Ehtiyatda olan zabitlər Ali Baş Komandana müraciət etdi

Ehtiyatda olan zabitlər Ali Baş Komandana müraciət etdi

Bir qrup ehtiyatda olan zabit Moderator.az vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

"AR SQ-nin ALİ BAŞ KOMANDANI cənab İLHAM ƏLİYEVƏ

EHTİYATDA OLAN ZABİT KORPUSU ADINDAN

MÜRACİƏT

Cənab Ali Baş Komandan!

Son zamanlar ərzində, düşmənin intensivləşmiş həyasızlığına, onun hücum və təxribatlarına son qoymaq məqsədilə start verdiyiniz əks hücum əməliyyatları, xalqımız tərəfindən böyük coşqu, beynəlxalq aləm və ictimayət tərəfindənsə anlaşılan formada qarşılandı. Siz, bu tarixi qərarınızı, bəynəlxalq hüquqi normalara, haqq və ədalət prinsiplərinə söykənməklə, xalqımızın ifadə etdiyi tam dəstəyə və ordumuzun gücünə əmin olaraq verdiniz. Bununla da Siz, xalqımız və tarix qarşısında, çiyinləriniz üzərinə çox məsuliyyətli, taleyüklü və qürurverici bir missiya götürmüş oldunuz. Xalqımız Sizə inanaraq bu günü səbrsizliklə gözləyirdi. 30 ilə yaxın işğal altında olan toprpaqlarımızın birdəfəlik olaraq düşmən tapdağından azad etmək naminə başladığınız bu uğurlu əməliyyatlar - xalqımızda gələcəyə inam, birlik və həmrəylik, milli qürur, namus və qeyrət hisslərimizi gücləndirməklə yanaşı, bir vətəndaş olaraq hər birimizə tariximiz, dövlətimiz və gənc nəsllər qarşısındakı məsuliyyətimizi daha da artırmış oldu.

Cənab Ali Baş Komandan!

Bu gün Azərbaycanımızın minlərlə ehtiyatda olan zabiti vardır. Onların içində çoxlu sayda təcrübəli, müharibələr alovundan çıxmış və bu gün də onların bilik və bacarıqlarından faydalana biləcəyimiz çoxsaylı kadrlarımız mövcuddur. Belə ki, - Talib Məmmədov, Yaşar Aydəmirov, Qorxmaz Qarayev, Altay Mehdiyev, Rafiq Hüseynov, Gəray Bağırov, Şair Ramaldanov, Murad Həmidov, Balay Nəsibov, Zaur Məmmədov kimi və yüzlərlə digər mərd oğullarımız, aparılan əməliyyatlarda öz tövhələrini verə bilərlər. Onlardan səmərəli şəkildə istifadə öz effektivliyini döyüşlərin gedişatında nümayiş etdirə bilər. Hər bir ehtiyatda olan zabit, döyüş bölgələrindən gələn xəbərləri böyük həyacanla izləyir və xəyalən özünü o sıralarda hiss edir. Vətənimizin belə bir ağır günündə, hər birimiz əsgəriniz olaraq, apardığınız bu müqəddəs və şərəfli yolun avanqardında yer tutmaq, gənclərimizi qorumaq, Vətən qarşısında borcumuzu yerinə yetirmək arzusundayıq. Bu gün biz bir millət və dövlət olaraq tarixi bir imtahan qarşısındayıq. Əcdadlarımızın qəbrləri, düşmən əsirliyində fəryad edən ana-bacılarımız, tapdağ altında inildəyən Qarabağımız, səbrsizliklə şanlı Azərbaycan əsgərinin yolunu gözləyir, onun qüdrətinə ümid edir.

Cənab Ali Baş Komandan!

Ehtiyatda olan zabitlər - Vətənə, Xalqına və Ali Baş Komandanına olan sədaqətini ifadə edərək bir daha Sizin ən qısa zaman ərzində verəcəyiniz müvafiq sərəncamlarınıza ümid edirlər.

Ya Qarabağ, ya ölüm! Allah Azərbaycanımızı qorusun!"

 

 

Mənbə: moderator.az