“Ali Baş Komandan xalqımıza qələbə sevinci yaşadacaq” - Sadir Məmmədov

“Ali Baş Komandan xalqımıza qələbə sevinci yaşadacaq” - Sadir Məmmədov

“Hər zaman öz xainliyi ilə seçilən, həyasız və aqresssiv bəyanatları ilə regionda sülhə daim təhdid yaradan Ermənistanın hərbi-təcavüzkar rejimi sentyabrın 27-də səhər saat 06:00 radələrində atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mülki əhali yaşayan kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub. Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Bu, cəzasızlıqdan doğan həyasızlığın pik həddi idi".

Bunu Redaktor.az-a açıqlamasında Qarabağ müharibəsi veteranı, “Zəhmli polkovnik” kimi tanınan Sadir Məmmədov deyib:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyətli mövqe nümayiş etdirərək, tökülən qanların yerdə qalmayacağını bildirərək əks-hücum tədbirləri görmək əmri verdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə əmr doğru addımdır".

Hərbi sirr və informasiya müharibəsi məsələlərinə də toxunan təcrübəli döyüşçü onu da qeyd edib ki, dəfələrlə təkrarlanan təcrübələr onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə maraqlı olan digər dövlətlərin ölkəmizdəki casusları təxribat xarakterli məlumatlar yaymaqda maraqlıdır:

"Xalqı mərkəzləşmiş məlumat mənbələrindən yararlanmağa və təxribat xarakterli şaiyələrə uymamağa çağırmaq, yalnız Müdafiə Nazirliyinin yaydığı xəbərlərə istinad etməyə səsləmək lazımdır. Çünki müharibə şəraitində cəbhədən gələn şaiələrin bir hissəsi dedi-qodu, bir hissəsi isə isə düşmən agenturasının yaydığı yanlış informasiyalar ola bilər.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir".

S.Məmmədov əlavə edib ki, Qarabağ həqiqətlərini elmi müstəvidə, beynəlxalq hüquq normaları çərçivəsində akademik səviyyədə çatdırmaq üçün yorulmadan çalışır. Onun artıq bu mövzuda 40-dan çox elmi əsəri və onlarla kitabı çap olunub ki, bunlardan da bir qismi impakt-faktorlu nəşrlərdə dərc olunub:

“Ermənistanın qandan qorxan erməni terrorçusu, anadan əsgər doğulan xalqımızın qüdrətli ordusu qarşısında məğlub olmağa və qaçmağa məhkumdur! Xalqımızın çoxdan gözlədiyi gün gəlib çatdı. Torpaqlarımızı işğaldan azad etmək üçün xalqımızı, harada yaşamasından və iqtidara münasibətindən asılı olmayaraq bütün soydaşlarımızı Ali Baş Komandanın, Ordumuzun ətrafında sıx birləşməyə çağırıram”.

Polkovnik sonda onu da deyib ki, 1988-1992-ci illərdə Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini və Ağdərə Rayon Polis Şöbəsinin rəisi vəzifələrində xidmət etmiş polis polkovniki kimi erməni terrorçularına qarşı 147 hərbi əməliyyat və döyüş tapşırıqlarının yerinə yetirilməsində birbaşa iştirak etdiyi üçün həmin regionların hər dağına və daşına bələddir:

"Bu gün bizim şanlı ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara döyüş təcrübəmlə, bütün bilik və bacarığımla dəstək verməyə hazıram".

Mənbə: redaktor.az