Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK

Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK

Latviya Seyminin “Hər şey Latviya üçün” partiyasından olan deputatı Roman Naudinş (İbrahimov) sosial media səhifəsində Azərbaycanı dəstəkləyən status paylaşıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, Latviya ilə dostluq münasibətində olan Azərbaycanda başlanmış hərbi əməliyyatlardan narahatlığını ifadə edən deputat erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyini, 1 milyona yaxın azərbaycanlının öz doğma yurdlarından didərgin düşərək uzun illər çadır şəhərciklərində yaşadığını diqqətə çatdırıb.

Roman Naudinş işğal olunmuş ərazilərin qaytarılması üçün 90-cı illərdə başlanmış danışıqların uğursuz olduğunu, BMT-nin münaqişə ilə əlaqədar qəbul etdiyi qətnamələrin icrasız qaldığını vurğulayıb və Avropa Birliyinin Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyünü qeyri-fəal şəkildə müdafiə etdiyini nəzərə çatdırıb.

Deputat hesab edir ki, Ermənistanın rəsmi şəxslərinə sanksiyalar tətbiq edilməli, Avropa İttifaqının suveren dövlətlərin ərazi bütövlüyünü tanıması siyasəti qəti şəkildə həyata keçirilməli, müharibənin dayandırılması üçün erməni silahlı qüvvələri işğal edilmiş ərazilərdən çıxmalı və tərəflər danışıqlar masası arxasına keçməlidir.

Qeyd edək ki, Roman Naudinş 1980-ci ildə Latviyanın Valmiera şəhərində anadan olub, əslən Azərbaycanın Siyəzən rayonundandır. Deputat seçilməmişdən əvvəl Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri vəzifəsində işləyib.

Mənbə: modern.az