"Erməni əsgərində heç bir ruh qalmayıb"

"Erməni əsgərində heç bir ruh qalmayıb"

Sinan Oğan: "Azərbaycan əsgərində isə silah, nüfuz, inanc üstünlüyü var"

"Azərbaycan Ordusu öz torpaqlarını azad edəcək, buna şübhə yoxdur"

Azərbaycan haqq davasında qardaş Türkiyəni daim yanında gördü. Azərbaycan Ordusunun döyüş meydanında zəfər çaldığı, mənfur qonşularımızın işğal etdiyi yurd yerlərimizi bircə-bircə geri aldığı bu günlərdə Türkiyəmiz yenə yanımızdadır və bizə mənəvi güc verir. Ermənistanın havadarlarını qızdıran da budur. Ancaq zaman kökündən dəyişib. Və zaman artıq Azərbaycanın xeyrinədir. Döyüş meydanında əldə edilən zəfərlər də bunu təsdiq edir. Hadisələrin sonrakı gedişatı necə olacaq? Regiona can atan dövlətlər hansı mövqeyi sərgiləyəcək

Türkiyəli siyasi şərhçi, Azərbaycana həssaslığı ilə seçilən Sinan Oğan sonrakı mərhələ haqqında fikirlərini “Şərq”lə bölüşdü.

- Sinan bəy, Azərbaycanın əks-hücum əməliyyatlarını izləyirsiniz, şübhəsiz. Gördüyünüz mənzərə barədə fikirlərinizi bilmək istərdik.

- Çox şükür, Azərbaycan əsgəri zəfər çalmaqdadı. Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ətraf 7 rayonun işğaldan azad edilməsini illərdir sülh yoluyla çözməyə çalışdı. Eyni zamanda gözlənilən savaşa da hazırlıq gördü. Azərbaycan sülh istəyən tərəf olduğunu dünyaya hər zaman göstərib. Ermənistan isə ancaq zorda qalınca deyir, barış istəyirik. İndi Azərbaycan əsgəri cəbhədə tarix yazır. Azərbaycan diplomatiyası da cənab cümhurbaşqanı, Ali Baş Komandan İlham Əliyev və kadrlarıyla hər sahədə mücadilə edirlər. Qalır, üçüncü tərəf – bu da vətəndaşlardı. Vətəndaşların üzərinə düşən informasiya savaşını qazanmaqdı. Bunu qazanmaq məcburiyyətindədir. Xarici dillərdə həqiqətləri dünyaya çatdırmaq mütləqdir.

- Ermənilərin mülki əhalini və mülki obyektləri hədəf almasından da xəbərdarsınız, yəqin.

- Əlbəttə. Ermənistan tarix boyu etdiklərini indi də edir. Bir də öz etdiklərini Azərbaycanın adına çıxmağa çalışır. Döyüş əməliyyatlarından, zərbələr endirilmiş mülki obyektlərdən fotolar paylaşır və deyirlər, bunu Azərbaycan bombaladı. Bu, bir informasiya savaşıdır. Ermənilərin Kim Kardaşyan kimi tanınan isimləri ciddi təbliğat aparır. Baxın, biz bir millət, iki dövlət deyirik, doğru, amma bir millətin iki dövləti ola bilər, yalnız bir millətin iki diasporası olmamalı.

Bir millətin tək bir diasporası olmalı, tək diaspora kimi çalışmalı və informasiya savaşını qazanmalıdır. Erməni əsgərində heç bir ruh halı qalmayıb. Azərbaycan əsgəri isə baxın nə qədər üstünlüyə malikdir; silah üstünlüyü, nüfuz üstünlüyü, ən önəmlisi inanc üstünlüyü! İnanan əsgərin qarşısında heç bir güc dayana bilməz. Azərbaycan əsgəri qarşısındakı məqsədə - amaca inanır, ordusuna inanır, Ali Baş Komandanına inanır.

- Bir söz var deyirlər, evdə doğma divarlar kömək edir. Bunu adətən idman yarışlarında səsləndirirlər. Komanda öz evində - Vətəndə yarışırsa, qələbənin yarısı əldə edilib. Bizim əsgərlər də, Prezidentimizin dediyi kimi, öz torpağında vuruşur, Vətən torpağından güc alır, əsgərlərimiz...

- Tamamilə doğru. Bir də qələbənin təminatı millətin orduya dönüşməsidi. Azərbaycan xalqı, əsgərindən mülki əhalisinə qədər bütöv orduya dönüşüb artıq.

- Sinan bəy, proseslərin gedişatı necə olacaq sizcə?

- Bundan sonrakı mərhələdə əlbəttə ki, Azərbaycana basqılar yoğunlaşacaq. Azərbaycan Ordusu öz torpaqlarını azad edəcək, buna şübhə yoxdur. Amma unutmayaq ki, Ermənistanın havadarları var. Nə qədər Rusiya ilə Paşinyan arasında soyuqluq olsa da, ikincinin Qərbyönümlü kurs almasından dolayı, Rusiya, BMT Təhlükəsizlik Şurasının 5 əsas üzvündən biridir. ATƏT-in Minsk Qrupunda olanlar da həmçinin. Azərbaycana basqı yapacaqlar. Azərbaycan köks gərəcək, bu bəlli.

Ermənistanın əlində heç bir haqlı dəlil yoxdu. Paşinyan deyir ki, Türkiyə kömək etməsə, Azərbaycanı yenərdik. Bununla Türkiyəni də savaşa çəkmək istəyir. Türkiyəni suçlamağa cəhd edir. Amma Azərbaycan cümhurbaşqanı nə dedi? Dedi ki, Türkiyənin bizə yalnız mənəvi dəstəyi var. Türkiyənin Azərbaycanın yanında olması qədər başqa təbii bir şey ola bilməz, qardaşıq. Bunlar hamımızın xoşuna gəlir, amma biz düşmənin əlinə bizə qarşı istifadə edə biləcəkləri əsas, sübut verməməliyik.

- Sinan bəy, özünüz dediniz ki, Ermənistanın arxaları var. Türkiyə də bizim arxa-dayağımızdı.

- Orası, təbii elədir. Əlbəttə, bunları söyləyəcəyik. Amma nəyə diqqət etməliyik; Azərbaycanı 2 məsələdə suçlamaq istəyirlər. Biri, guya ki, Azərbaycanın Suriyadan muzdlu əsgər gətirməsi, bir də Türkiyənin köməyi. Sayın İlham Əliyev hər iki dəlili heçə endirdi, dedi ki, Azərbaycan 10 milyonluq xalqdı, bizim kənardan əsgər gətirməyə ehtiyacımız yoxdur, Türkiyə isə bizə mənəvi dəstək verir.

Azərbaycanın öz gücü, öz ağlı, öz siyasəti var. Bir məsələni xatırladım, Fransa Parlamenti qondarma erməni soyqırımı ilə bağlı Türkiyəyə qarşı qərar çıxardığı zaman biz Türkiyə-Azərbaycan dostluq qrupunun üzvləri cümhurbaşqanı İlham Əliyevlə görüşmüşdük. Görüşdə sayın İlham Əliyev Azərbaycanın bu məsələdə Türkiyəyə tam dəstək verdiyini, görülən işləri, nələr edilir, bir-bir dedi.

Biz təəccüb etdik və dedik ki, hər şeyi etmisiniz, bəs, niyə bunlardan xəbərimiz olmayıb? Prezident söylədi ki, qardaşın qardaşa köməyinin reklamı olmaz!

Mənbə: sherg.az