Paşinyan, bu dəfə alınmayacaq! - “Dünya hər şeyi yaxşı görür !”

Paşinyan, bu dəfə alınmayacaq! - “Dünya hər şeyi yaxşı görür !”

“Ermənistan tez-tez Türkiyə faktorunu vurğulamaqla Kremli qıcıqlandırmaq istəyir”

“Baş nazir rəsmi Moskvaya xəyanət etsə də, ondan dəstək gözləyir”

“Türkiyənin xarici işlər naziri də dəfələrlə Azərbaycana mənəvi dəstəyini ifadə edib. Yəni tarixi zəfər yaxındadır”

Ötənlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Russiya-1” telekanalına müsahibə veriblər. Müsahibə zamanı Paşinyan növbəti dəfə gülünc vəziyyətə düşüb. O, Türkiyənin Azərbaycana tarix boyu davam edən mənəvi dəstəyini xüsusi vurğulayaraq, bəlkə, özü də bilmədən acizliyini göstərib. Məgər Türkiyə təkcə indimi ölkəmizin mövqeyini dəstəkləyib? Axı biz həmişə “iki dövlət, bir millət” prinsipinə uyğun hərəkət etmişik. Bunu dünyada hamı bilir. Bircə naxələflərdən başqa. Ola bilsin, onlar da bilir, amma qəbullanmaq istəmirlər.

Paşinyanın bu bəhanələrini “Sherg.az”a təhlil edən millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bunu onun siyasi səriştəsizliyi kimi qiymətləndirdi:

“Ermənistan regionda özü-özünü təcrid edib. Paşinyanadək Rusiya ilə münasibətlər yaxşı idi. Amma indiki baş nazir rəsmi Moskvadan maliyyə, hərbi dəstək aldığı, iqtisadi cəhətdən faktiki olaraq ondan asılı olduğu halda Rusiyanı aldatdı, xəyanət etdi.

İndi Ermənistan tez-tez Türkiyə faktorunu vurğulamaqla Kremli qıcıqlandırmaq istəyir.

Rəsmi Moskvaya xəyanət etsə də, ondan dəstək gözləyir. Çünki siyasətin nə olduğunu bilmir. O, başa düşmür ki, diplomatiyada da səmimi davranmaq, dostluğa sadiq olmaq lazımdır.

Dediyim kimi, Paşinyan bu ritorikası ilə öz acizliyini başqasının boynuna atmaq istəyir. Amma alınmayacaq. Dünya, o cümlədən qardaş ölkələr hər şeyi yaxşı görürlər. Türkiyənin xarici işlər naziri də dəfələrlə Azərbaycana mənəvi dəstəyini ifadə edib. Yəni tarixi zəfər yaxındadır”.

Mənbə: sherg.az