İsveçrə və İtaliya arasında sərhədyanı zonada yaşayan əhali ilə bağlı saziş imzalanacaq

İsveçrə və İtaliya arasında sərhədyanı zonada yaşayan əhali ilə bağlı saziş imzalanacaq

İsveçrə və İtaliya arasında hər iki ölkənin sərhədyanı ərazilərində yaşayan əhalinin pandemiya dövründə digər ölkəyə sərbəst keçidi ilə bağlı saziş imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq İsveçrənin Prezidenti Simonetta Sommaruqanın Romada İtaliyanın Baş naziri Cüzeppe Konti ilə görüşündə əldə olunub.

S. Sommaruqa görüşdən sonra, keçirilən mətbuat konfransında İsveçrənin Tessin kantonunda çalışan və İtaliyanın bu kantonla həmsərhəd ərazilərində yaşayan insanların İsveçrənin səhiyyə sisteminə verdiyi töhfəni yüksək qiymətləndirib. Qeyd edilib ki, pandemiya İtaliyadan gələn işçi qüvvəsinin İsveçrə, xüsusilə də Tessin üçün nə qədər dəyərli olduğunu nümayiş etdirib.

C. Konte isə bildirib ki, pandemiya hər iki ölkəyə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığın alternativsiz olduğunu göstərib. Qeyd edilib ki, böhran qonşuların talelərinin bir-birinə bağlı olduğunu ortaya qoydu və məhsuldar qarşılıqlı əməkdaşlığın yalnız mənfəət gətirəcəyi aydın oldu.

Qeyd edək ki, pandemiyanın ilk dövrlərində İtaliya-İsveçrə sərhədlərində vəziyyət olduqca mürəkkəb axar almışdı. Virusun sürətlə artdığı İtaliya ilə sərhədlərin bağlanması tələb olunsa da, İsveçrədə müxtəlif sahələrdə, xüsusilə də səhiyyə və ahıllara qulluq sahələrində çox sayda italyan çalışır və onların mühüm bir hissəsi hər gün işə və ya işə getmək üçün sərhəddi keçməli olur.

Sərhədyanı ərazilərdə yaşayan əhali ilə əlaqədar saziş 2015-ci ildə hazırlansa da, imzalanması hələ də baş tutmayıb. Sazişin əsas komponentlərindən biri vergilərin hansı ölkədə ödənməsidir. Yeni sazişə görə, İtaliyada yaşayıb İsveçrədə çalışan şəxslərdən hər iki ölkə vergi tutacaqdır.

İsveçrədə hazırda 320 min İtaliya vətəndaşı yaşayır. Bununla da onlar İsveçrədə ən böyük miqrant toplumu sayılırlar. Bundan başqa isə hər gün 70 min italyan gündəlik olaraq sərhəddi keçərək İsveçrə ərazisində işləyir.

Mənbə: cia.az