QARABAĞ SAVAŞINA DAHA BİR FƏRQLİ BAXIŞ:"Hədəf Tovuz, "Dəmir İpək Yolu" və TANAP-dır" - TƏHLİL

QARABAĞ SAVAŞINA DAHA BİR FƏRQLİ BAXIŞ:"Hədəf Tovuz, "Dəmir İpək Yolu" və TANAP-dır" - TƏHLİL

Ərgün Dilər

“Takvim”, Türkiyə, 30 sentyabr 2020-ci il

 

Hazırda yaşamaqda olduğumuz dövrə öz damğasını vuran pul və müharibədir. COVİD-19, Aralıq dənizi böhranı, Suriya və Qarabağ problemləri, TANAP, TAP, “Türk axını”, “Şimal axını”, “Eastmed”, sui-qəsdlər və terror hadisələri iç-içə qoyularsa, qarşınıza pul çıxacaqdır. Yan-yana qoyularsa da, qarşınıza yenə pul çıxacaqdır.

Baş verən bütün hadisələri anlamaq üçün öncəliklə ABŞ-ın “iqtisadi tomoqrafiya”sını çəkmək lazımdır. Oradakı problem düzgün təhlil edilərsə, “resept” olaraq haraya, necə müdaxilə edəcəklərini, demək olar ki, təxmin etmək olar.

Ən populyar mövzu Çinin ABŞ-a meydan oxumasıdır. Bəli, durum həqiqətən də belədir. Bəs Çini Çin edən, ticarət sahəsində ABŞ-dan üstün mövqeyə çıxmasının yolunu açan nədir? Buradan başlamaqda fayda vardır. Bu, müəyyən olunarsa, Vaşinqtonun haraya, necə təzyiq edəcəyi də ortaya çıxar.

ABŞ dünənə qədər Çinlə ticarətdə verdiyi açığın səbəbi olaraq ədalətli olmayan qaydaları görürdü. Ağ Ev tez-tez qaydaların dəyişməli olduğunu vurğulayırdı. Halbuki durum elə deyildi. ABŞ-la Çin arasındakı ticarət açığının səbəbi Çin deyil, “Apple”, “Nike”, “Levi” kimi qlobal amerikan şirkətləri idi. Onlar çoxdur, saymaqla bitməz. Bu markaların ABŞ-a təklif etdikləri mallar idxalat kimi görünməkdə idi. Bu da ticarət açığının əsas səbəbini təşkil edirdi.

Bir çox iqtisadçı Çin modelini anlamayıb. Çini Çin edən təməl faktor amerikan şirkətlərinin istehsal qabiliyyəti, texnologiyası və iş təcrübəsidir. ABŞ iqtisadiyyatının böyük bir bölümü bəsitcə ABŞ-dan sökülərək Çinə göndərildi. Çinin təxmin ediləndən daha sürətlə irəliləməsinin səbəbi budur. Bu, Çin üçün müsbət yönlü inkişaf olduğu halda, ABŞ üçün mənfi nəticələr verdi. Çünki amerikan şirkətləri Çinə getdikdən sonra orta sinif böyük çətinliklərlə üzbəüz qaldı, satınalma gücü düşdü. Böyümə gerilədi. İş yerləri xaricə daşınan kimi, əyalətlərdə toplanan vergilərin səviyyəsi azalmağa, eyni zamanda sosial xidmətlər sahəsində problemlər yaranmağa başladı. Bu səbəblə, FES “pul kranları”nı açmağa başladı, hər kəs daha çox borca girdi. Yığılan borclar da milli təhlükə miqyasına doğru yüksəlməyə başladı.

Bu daxili problemin həlli üçün edilməli olan ilk həmlə ABŞ şirkətlərinin evə geri dönməsidir. Qloballaşmanın ABŞ-a geri dönüb şəkil dəyişdirərək, yeni bir hərəkət zolağına girməsidir.

Tramp da bunu bildiyi üçün, “Çin mənim yenidən prezident olmağımı istəmir” deyərək hədəfi göstərmişdir. Bu yetməmiş, Çini koronavirusu yayan ölkə olaraq ittiham etmişdir. Təzminat işlərini əlində hazır saxlamışdır. Casusluq, intellektual mülkiyyət oğurluğu və insan hüquqlarını pozmaqda ittiham edərək, sərt formada əzişdirmişdir. Gərginlik daha da artmış, ABŞ Hyustondakı Çin konsulluğunu qapatmış, Çin də geri durmamış, eyni formada cavab vermişdir. Onlar da ABŞ-ın Çendudakı konsulluğunun qapısına qıfıl vurulması haqqında təlimat vermişdir.

Bütün bunların baş verdiyi bir vaxtda FTB-nin direktoru Kristofer Rey çıxıb dedi ki, “Çinin ABŞ maraqlarına yönəlik təhdidləri son 10 ildə böyük sürətlə artdı. Hər 10 saatda bir Çinlə bağlı yeni bir əks-kəşfiyyat təhqiqat işi açılmaqdadır”.

