Qazaxıstanın Ermənistan sevgisi - Etməyin belə qardaşlar!!!

Qazaxıstanın Ermənistan sevgisi - Etməyin belə qardaşlar!!!

Bu gün dünyanın gözü Azərbaycandadır. Bizi istəyən hər kəs dost dövlətlər, dost ölkələr, tarixi şəxsiyyətlər, beynəlxalq təşkilatlar belə haqq savaşımıza, Müqəddəs davamıza sevinir və hətta siyasi platformalarda bu savaşın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparıldığını xatırladır, Azərbaycanın öz tarixi yurdlarına, torpaqlarına sahib çıxmasını alqışlayırlar. Əfsuslar olsun ki, daha çox dost olduğumuz, daha çox qardaş olduğumuz Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan dövləti və dövlət rəsmiləri və onların beynəlxalq təşkilatlardakı nümayəndələri neçə gündür ki, susmaqla gündəmi yola verir.
Türkiyənin, Ukraynanın, Belorusun mövqeyi bəllidir. Hər zaman haqq savaşımızda bizi dəstəklədilər. Bu gün həmişə olduğu kimi, qardaş Özbəkistan, qardaş Qazaxıstan, qardaş Türkmənstan, qardaş Qırğızıstan, Tacikistandan olan, bu məmləkətlərdə yaşayan xalq, ictimai xadimlər, dostlar, jurnalistlər, politoloqlar dayanmadan həmin ölkələrdəki Azərbaycan səfirliklərinə gedir, bizə zəng edir, məktub yazaraq öz narahatlıqlarını və sevinclərini bölüşürlər. Narahatdırlar ona görə ki, savaş şəhidsiz, qansız-qadasız olmur. Sevinirlər ona görə ki, 30 ilə yaxın bir müddətdən sonra, axır ki, Azərbaycan dövləti qəti qərar verərək, tarixi torpaqlarına sahib çıxmaq üçün qətiyyətlə döyüşə başlayıb. Tarixi məqam yetişib.

Mərkəzi Asiya respublikalarında yaşayan dostlarımın münasibətini yazmaq üçün Qazaxıstana zəng etdiyimdə, əziz bir qazax dostum nigarançılığını bildirdi:

“Bacı, biz Azərbaycandan xəbər tuta bilmirik”.

Dedi ki, türk yurdunda baş verənlərdən bixəbərdi, Qazqxıstanda Azərbaycan saytlarına giriş məhdudlaşdırılıb. Ölkədə yayılan informasiyalardan belə məlum olub ki, “Azərbaycan Ermənistanla sərhəddə müharibəyə başlayıb”. Dostum bu xəbəri çox əsəbi halda söyləyərək əlavə etdi ki, bəzi adamlara başa salmaq üçün nə qədər vaxt sərf edirlər ki, Azərbaycan döyüşü öz tarixi torpaqlarında ona görə aparır ki, doğma yurdları təcavüzkarlardan təmizləsin.
Daha sonra bir neçə azərbaycanlı dostumla söhbətləşdim. Onların əksəriyyəti erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlardan didərgin düşmüş azərbaycanlılardır. Gedib Qazaxıstanı özlərinə ikinci Vətən seçiblər. Lakin bu gün Pandemiya səbəbindən Vətən Azərbaycana gələ bilmədikləri üçün çox narahatdırlar. Onların iarasında nə qədər Qarabağ döyüşçüsü, Qarabağ qazisi var.

Belə fikirləşmək olardı ki, bu gün dost ölkələrdəki dövlət televiziyaları Qarabağ döyüşünün iştirakçılarını, qaçqınları öz efirlərində işıqlandırmaqla, əsl həqiqəti ictimaiyyətə çatdıracaqlar. Lakin Qazaxıstanda bu gün baş verir? 2016-cı ilin aprelində Azərbaycan erməni təxribatının qarşısını alarkən, ölkəmizdə 4 günlük savaş getdi. O savaşda da biz qalib gəlmişdik. Həmin savaş günlərində Azərbaycanın Qazaxıstandakı Səfirliyi hərbi komendaturaya bənzəyirdi. O zaman bütün doğru və dəqiq informasiyalar bizim səfirliyimizdən Mərkəzi Asiya ölkələrinə yayılırdı. İndi məqamı gəldiyindən həmin günlərdə baş verən bir hadisəni xatırlamaq istəyirəm. Bu məqam mənim “Qalibiyyət: şahidlər və şəhidlər” kitabımın I hissəsində da yer alıb.

