Separatçı qurumun Şuşada inauqurasiya şousu – Azərbaycan Prezidenti ermənilərin hansı cinayətini beynəlxalq auditoriyaya izah etdi…

Separatçı qurumun Şuşada inauqurasiya şousu – Azərbaycan Prezidenti ermənilərin hansı cinayətini beynəlxalq auditoriyaya izah etdi…

Akif Nağı: “…işğal etdikləri ərazidə tarixi abidələrimizi məhv etməklə…”

Məlum olduğu kimi, sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələr müzakirə edilib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

Prezident İlham Əliyev qeyd edib ki, erməni tərəfi açıq-aşkar, nümayişkəranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir: “Sonra onlar Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Biz təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdik, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər. Üstəlik, daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır”.

Prezidentin qeyd etdiyi kimi, ermənilər Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçiriblər. Bu məsələdə ermənilərin cinayəti nədən ibarətdir?

“Ermənilər Şuşada Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirməklə beynəlxalq və Azərbaycan qanunlarına görə cinayət törədiblər”

Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı bildirdi ki, ermənilər Azərbaycan torpağını işğal etməklə cinayət törədiblər: “Ermənilərin işğal etdikləri ərazidə müəyyən işlər görməsi bütün dünyaya bəllidir. Onlar işğal etdikləri ərazidə yollar çəkir, tarixi abidələrimizi məhv edirlər. Qanunsuz məskunlaşma siyasəti həyata keçirirlər. Ermənilər özlərini həmin ərazinin ağası, sahibi kimi aparırlar. Bütün bunlar isə beynəlxalq normalara və Azərbaycan qanunlarına görə cinayətdir. Təbii ki, ermənilər bu cinayətin cavabını verməlidirlər. Həmçinin, onların ölkəmizi müharibə hazırlıqları ilə hədələməsi də cinayətdir. Azərbaycan Ordusu da onların cinayətinə əks-hücumla cavab verdi”.

Təşkilat sədri onu da vurğuladı ki, ermənilər Şuşada Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirməklə beynəlxalq və Azərbaycan qanunlarına görə cinayət törədiblər. Buna görə də cavab verməlidirlər.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com