Azərbaycanın şəhid adları hələ rəsmi açıqlanmayıb, bəzi şəbəkə fəalları təxribatlara başladı...

Azərbaycanın şəhid adları hələ rəsmi açıqlanmayıb, bəzi şəbəkə fəalları təxribatlara başladı...

Qiymət Məhərrəmli: “Düşmən bizim sosial şəbəkə istifadəçilərinin bütün paylaşımlarını, postlarını xüsusilə izləyir”

İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhəyanı yaşayış məntəqələrini atəşə tutması nəticəsində bir neçə uşaq da daxil olmaqla dinc əhali və hərbi qulluqçular arasında həlak olanlar var. Rəsmi səviyyədə şəhid olan hərbi qulluqçuların adları hələ açıqlanmayıb, lakin sosial şəbəkələrdə, xüsusən də “Facebook” və “Instagram”da şəhidlərin şəkilləri, adları, hansı rayonlardan olduqları paylaşılır. Halbuki, ortada rəsmən təsdiqlənən heç bir ad yoxdur. Buna baxmayaraq, bəzi sosial şəbəkə istifadəçiləri şəkillər paylaşır, şəkillərin altına müxtəlif sözlər yazırlar.

Heç şübhəsiz ki, rəsmi şəkildə təsdiqlənməyən məlumatların bu şəkildə yayılması yolverilməzdir. Sosial şəbəkə istifadəçilərinin bu cür paylaşımlarından düşmən ölkənin xüsusi xidmət orqanlarının təxribat məqsədilə istifadə edəcəyi istisna deyil. Bu halda, bu cür paylaşımların edilməsi doğru deyil.

Hazırda erməni təxrıbatına qarşı cəbhədə əks-hücumlar davam etdirilir və düşmən böyük itki verir. Sentyabrın 27-dən indiyə qədər də düşmənin saysız itkisi olub.

“Sosial şəbəkə istifadəçilərinin şəkil paylaşıb “mənim qohumum, dostum, tanışım şəhid olub” sözlərini yazması erməni təxribatçılarına sui-istifadə imkanları yaradır”

Tanınmış ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, sosial şəbəkə istifadəçiləri bu cür paylaşımlar etməkdən çəkinməlidirlər, onlar bununla özləri də bilmədən düşmənə informasiya verirlər. Q.Məhərrəmli hesab edir ki, xüsusən də şəhid olduğu, yaxud yaralandığı aidiyyəti dövlət qurumları tərəfindən rəsmən təsdiqlənməyən insanların adlarının, şəkillərinin, doğulduqları rayonların sosial şəbəkələrdə paylaşılması düzgün deyil. Ekspert hesab edir ki, bu istiqamətdə tənzimləmələr olmalıdır.

“Mən də neçə gündür ki, sosial şəbəkələrdə bu cür fotolar, təsdiqlənməmiş məlumatlar görürəm. Çox təəssüf edirəm ki, bəzi sosial şəbəkə istifadəçiləri belə paylaşımlar edirlər. Azərbaycan Ordusu düşmən üzərində ardıcıl olaraq qələbə çalmaqda davam edir, könüllü şəkildə cəbhəyə gedib düşmənə qarşı döyüşmək, düşmən təxribatına layiqli cavab vermək arzusunda olan minlərlə gəncimiz var. Bu məsələləri təbliğ etmək lazımdır. Hələ son hadisələrdən bir neçə gün əvvəl ölkəmizin rəsmi qurumları sosial şəbəkə istifadəçilərinə ehtiyatlı, ayıq-sayıq olmağı, düşmənin əlinə onun sui-istifadə edə biləcəyi məlumatlar verməməyi tövsiyə edib. Bilirik ki, bu gün “azərbaycanlı” adı ilə yüzlərlə erməni sosial şəbəkə istifadəçisi bizim əleyhimizə işləyirlər, müxtəlif təxribatlar yayırlar. Bu halda sosial şəbəkə istifadəçilərinin şəkil paylaşıb “mənim qohumum, dostum, tanışım şəhid olub” sözlərini yazması erməni təxribatçılarına sui-istifadə imkanları yaradır. Bunu unutmamalıyıq. Düşmən bizim sosial şəbəkə istifadəçilərinin bütün paylaşımlarını, postlarını xüsusilə izləyir, ona görə də kiminsə şəhid olması ilə bağlı xəbərlər paylaşılmamalıdır. Hesab edirəm ki, bu istiqamətdə həm tənzimlənmələr olmalı, həm də ciddi maarifçilik işləri aparılmalıdır. Sosial şəbəkə istifadəçiləri yalnız dövlət qurumları tərəfindən rəsmən təsdiqlənən məlumatları paylaşmalıdırlar” - deyə Q.Məhərrəmli bildirdi.

Q.Məhərrəmli onu da dedi ki, torpaqlarımızın düşməndən müdafiə edilməsi uğrunda şəhid olan hər bir Vətən övladı bizim əzizimizdir, onların xatirəsinə hamımızın böyük ehtiramı var. Amma rəsmən təsdiqlənməyən məlumatların sosial şəbəkələrdə yayılmasının dayandırılmalı olduğunu deyən ekspertin fikrincə, daha çox ordumuzun uğurları barədə paylaşımlara ehtiyac var.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com