...İş o yerə çatmışdı ki, ermənilər hətta sosial şəbəkələrdə qardaş Qazaxıstan xalqının Azərbaycanı dəstəkləməsindən narahatlıqlarını bildirir və fikirlərini belə izhar edirdilər: “Sosial şəbəkələrdə bütün qazax seqmenti “türk qardaşları” azərbaycanlıların tərəfini tuturlar. Hətta dəliqanlı qazaxların bir çoxu öz həmyerlilərini Qazaxıstandakı Azərbaycan səfirliyinə getməyə və könüllü kimi Azərbaycanda vuruşmağa çağırırlar...”. Ən təəcüblüsü isə ermənilərin Qazaxıstanın o vaxtkı Prezidenti Nursultan Nazarbayevi günahlandırmaları idi. Bu iradlarını Qazaxıstanın Ermənistandakı səfiri cənab Timur Urazayevə bildirəndə isə o, peşəkar bir diplomat kimi belə cavab vermişdi: “Bizim ölkənin prezidenti Azərbaycan, Türkiyə və ya Ermənistanın prezidenti ilə görüşəndə hər birinin əlini sıxır, bu o demək deyil ki, onların arasında kiməsə fərq qoyur. Biz bütün ölkələrlə normal münasibətlərdəyik... Bütün prezidentlər ilk növbədə öz addımlarını xalqının maraqları naminə atır. Biz də bütün ölkələrlə münasibətlərimizi bərabər səviyyədə saxlayırıq”.
Səfirin bu bəyanatından sonra isə ermənilər adını verdikləri qədim türk kəndi olan Ariçdən türk oğlu Nursultan Nazarbayevin xatirə lövhəsini çıxarıb atmışdılar. Ermənilərə xas olan bu tərbiyəsizliyi də çox sakit qarşılayan Qazaxıstan Respublikasının səfiri cənab Timur Urazayev onlara belə cavab vermişdi: “...sizin tərəfinizdən atılan bu addımı müdrik adlandırmaq olmaz. Biz bu məsələyə görə heç narahat da deyilik. Çünki biz sizdən heç vaxt xahiş etməmişdik ki, küçənizə Nazarbayevin adını verəsiniz...”.

Bəs görəsən indi rəsmi Qazaxıstanda nə baş verir? Rəsmi Qazaxıstanın aidiyyatı dövlət qurumlarının verdiyi bəyanatda Azərbaycana atəşi dayandırmaqla , ATƏT PA-nın Minsk formatında hərəkət etməyi məsləhət görürülər. Tərəfləri atəşkəsə çağıraraq, qeyd edirlər ki, sülh danışıqları aparmalıyıq. O çağırışın içərisində Azərbaycanın ərazi bütövlüyü, öz torpaqları üzərində suverenliyi, işğalçı ordunun Azərbaycandan çıxarılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə müddəaları göstərilməyiblər.

Rəsmi Astana ATƏT PA-ya 2010-cu ildə sədirlik edərkən, Azərbaycanın ərazilərinin işğaldan azad olunması məsləsi də gündəmə gətirildi. Müzakirə olundu. Dekabr ayının 2-dən 3-nə keçən gecə rəsmi Astanada ATƏT-in DEKLORASİYAsı qəbul edilərkən BÖYÜK Nursultan Nazarbayev son sessiyann bağlanış törənini səhər saat 5-ə qədər ləngitdi ki, Azərbaycanın ərazi bütövlüyü üçün sənəd qəbul etdirsin. Həmin DEKLARASİyada münaqişə bölgəsi olan Gürcüstanın xeyrinə sənəd qəbul edildi, Azərbaycanın tələbləri yenə də baxılmamış qaldı. O vaxtdan 10 il keçir. Yenə də ATƏT-in Minsk qrupunun həmsdərləri bölgəyə səfər edib, erməni konyakı içməklə, Azərbaycan kababı yeməklə görüşləri başa vurur, sonra da üçü bir-birinə göz vurmaqla işlərini bitmiş hesab edirlər. Bizə tövsiyə etdiyiniz ATƏT-in Minsk qrupu bundan sonra nə edəcək ki?

