Azər Həsrət: “Ermənistan yüksək səviyyədə Saakaşviliyə qarşı kampaniyaya başlayıb”
Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Azərbaycana verdiyi dəstəyə görə Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.
Ermənistan mətbuatının yaydığı məlumatda bunlar qeyd olunur: “Bu gün Gürcüstanın keçmiş prezidenti M.Saakaşvilini ali məktəbin fəxri doktoru adından məhrum etmək xahişi ilə Yerevan Dövlət Universitetinin Elmi Şurasına müraciət etmək barədə qərar verdim". Qeyd edək ki, M.Saakaşvili daha əvvəl Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıqlayıb: “Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək. Əlbəttə, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülh şəraitində yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”.
“Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Mixeil Saakaşvili də bu faktı yenidən dilə gətirib”
Məsələ ilə balı fikir bildirən media eksperti Azər Həsrət qeyd etdi ki, ermənilərdə ədalət hissi deyə bir duyğu yoxdur: “Onlar yalnız öz mövqelərini düşünürlər. M.Saakaşvilinin açıqlaması ilə tanışam. Orada qeyri-adi heç nə yoxdur. Məlumdur ki, BMT Azərbaycan ərazilərini işğal altındakı torpaqları daxil olmaqla tanıyır. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. M.Saakaşvili də bu faktı yenidən dilə gətirib. Ancaq Ermənistan yüksək səviyyədə Saakaşviliyə qarşı kampaniyaya başlayıb və ona bir zamanlar verdiyi fəxri adı geri almağı qərarlaşdırıb. Ermənilər istəyirlər ki, hər kəs onların yalanlarına ortaq olsun. Ancaq onların bu arzusu, hər zaman olduğu kimi, gerçək olmayacaq. Saakaşvili erməni xislətindən narahat olacaq bir adam deyil. O, sadəcə, həqiqəti sosial şəbəkə vasitəsilə dünyaya bəyan edib”.
Mənbə: www.baki-xeber.com