Paşinyan “Rossiya-1” TV-yə müsahibəsində əsas hissəni Türkiyəyə ayırdı – daha bir uğursuz gediş...

Paşinyan “Rossiya-1” TV-yə müsahibəsində əsas hissəni Türkiyəyə ayırdı  – daha bir uğursuz gediş...

Məhərrəm Zülfüqarlı: “Nikol anti-Türkiyə ovqatı yaratmaqdan ötrü çoxsaylı yalan fikir səsləndirdi”

Xəbər verildiyi kimi, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə nəzər salınıb. Ermənistanın Baş naziri Nikol Paşinyan telekanalın canlı efirində müsahibəsinin əsas hissəsini Türkiyəyə qarşı ittihamlar üzərində qurub.

Paşinyan utanmadan bəyan edib ki, Türkiyə Qarabağda hərbi əməliyyatlara aktiv şəkildə cəlb olunub. Guya Türkiyənin hərbi təlimatçıları və yüksək rütbəli hərbçiləri Azərbaycanın komanda məntəqələrindədir: “Bizdə olan mötəbər informasiyaya görə, hərbi təlimatçılar və yüksək vəzifəli hərbçilər indi Azərbaycanın komanda məntəqələrindədirlər və bəzi yerlərdə hətta hərbi əməliyyatlara rəhbərlik edirlər. Türkiyə Suriya ərazisindən muzdluları cəlb edir, onları Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı müharibədə iştirak etmək üçün Azərbaycana aparır”.

Paşinyan israrla bəyan edib ki, Türkiyəni Cənubi Qafqazdan getməyə məcbur etmək lazımdır. Onun sözlərinə görə, beynəlxalq birlik Türkiyənin hərəkətlərini pisləməlidir: “Tələb etmək lazımdır ki, Türkiyə, ümumiyyətlə, bu regiondan çıxsın. Ona görə ki, Türkiyənin Cənubi Qafqazda hərbi iştirakı heç bir yaxşı şey vəd etmir. Bu, münaqişənin daha da genişlənməsinə və bu hərbi əməliyyatların, bu müharibənin miqyasının artmasına gətirib çıxara bilər”.

Göründüyü kimi, jurnalistin verdiyi sualları cavablandırmaqda aciz qalan Paşinyan müsahibəsinin böyük hissəsini Türkiyəni ittiham etməyə yönəldib. Bununla bağlı ağlagəlməz yalanlar uydurub.

Maraqlıdır, sözügedən müsahibədə Paşinyan Türkiyəni xüsusi olaraq ittiham etməkdə nə məqsəd güdürdü?

“Onun müsahibə boyu bu yöndə canfəşanlığı...”

Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, Paşinyan özünəməxsus erməni hiyləgərliyilə bununla Türkiyəni qaralamaq istəyirdi: “Hamımız bilirik ki, Türkiyənin artan nüfuzundan narahat olan müəyyən qüvvələr var. Bu səbəbdən Paşinyan anti-Türkiyə ovqatı yaratmaqdan ötrü çoxsaylı yalan fikir səsləndirdi. Onun müsahibə boyu bu yöndə canfəşanlığı əsasən bununla bağlı idi. Ancaq o, bütün parametrlərə görə zəif olduğu üçün, onun arqumentləri də zəif idi. Bunlar öyrəşiblər ki, tarix boyu ağlaya-ağlaya Türkiyəyə böhtan atsınlar. Paşinyanın çıxışı da bu “missiyanın” tərkib hissəsi idi. Boş-boşuna Türkiyə ünvanına müəyyən böhtanlar atdı ki, bəlkə xristian dünyası buna nəsə bir dəstək olsun. Rusiya Prezidentinin köməkçisi Peskov deyib ki, Türkiyə özü rəsmi elan etməyibsə, o zaman bu ölkənin hər hansı bir prosesdə iştirak etdiyini demək ağılsızlıqdır”.

Ekspert onu da qeyd etdi ki, Paşinyan bu kimi iftiralarla Türkiyənin nüfuzuna kölgə sala bilməz.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com