Məgər bilmirsinizmi ki, bu gün atəşkəsin qəbul olunması, sülh danışıqlarına çağırışların edilməsi erməni separatçılarının istədiyidir. Erməni istəyir ki, uzun illər danışıqlar aparılsın. Status-kvo bu günə olan vəziyyətdə saxlanılsın. Azərbaycan yenə də 1 milyon qaçqın-köçkünün problemi ilə baş-başa qalsın. Münaqişənin daha 30 il də uzadılması erməninin marağındadır. Niyə unudursunuz ki, BMT TŞ-nın Qətnaməsində qeyd olunduğu kimi işğalçı Ermənistan qeyri -şərtsiz təcavüzkar ordusunu Azərbaycan ərazilərindən çıxarılmalıdır. Qazaxıstanın yeni hakimiyyəti nədən münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəmir?

Məgər biz dost və qardaş deyilikmi? Məgər Beynəlxalq hüququ bilmirsiniz?

Qardaş Qazaxıstandakı qısa zaman çərçivəsində olan hakimiyyət dəyişikliyindən sonra siyasi səviyyədə nə baş verir görəsən?

Bu gün siyasi hakimiyyətin başçısı olan cənab Kasım Jomart Tokayevi mən çox gözəl xatırlayıram. Onunla bir neçə dəfə görüşüb Azərbaycan Televiziyası üçün müsahibələr almışam. Özü də bizim televiziyamıza müsahibələri hər zaman böyük məmnunluqla verib. Cənab Tokayevlə yazdığım müsahibələrin ilki Qazaxıstan ATƏT PA-ya sədirlik etməyə başlayan dönəmdə oldu. Azərbaycan Dövlət Televiziyası üçün aldığım müsahibədə “Qazaxıstan ATƏT PA-ya sədirlik etdiyi müddətdə Qarabağ münaqişəsi həll oluna bilərmi” sualını verdikdə, Tokayev demişdi ki, “Qarabağ Azərbaycanın torpağıdır. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin olunması üçün bütün imkanlar nəzərdən keçiriləcək”.

Bu gün nə baş verir? Bu gün Azərbaycan xəbərlərinə qapısı bağlanan Qazaxıstan kütləvi informasiya vasitələrində rəsmi şəkildə düşmən tərəfin feyk informasiyaları tirajlanır. Yenə də vurğulayıram ki, Qazaxıstan xalqı, politoloqlar, bizim dostlarımız, jurnalistlər, türk tarixinin biliciləri haqqın-ədalətin tərəfindədir. Onların hamısı Azərbaycanın Qazaxıstandakı səfirliyinin qapısını ərklə döyərək, bizim yanımızda olduqlarını qeyd edirlər. Öz vətənlərində dolğun informasiya verilmədiyindən, fikirlərini, mövqelərini Qazaxıstanda yaya bilmədiklərindən, bunu Azərbaycan, Türkiyə, Ukrayna kütləvi İnformasiya vasitələrilə bölüşürlər. Bu da əhali arasında, hətta qazaxların və Qazaxıstanda yaşayan çoxsaylı xalqların arasında haqlı narazılıq yaradır. Bu rəsmi hakimiyyətə lazımdırmı? Bəlkə elə fikirləşirsiniz ki, belə etməklə Azərbaycan və erməni diasporunun arasında təhlükəsizlik tədbirləri görmüş olursunuz?! Mən bütün şüurum və təəfəkkürümlə, ruhum və cismimlə, tam əminliklə deyə bilərəm ki, Qazaxsıtanda yaşayan bütün azərbaycanlı soydaşlarımız bu ölkədəki Azərbaycan Səfirliyinin sərgilədiyi yüksək mədəniyyət, dövlətə sadiqlik qaydalarına əməl edirlər. Onlar Qazaxıstanda sabitliyin keşiyində dayanan vətəndaşlardır. Lazım gələndə Qazaxıstan üçün də canlarından keçməyi bacaranlardırlar.
Qazaxıstan rəsmiləri! Fikriniz münaqişə yaradan, qazaxlara qarşı qanlı hadisələr törədən Mirzoyanın nəvələrinə getməsin. Həmin Mirzoyan ki, repressiya illərində Qazaxıstanın bütün görkəmli şəxsiyyətlərini məhv etmişdi. Bu gün də məqam düşən kimi, öz çirkin niyyətlərini həyata keçirəcəklər.

Görəsən Nazarbayevdən sonrakı dövrdə Azərbaycanqa qarşı bu münasibətin səbəbi nədir? Məgər bilmirsiniz ki, hakimiyyətlər gəldi-gedərdi, xalqların dostluğu isə əbədidir...

