İsrailin “i24news” telekanalı Ermənistanın təxribatları barədə süjet hazırlayıb - VİDEO

İsrailin “i24news” telekanalı Ermənistanın təxribatları barədə süjet hazırlayıb - VİDEO

İsrailin “i24news” telekanalı Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təxribatları və Azərbaycan ordusunun əks-hücumu barədə süjet hazırlayıb, həmçinin İsrailin Bakıdakı keçmiş səfiri Artur Lenkin fikrini təqdim edib.

Süjetdə Türkiyənin Azərbaycanı dəstəklədiyi, Ermənistanda hərbi bazası olan, eyni zamanda Azərbaycana dost olan Rusiyanın tərəfləri atəşi dərhal dayandırmağa çağırdığı qeyd olunur.

A.Lenk Ermənistanın 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdiyini bildirib. Son iki ayda çoxsaylı qarşıdurmalar olub, lakin Azərbaycan artilleriyası yalnız keçən həftənin sonunda Ermənistanın təxribatlarına cavab olaraq onların hərbi mövqelərini atəşə tutub.

“Düşünürəm ki, həqiqətən edilməsi lazım olan əsas məsələ ciddi danışıqlar aparmaq və Azərbaycanın bir hissəsi olan işğal olunmuş Dağlıq Qarabağ ilə bağlı fikirayrılıqlarını həll etmək üçün yol tapmaqdır. Uzun illər ərzində bu münaqişədə vasitəçi olan ABŞ, BMT və Rusiyanın atəşin dayandırılması, həmçinin danışıqların başlanılması üçün yollar tapacağına səmimi qəlbdən ümid edirəm.

Bu gün bölgədə yaşayanlarla danışdım və azərbaycanlılar hesab edir ki, danışıqlar davam etməlidir. Ancaq erməni taktikası, onların fikrincə, danışıqlar aparmaq deyil, yalnız tələb irəli sürməkdən ibarətdir, ermənilər 25 il əvvəlki kimi davranırlar. Azərbaycanın bu ərazisi hələ də işğal altındadır və azərbaycanlılar onu qaytarmaq istəyirlər”, - deyə A.Lenk bildirib.

O, Azərbaycanın İsrail üçün regional təhlükəsizlik, enerji, tolerantlığın təmin edilməsində mühüm tərəfdaş olduğunu, iki dövləti tarixi əlaqələrin birləşdirdiyini qeyd etdi. Eyni zamanda İsrail və Ermənistanın tarixi münasibətləri yoxdur.

“Əlbəttə ki, hər iki tərəfin danışıqlar masasına oturması və onların nəhayət dialoq zamanı münaqişəni sülh yolu ilə həll edə bilməsi üçün bu bölgənin dünya ictimaiyyətinin diqqətini tələb etdiyini söyləyərkən haqlısınız”, - deyə sabiq səfir bildirib.

 

Mənbə: www.oxu.az