Türkiyə prezidenti Böyük Millət Məclisində Ermənistanın havadarlarına səsləndi

Türkiyə prezidenti Böyük Millət Məclisində Ermənistanın havadarlarına səsləndi

“Bu quldur dövləti dəstəkləyənləri insanlığın vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm…”

Türkiyə Böyük Millət Məclisinin toplantısında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Azərbaycanla bağlı məsələlərə toxunub.

Ərdoğan “Qafqaz torpağının hər qarışı yeni bir qarşıdurma potensialına sahib böhran bölgəsi olaraq qalmağa davam edir. Dağlıq Qarabağı işğal edən ermənilərin Azərbaycana hücumu ilə başlayan qarşıdurmalar əslində bunun ən bariz nümunəsidir.

Azərbaycanlı qardaşlarımızın işğal altındakı torpaqları azad etmək və vətənlərini qorumaq üçün apardıqları mübarizədə yanlarında olduğumuzu buradan bir daha bildirmək istəyirəm.

Ermənilərin qədim Azərbaycan torpağı olan Qarabağı işğalına qarşı kor, kar və lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür. İşğalçılara səssiz qalıb vətənini müdafiə edənlərin və onların yanında yer alaraq ittiham edənlərin sözlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur.

Türkiyə olaraq, “bir millət iki dövlət” kimi gördüyümüz azərbaycanlı qardaşlarımıza hər cür dəstəyi verməyə davam edəcəyik.

Qarabağın işğalı zamanı mərhum Abdurrahim Karakoçun aşağıdakı sətirlərdə ifadə etdiyi hissi bu gün, demək olar ki, canlı yaşayırıq:

“Böyle geldi, böyle gitmez bu oyun
Zalimleri iflah etmez bu oyun
Umduklari gibi bitmez bu oyun
Mazlumun ekmeği, tuzu bizdedir
Sizdeki yaranin özü bizdedir”, - deyə bildirib.

Bölgədə davamlı sülhə aparan yolun ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməli olduğunu bildirən Türkiyə prezidenti “Bu quldur dövləti dəstəkləyənləri insanlığın vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm. Rəbbim azərbaycanlı qardaşlarımızın köməyi olsun. Bu mübarizədə şəhid olanlara Allahdan rəhmət, azərbaycanlı qardaşlarıma başsağlığı verirəm”, - deyib.

Mənbə: www.baki-xeber.com