Azərbaycan-Qazaxıstan dostluğunun kökü çox dərinlərdədir. Bizim sazımız-sözümüz birdir. Bizim havamız-ruhumuz birdir. Bu dostluq, bu sevgi, bu bağlılıq daha sonralar Heydər Əliyev –Nursultan Nazarbayev münasibətlərində, Nursultan Nazarbayev- İlham Əliyev münasibətlərində daha da möhkəmləndi. Bütün türk dünyasının fəxri, vüqarı olan Elbası Nursultan Nazarbayev Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşəndə onun boynunu həm dostunun oğlu kimi, həm də öz oğlu kimi qucaqlayır. Türk dünyasının tanınmış şəxsiyyəti Heydər Əliyev BTC layihəsini Nursulatn Nazarbayevlə birlikdə ona görə imzaladı ki, Türkdilli ölkələr inkişaf etsin. Bu inkişafın nəticəsi göz qabağındadır. BTC-nin keçdiyi marşrutların üzərində olan ölkələrin uğurunu saymaqla bitməz.

Böyük Nursultan Nazarbayev hakimiyyətdə olduğu illərdə hər zaman Azərbaycanın haqq işinin yanında oldu. 1990-cı ildə 20 yanvar qırğını baş verəndə Azərbaycana gələn ilk dövlət başçısı oldu. Qazaxıstan kimi bir dövləti əlifbasından yaradan, bu dövlətin milli kimliyini və dəyərlərini özünə qaytaran, bütün dövlətlər arasında gözəl münasibətlər quran, öz sərhədlərini ancaq dostluq üçün genişləndirən, əvvəlcə öz ölkəsinə Elbası seçilən, 2019-cu ildə Türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən, Bakı şəhərində keçirilən Türk Şurası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu alan Nursultan Nazarbayevin fikir və ideyalarını türkün düşməni olan daşnaklara necə qurban verə bilirsiniz?

Azərbaycan hələ ki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədirliyini həyata keçirir. Ötən ilin payızında Şuranın iclasında Qazaxıstanın Birinci prezidenti Nursultan Nazarbayev də, Azərbaycan prezidenti İlham Əliyev də öz çıxışlarında Azərbaycanın Türk dünyasına verdiyi töhfələrdən danışmışdılar. Və Türk birliyinin yaranması üçün bütün platformaların Azərbaycandan başlanmasını da tarixi qanunauyğunluq saymışdılar. Qazaxıstanda və bütün dünyada türkçülük elmi ilə məşğul olan, türk tarixini araşdıranlar bilirlər ki, Azərbaycan bir türkün yox, bütün türk dünyasının Vətənidir. Nəyə görə əcdadlarımızın yaradıb bizə yadigar qoyduqlarından imtina etməliyik?! Azərbaycanda çox etnoslar yaşayıb. Onlar Altaydan, Uzaq Şərqdən buraya dəmir dövründə, tunc dövründə gəlibdirlər. O qədər miqrasiyalar olub ki, tarixin miqrasiyaları onları bir yerdə yığıb, qarışdırıb, ayırıb. Nursultan Nazarbayev də Qazaxıstan öz müstəqilliyini, suverenliyini əldə edəndən sonra yüksəlişin əsasının türkülüyümüzdə, türk birliyimzdə olduğunu isbat etdi. Və türkçülük ideyalarına söykənərək Qazaxıstan səmasında dalğalanan Göy bayrağın üzərində günəşi və güclü qartalı əks etdirdi.

İndi Azərbaycan haqqında həqiqətlərin ölkə səviyyəsində (Qazaxıstan həm də mənim vətənimdir) yayılmağına mane olanlar məgər bilmirlərmi ki, onlar əslində Nursultan Nazarbayevin Türk Birliyi arzularına qarşı çıxırlar?

Böyük Nazarbayevi ermənilər və erməni dövləti həmin Sarkisyan, həmin Paşinyan hakimiyyəti dövründə dəfələrlə təhqir etməyə belə özlərində cürət tapdılar. Bu gün Böyük Türk oğlu Nazarbayevə həqarət edə bilən bir terrorçu dövlətin başını tumarlamaq, onun yalanlarına inanmaq nə deməkdir?!

Unutmayın ki, sonra Türkün ulu tarixi bunu bizə bağışlamaz. Bu gün Qazaxıstanda doğulan, yaşayan, böyüyən hər kəs zamanın tələbinə uyğun, türk tarixindən bu günümüzdə boynumuza düşən öhdəçiliyə uyğun hərəkət etməlidir. Nazarbayevin yolu—Türk Birliyi yoludur. Çünki Türk haradadırsa, orada ƏDALƏT var, HAQQ var.

