Bu da nokaut...

Bu da nokaut...

Azərbaycan lideri bütün nöqtələri susdurdu

Paşinyanın cavabı bundan artıq verilə bilməzdi

Ölkə rəhbəri canlı efirdə Rusiya ictimaiyyətinə müraciət edərək, onların informasiya sahəsindəki bütün ehtiyaclarını artıqlaması ilə ödədi

Tərəflər arasında informasiya müharibəsinin getdiyi bir dövrdə dünyanın az qala bütün KİV və media resursları regiondan ən son xəbərləri verməkdə davam edir. Beynəlxalq aləmin maksimum diqqətinin bu müharibədə olması, həm də hazırda dünyada ən ağır döyüşlərin getdiyi tək bölgənin məhz Cənubi Qafqaz olması ilə də bağlıdır. Çıxılmaz duruma düşən Ermənistan mediası və hökuməti artıq bir neçə gündür ki, Cənubi Qafqazda baş verənlərdə Türkiyəni ittiham etməklə Rusiya və KTMT-ni İrəvanın yanında yer almağa sövq etmək istəyir. Lakin düşmənin bu istiqamətdə cəhdləri də uğursuzluqla nəticələnir.

 

Sentyabrın 29-da Rusiyanın “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibə verən Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm fikirləri ilə növbəti dəfə özünü biabır etdi. Prezident İlham Əliyev isə çox tutarlı və sərrast cavablarla “Rossiya 1”-in “60 dəqiqə” proqramında Nikol Paşinyanın bütün yalanlarını ifşa edərək, onun Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etməklə məqsədlərinin nə olduğunu ifşa etdi. Dövlət başçısı düşmənin dezinformasiya yaydığını isbatladı.

Ölkə rəhbəri bəyan etdi ki, Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var: “Mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur.

Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin. Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir”.

 

 

Aparıcının F-16 qırıcısının Ermənistana məxsus Su-25 təyyarəsini vurduğuna dair sualına cavab verən Prezident bildirib ki, bu gün müasir texnologiyaları nəzərə alsaq, nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır:

“Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaqdır. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

 

Gün ərzində hər iki çıxışı müqayisə edən rusiyalı ekspertlər Prezident İlham Əliyevin yüksək hazırlıqlı olduğunu xüsusilə vurğulayaraq dövlət başçımızın çıxışını yüksək qiymətləndiriblər.

Nikol Paşinyanın isə rabitəsiz və heç bir əsası olmayan ittiham dolu çıxışı o qədər zəif təsir bağışlayıb ki, hətta rusiyalı ermənipərəst ekspertlər belə onun Azərbaycan Prezidenti qarşısında sönük göründüyünü, “darmadağın” olduğunu etiraf ediblər. Yəni Paşinyan növbəti dəfə Azərbaycan Prezidentinə məğlub olaraq aciz duruma düşüb. Ordusu cəbhədə uduzduğu kimi.

Dövlət başçısının Rusiya televiziyasına müsahibəsini “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, erməni hökuməti xeyli vaxtdır müharibəyə hazırlıq görürdü. Analitikin sözlərinə görə, Paşinyan bütün uğursuzluqları hərbi əməliyyatların ayağına yazmaq istəyirdi: “Real və sarsıdıcı savaş Ermənistanı ciddi təşvişə salıb. Ermənilər hərbi, siyasi və informasiya sahəsində çox dərin boşluqlar olduğunu görürlər. Məhz bu boşluqları doldurmaq, daxili auditoriyanın panikasını nisbətən azaltmaq üçün uydurma xəbərlər yaymaqla məşğul olurlar. Şübhəsiz, bir sıra xarici ölkələr erməni lobbisinin təsiri ilə buna dəstək verirlər. Bu baxımdan dövlət başçısı İlham Əliyevin “Rossiya 1” kanalına müsahibəsi son dərəcə vacib və yerində idi. Ölkə rəhbəri aparıcının suallarına verdiyi mükəmməl cavablarla bütün prosesin xasiyyətnaməsini açıqladı, baş verənlərə siyasi və hüquqi qiymət verdi. Bəlli oldu ki, Azərbaycan öz haqqını əldə etmək uğrunda və öz torpaqlarında hərbi əməliyyatlar həyata keçirir. Məlumdur ki, uzun müddət beynəlxalq aləmdə haqq səsimizə hay verənlərin sayı çox az idi. Bir çox təşkilatlar, institutlar prosesə laqeydlik nümayiş etdirir, işğalçı ilə işğala məruz qalmış tərəflər arasında fərq qoymurdular. Lakin son dövrlər, xüsusən ölkə Prezidentinin həyata keçirdiyi siyasət, atdığı addımlar, beynəlxalq tribunalarda çıxışları sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna irəliləyiş baş verdi. Ölkə rəhbəri canlı efirdə Rusiya ictimaiyyətinə müraciət edərək, onların informasiya sahəsindəki bütün ehtiyaclarını artıqlaması ilə ödədi. Həmçinin Paşinyan hökumətinin vəhşi və terrorçu mahiyyətə malik siyasətini bir daha ifşa etdi. Bildirdi ki, Azərbaycan tərəfi belə yanaşma ilə qətiyyən barışmayacaq”.

Politoloq vurğulayıb ki, Prezident Türkiyə ilə bağlı əsassız iddialara da cavab verdi və bildirdi ki, qardaş Türkiyə bizim ən yaxın müttəfiqimiz və dəstəkçimizdir: “Heç bir ölkə münasibətlərimizə müdaxilə edə bilməz. Azərbaycan Ordusu kifayət qədər güclüdür və Silahlı Qüvvələrimizin gücünü 4 gün ərzində düşmən tərəf çox gözəl anladı. Ordumuzun kənar qüvvələrin hərbi dəstəyinə ehtiyacı yoxdur və özümüz düşmənin dərsini verməyə qadirik. Uzun illərdir, Ordumuzun maddi-texniki təminatını gücləndirmişik və ən müasir silah-sursatla təmin etmişik. İndi də bunun bəhrəsini görürük”.

Mənbə: sherg.az