ABŞ qarşı tərəfə ölkəyə geri dönməyi düşünməyən amerikan şirkətlərini, “böyük ağıl” olan İngiltərəni, “İpək yolu”nu və özündən sürətlə uzaqlaşan Türkiyəni də qoyurdu. ABŞ problemi həll etmək üçün müharibə etməyə ehtiyac görmədən, dünyanın hər yerində əməliyyatlar keçirməyə başladı. Bu səbəblə, Türkiyə Liviya, Suriya, Qarabağ, Balkanlar, Sudan və Orta Şərqdə, yəni bir çox yerdə ya birbaşa, ya da dolayısilə ABŞ-la qarşı-qarşıya gəlməyə başladı.

Digər tərəfdən də qarşımıza, Liviya və Suriyada olduğu kimi, Qafqazda da alman-rus yaxınlaşması çıxırdı. O xətdən İngiltərəyə qarşı da təzyiq var idi. Tamam.

Lakin bütövlükdə “İpək yolu”na, Çinə və enerji xətlərinə nəzarət etmək istəyən yalnız bir güc var idi. O da ABŞ idi. NATO-nu NATO-ME-yə, yəni NATO-Orta Şərqə çevirmək istəyən də, Körfəz və ərəb ölkələrini yanına alaraq yürümək istəyən də onlar idi.

Əsas hədəf enerji hövzələrində İngiltərə-Çin ittifaqını baltalamaq, ikinci hədəf isə “İpək yolu”nun dənizdən və ya qurudan keçdiyi hər yerə mənfi toxunuşlar etmək idi. Öz iqtisadiyyatlarını düzəltmək, dolları qorumaq, istehsalı artırmaq imperial güc olaraq davam etmələri üçün şərt idi. Enerjiyə, yəni neft və qaza nəzarət etdikləri halda, Çini də, İngiltərəni də, “İpək yolu”nu da ələ keçirmiş olacaqlardı. Bu, reallaşdığı halda, söz dinləməyəcək bir şirkət də qalmayacaqdı. Dünyadakı durum təqribən belə idi.

İndi gələk Azərbaycana, ermənilərin hücumuna… İyul hücumu əslində işarət idi. O da Tovuzu göstərirdi. Azərbaycanda baxılmalı olan əsil nöqtə oradır. İndi toqquşmalar cənuba doğru yer dəyişsə də, hədəf Tovuzdur. Azərbaycan ordusu, Türkiyənin də verdiyi böyük dəstəklə, Dağlıq Qarabağ ətrafında irəliləyişini davam etdirməkdədir. Ən dik yamacların olduğu bölgədə məsafə qət etmək heç də asan deyildir. Qarşı tərəfin arxasındakı dəstəyi də nəzərə alsaq, türk birliklərinin yürüşünün davam etməsi son dərəcə anlamlıdır. Dik yamacların olduğu Ağdərə və Ağdam bölgələri gərginliyin ən yüksək olduğu yerlərdir. Laçın, Qubadlı və Cəbrayıl kimi yerlər də hesaba daxildir. Azərbaycan türkləri yaxınlarda öz üstünlüklərini buralarda da təmin edəcəklər. Ancaq yenə deyirəm, diqqət edilməli olan nöqtələr buralar deyildir.

Döyüşlər davam edərkən, Gürcüstan sərhəddində Azərbaycan türkləriylə gürcülər arasında münaqişələr, sürtüşmələr başladı. Kəndlər rəsmən bir-birinə girdilər. Bu, yeni baş vermiş hadisədir. Əgər Lavrovu diqqətlə izləsəniz, görərsiniz ki, adam hər an hər şey edə biləcəklərini söyləməkdədir. Döyüşlər cənubda getdiyi halda, rusların bir bəhanə meydana çıxararaq Tovuz bölgəsinə enmə ehtimalı vardır. Hədəf “Dəmir ipək yolu” və Avropaya qaz daşıyan TANAP-dır.

ABŞ-ın məqsədi isə ya öz gücü ilə, ya da qabağa verdiyi güclərlə enerji kiçid nöqtələrinə və nəqlinə nəzarət etməkdir. Bunu heç gizlətmir də.

Türkiyə 15 iyuldakı NATO qaynaqlı çevriliş cəhdindən sonra Vaşinqtonla olan əlaqələrini, demək olar ki, dayandırıb. İngiltərə-Çin ittifaqında yer alacaq Türkiyənin önəmini bilən ABŞ da bu səbəblə tapdığı bütün yollarla ona təzyiq etmək niyyətindədir. Türkiyə üçün birdən çox problem yaradaraq diqqətini dağıtmaq istəməkdədir. Erməni problemi də onlardan biridir.

Ancaq heç kimin yazmadığı əsil məsələ isə bambaşqadır. ABŞ, ya da “Dərin Amerika” Qafqazda ən önə ingilis BP şirkətini qoymuşdur. Sancıların yaranması və yayılmasına da bu prizmadan baxılmalıdır. Gedən savaşın və mübarizənin anlaşılması üçün BP ilə bağlı detalları da yazarıq.

Burada tez-tez yazdığım kimi, savaş dünyanın hər yerində gedir. Türkiyə də ən önəmli, ən kritik ölkə olduğu üçün çəkişmənin mərkəzində yer alır. Hadisələrə belə baxmaqda fayda vardır.

Tərcümə Strateq.az-ındır

Mənbə: strateq.az