Əfsuslar olsun ki, son aylardakı müşahidələrimdən belə nəticəyə gəlirəm ki, bu gün Qazaxıstanın dövlət hakimiyyətində olan adamların əksəriyyəti türkçülükdən anlamırlar. Hətta Nazarbayevin davamçıları belə olmaq istəmirlər. Rəsmi Qazaxıstan bu gün Nursultan Nazarbayevin düşüncəsinə, fəlsəfəsinə, ruhuna uyğun olmayan bir siyasəti həyata keçirir. Qazaxıstanda bu gün 140-dan artıq millətin nümayəndəsi Nursultan Nazarbayevin qurduğu Şanırak altında yaşayır. Rəsmi Qazaxıstan Ermənistandakı Qazaxıstan səfirliyindən soruşa bilər ki, bu gün Ermənistanda hansı etnik xalqlar və nümayəndələr yaşayır? 1918-ci ilin 27 may tarixindən sonra İrəvandan Ermənistana çevrilən qondarma dövlətdə neçə azərbaycanlı və ya qazax ailəsi yaşayır? Cavab çox cılız olacaq. Terrorçu bir dövlətlə sülhsevər bir dövlətin bu qədər qarşılıqlı maraqda olması faydalı nəticələr verməz.

Yeri gəlmişkən, BÖYÜK Nursultan Nazarbayevin bir jestini də xatırlayım: İllərlə Avrasiya İstisadi Birliyinə üzv olmaq istəyən Ermənistanın arzuları ötən illərdə gerçəkləşdi. Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin iclasında Ermənistanın qarşısına belə bir şərt qoydu:

“Ermənistan bu birliyə yalnız Qarabağ olmadan qəbul ediləcək”. Belə də oldu. Çünki o tarixi şəxsiyyət türk tarixini gözəl bilir. Çünki özü 2010-cu ildə Naxçıvan şəhərindəki Türk Şurasının Zirvə görüşündə Türkdilli Ölkələrin Beynəlxalq Akademiyasının yaranması təklifini də Azərbaycan torpağında vermişdi. Ağsaqqalımız, Türkçülüyümüzün yol göstərəni, BİLGƏmiz Nursultan Nazarbayev heç vaxt Azərbaycanın maraqlarını kimsəyə satmayıb. Zatən, xarakterində satqınlıq yoxdur. Elə ona görə də ötən il may ayının 29-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri Nursultan Nazarbayevin şərəfinə təsis edilən “Nazarbayev” ordeni bütün iştirakçı dövlətlərin dövlət başçılarına verilsə də, Ermənistanın baş naziri Nikol Paşinyana verilmədi. O bilir ki, onun ordenini bir terrorçu dövlətin rəhbəri daşıya bilməz.

Bilmirəm hazırkı dövrdə rəsmi Qazaxıstana bizim həqiqətlərimizin dili ilə danışmağa nə mane olur? Bəlkə Qazaxıstan prezidenti Kasım Jomart Tokayevə bizim xəbərləri kimsə düzgün çatdırmır?! Elə isə həmin xəbərlərin qısa icmalını Azərbaycanın Ali Baş Komandanı, Nursultan Nazarbayevin yaxın dostu, elə Nursultan Nazarbayev kimi öz qətiyyəti ilə adını türk XAQANları sırasına yazdıran İlham Əliyevin öz sözləri ilə bir daha çatdırmaq istəyirəm:

"Erməni xalqına üzümü tutub demək istəyirəm ki, onlar öz rəhbərliklərinin çirkin əməllərinin girovlarına çevrilməsinlər. Bu gün onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpaqlarında?! Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib. Bir neçə yaşayış məntəqəsini işğalçıdan azad edib. Biz uzun fasilədən sonra bu torpaqlara qayıtmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik, erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, bir milyondan çox insanı öz doğma yurd-yuvasından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik. Qarabağ bizim doğma, əzəli tarixi torpağımızdır .Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin”.

Eşitdiklərinə, gördüklərimə inanmaq istəmirəm. Ey bizi unutmaq istəyən Qazaxıstan rəsmiləri! Türk yurdunun Göy səmasından uçüb Ermənistana gedən təyyarələrdə daşınan silahlar burada , Qarabağda vətənini düşməndən azad etmək üçün döyüşən Azərbaycan əsgərinin başına yağır. Etməyin belə!!! Qazaxıstan torpağında, o Müqəddəs yerlərdə yatan ruhların divanı ağır olacaq. O ruhların divanından qorxun barı.

Aida Eyvazlı GÖYTÜRK

Mənbə: modern.az