Paşinyanın əsməcəyə düşərək, artıq Qarabağı Azərbaycana verməyə hazırdır - ŞƏRH

Paşinyanın əsməcəyə düşərək, artıq Qarabağı Azərbaycana verməyə hazırdır - ŞƏRH

Azərbaycan Qarabağ münaqişəsində qələbə yürüşünü davam etdirir. Bu qələbə artıq tək hərb yolunda yox, həmçinin sosial şəbəkə platforması üzərindən də görünür. Bunu sosial şəbəkələri monitorinq etdikdə Azərbaycanın virtual zəfərini də aşkar şəkildə görmək mümkündür.

#KarabakhisAzerbaijan #StopArmenianOccupation #StopArmenianAgression #StopArmenia #endoccupation #Armenia #ArmenianAgression və bir sıra digər həştəqlər sosial şəbəkə platformalarını “bəzəyir”.

Paşinyan özünü biabır etməkdə davam edir

Elə ermənilərin özləri də sosial şəbəkələrdə Nikol Paşinyandan narazılığını ifadə edir. Məlum olduğu kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Rusiyanın “Rossiya-1” telekanalında “60 dəqiqə” verilişinə canlı şəkildə qoşulub. İlham Əliyev ayrılmış vaxtda “sual-ittihamları” sakit, əmin şəkildə cavablandırır, yalan xəbərləri bir-bir, məntiqli şəkildə darmadağın edir.

Erməni baş nazir isə ayrılan vaxt ərzində bir az əvvəl İlham Əliyevin cavablandırdığı iftiraları təkrarlayıb, nağılvari hekayələr uydurub. Paşinyanın çıxışı o qədər sönük göründü ki, hətta rusiyalı ekspertlər Azərbaycan prezidenti qarşısında sönük görünməsini, “darmadağın” olmasını qeyd ediblər.

Paşinyanın çıxışı isə erməni publikası tərəfindən ciddi narazılıq və tənqidlə qarşılanıb. Məsələn, Marina Bulqadaryan adlı izləyici Paşinyanın gecə nə işlə məşğul olduğunu bilmədiyini, yorğun və yuxusuz göründüyünü bildirib.

Mkrtçyan adlı birisi Paşinyanın ingilis dili ilə yanaşı rus dili səviyyəsinin də zəif olduğunu vurğulayıb. O, ana dili olan erməni dilində danışmasının doğru olduğunu Paşinyana təklif edib. Bəzi müxalif fikirli istifadəçilər isə Paşinyanın əsməcəyə düşdüyünü, artıq Qarabağı Azərbaycana verməyə hazır olduğunu iddia edir.

Həmçinin Rusiyanın müharibəyə müdaxilə etməməsi erməniləri daha da təşvişə və qorxuya salır, və Ermənistanda anti-Rusiya ritorikasını daha da şiddətləndirir. Məğlubiyyətdə yeganə hədəf kimi isə Paşinyanın göstəriləcəyi artıq indidən hamıya bəllidir. Artıq erməni ictimaiyyəti qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığı üçün Paşinyanı “satqın” adlandırır.

Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Bu faktı isə bəs yerə təkrarlamırıq. Statistika hərbi əməliyyatlarda Azərbaycanın üstünlüyün bariz şəkildə göstərir. Amma üstünlük tək döyüş meydanında deyil, həmçinin beynəlxalq arenada açıq sezilir.

Beynəlxalq yanaşma da Azərbaycanın xeyrinədir

Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba keçirdiyi brifinqdə Azərbaycanın lehinə olan açıqlama ilə çıxış edib: “Dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır. Azərbaycan bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də ardıcıl olaraq onun ərazi bütövlüyünü dəstəkləyirik. Bu prinsip bizim üçün dəyişməz olaraq qalır”.

Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Ali Radanın xalq deputatı Yelizaveta Yasko da münaqişənin nizamlanmasına münasibət bildirib. O, “Facebook” səhifəsində bəyan edib ki, Azərbaycan və Ermənistan arasında münaqişənin hər hansı həlli beynəlxalq hüquq prinsiplərinə, o cümlədən beynəlxalq miqyasda tanınan sərhədlərə hörmət prinsipinə əsaslanmalıdır. O, həmçinin qeyd edib ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

Latviya Seyminin (parlament) deputatı Artus Kayminş isə bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Beynəlxalq hüquq normalarına əsasən, digər dövlətlər kimi Azərbaycanın da ərazi bütövlüyünün toxunulmaz olduğu latviyalı deputat tərəfindən təkrarlanıb.

Qətər Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində həlak olan mülki şəxslərimiz və hərbi qulluqçularımıza görə təəssüfləndiyini bildirib.

Maraqlı çıxışlardan biri isə Suxum Dövlət Universitetinin professoru Quram Marxuliyaya aiddir. Gürcü tarixçi deyib ki, Azərbaycan 30 ilə yaxındır dünya ictimaiyyətindən Ermənistanın işğal etdiyi ərazilərin sülh yolu ilə azad olunması, yüz minlərlə insanın öz doğma evlərinə qaytarılmasını xahiş edir. Lakin nədənsə dünya ictimaiyyəti “kar” olub.

Almaniya Bundestaqında Alman-Cənubi Qafqaz parlament qrupunun sədri, Sosial Demokratlar fraksiyasının üzvü Barbara Hendriksin yerli qəzetlərdən birinə verdiyi müsahibədə “Bu vəziyyətdə beynəlxalq hüququn Azərbaycanın tərəfində olması tamamilə birmənalıdır” cümləsi hüquqi müstəvidə Azərbaycanın haqq yolunda olmasının parlaq göstəricisi kimi qiymətləndirilə bilər.

Almaniyanın “Yaşıllar” Partiyasından olan Avropa Parlamentinin deputatı Sergey Laqodinski “Deutschlandfunk” radiosuna müsahibəsində bildirib ki, Ermənistan güzəştə getməlidir: “Dağlıq Qarabağ heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən müstəqil bir dövlət kimi tanınmır. Hamı onun Azərbaycan ərazisi olduğu ilə razılaşır”.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəlmiş təcavüzü ilə bağlı İndoneziya parlamentinin deputatı Anqqia Erma Rini özünün və təmsil etdiyi Milli Oyanış Partiyası fraksiyasının adından bəyanat yayıb.

Qeyd edilən bu faktlar, istər sosial şəbəkələrdə insanların fikirləri, istər beynəlxalq yanaşma baxımından, istərsə də hərbi baxımdan (məsələn, Tonaşendə yerləşən erməni taborunun şəxsi heyətinin müdafiə mövqelərini tərk edərək qaçması faktı) Azərbaycanın üstünlüyü gözlənilən zəfərin yaxınlarda olacağından xəbər verir.

Səbuhi Musayev

Mənbə: www.oxu.az