"Ermənistandan fərqli olaraq bizim güclü hərbi tibbimiz var"

"Ermənistandan fərqli olaraq bizim güclü hərbi tibbimiz var"

"Azərbaycanın güclü ordusu kimi bu ordunun, eləcə də güclü dövlətimizin və əzmkar xalqımızın keşiyində duracaq güclü hərbi tibb xidməti də mövcuddur. Bu sahədə son illər müasir bilikli həkimlərin yetişdirilməsini əsas tutaraq tam əminliklə deyə bilərəm ki, Azərbaycanda yetərincə peşəkar hərbi tibbi kadrlar var. O kadrlar yüksək tibbi bilikləri ilə ordumuzun və döyüşdə iştirak edəcək könüllülərin sağlamlığının keşiyində durmağa tam hazırdılar".

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Tibb elmləri doktoru bildirib ki, müharibə zamanı hərbi tibbi xidmətin kifayət qədər güclü və peşəkar olması qələbənin elə yarısı deməkdir:

"Əvvəla, insanlara hərbi tibbi xidmət ilə mülki tibbi xidməti səhv salmamağı tövsiyə edirəm. Əsas məsələyə gəlincə, bunu hərbi ekspertlər daha yaxşı bilir və düşünürəm ki, onlar tərəfindən müvafiq yerlərdə təhlillər zamanı da vurğulanmalıdır ki, müharibə dövründə hərbi tibbi xidmətin kifayət qədər güclü və peşəkar olması qələbənin yarısı deməkdir. Düşmən tərəfinin isə bizimki qədər peşəkar və güclü hərbi tibbi xidmətinin olmaması onların bu müharibədə nəinki uduzmağına, eləcə də böyük itkilərlə çıxacağından xəbər verir. Hərbi tibb ekspertləri də dediyimi təsdiqləyə bilər ki, bu gün artıq heç bir ölkə özünün peşəkar hərbi tibb kadrlarını Ermənistana kömək məqsədi ilə göndərməyəcək, çünki o kadrları yetişdirməyə dövlətlər xüsusi diqqətlə illərini sərf edib və indi hiyləgər Ermənistana görə onları ölümə göndərməyəcək. Nəticədə də Ermənistan özünün satqın və məkrli addımları ilə meydanda tək başına və aciz qalacaq ki, bu da uduzmağa məhkum olmaq deməkdir".

"Mən onu da vurğulamaq istəyirəm ki, Azərbaycanın Ermənistandan fərqli olaraq minlərlə vətənpərvər və müasir bilikli gənc mülki həkimləri də var ki, onlar da hazırda gedən döyüşlərdə həm vətənin keşiyində əsgər kimi durmağa, həm də gecə-gündüz ordumuzun sağlamlığının keşiyində durmağa hazırdılar. Bu amilin də Ermənistan tərəfində olmaması və onların səhiyyə xidmətlərinin və kadrlarının Azərbaycandan dəfələrlə çox arxada olması məğlubiyyətlərinin ağır itkilərlə qaçılmaz olduğunu göstərir", tibb elmləri doktoru qeyd edib.

N.Abdullayev vurğulayıb ki, hərbi tibb sahəsində kadr hazırlığı çətin olsa da, şərəfli vəzifədir:

"Hələ 90-cı illərin əvvəllərində müharibələrin təzə başladığı dövrdə hərbi həkim anlayışı o qədər də inkişaf etməmişdi. Elə buna görə də hərbi tibb xidməti sahəsində kadr çatışmazlıqları özünü göstərmişdi. Hərbi tibbi təhsil sisteminin yaradılması Azərbaycan Ordusunda həkim kimi xidmət etmək istəyənlərin sayını artırdı. Elə o vaxtdan bəri bu sahəyə maraq o qədər yüksəldi ki, hazırda Azərbaycan Ordusunda peşəkar həkim heyəti xidmət göstərir. Tam əminliklə deyə bilərəm ki, hətta hərbi tibb sahəsində təqaüddə belə olan kadrlarımız var ki, onların özləri və yetişdirdikləri kadrları dövlətə və vətənə həmişə ləyaqətlə və təmənnasız xidmət ediblər, amma onlar bununla kifayətlənməyib bu gün də ehtiyac olarsa dövlət və vətən yolunda elə eyni ləyaqət və şərəflə xidmət etməyə hazırdılar. Bu da bir daha xalqımızın yüksək vətənpərvərlik ruhundan və qələbənin bizimlə olacağından xəbər verir".

Mənbə: moderator.az