Mənbə: teref.az