Dost və strateji tərəfdaş dediyimiz Rusiyadan anlaşılmaz “hərəkətsizlik” - Putin Azərbaycan rəhbərliyi ilə danışmağı nə vaxt “gərəkli biləcək”, Peskovun şübhəli bəyanatı...

Qabil Hüseynli: “Rusiya prezidenti bilir ki, hətta zəng etsə belə, istədiyi təklifi İlham Əliyevə qəbul etdirə bilməyəcək”

Ermənistanın təcavüzündən sonra cəbhədə yaşanan gərginliyin fonunda Rusiyanın özünü bir qədər qəribə apardığı nəzərə çarpır. Məsələn, bu müddət ərzində Paşinyanın təşəbbüsü ilə Putinin onunla telafon danışıqları olub. Ancaq strateji tərəfdaş olduğu Azərbaycan rəhbərliyi ilə belə təmasların olduğunu görmürük.

Düzdür, ola bilər ki, İlham Əliyev belə bir təşəbbüslə çıxış etməyib. Ancaq istənilən halda, Rusiya prezidenti yaranış vəziyyətlə bağlı təmasa keçməliydi. Bu xüsusda Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlaması maraqlıdır. O bildirib ki, lazım olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan rəhbərliyi ilə telefonla danışacaq. Kremlin sözçüsü hərbi əməliyyatlar başlayandan Xarici şlər naziri Sergey Lavrovun həmkarları ilə daim təmasda olduğuna diqqət çəkib. Peskov eyni zamanda bildirib ki, Putinlə Ərdoğan arasında mütəmadi təmaslar olur. Putinin Paşinyanla vəziyyəti müzakirə etdiyini nəzərə alsaq, onun Azərbaycan Prezidenti ilə əlaqə saxlamamasını nə dərəcədə doğru saymaq olar?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə hər hansı bir sayğısızlıqdan söhbət gedə bilməz: “Azərbaycan Prezidentinin mövqeyi hazırda çox güclüdür. Hesab edin ki, Aprel döyüşlərindəki kimi deyil. Yadınızdadırsa, həmin vaxt Azərbaycanın irəliləyişini görən Rusiya dərhal atəşkəsə nail oldu. Bu gün Azərbaycan Prezidenti dünyanın ən sayılan ölkələrindən birinin başçısı rolundadır. Onun atdığı cəsarətli və müstəqil addımlar bunu deməyə əsas verir. İlham Əliyev o şəraiti yaratmayıb ki, Putin köməkçisinə Azərbaycan Prezidentinin ona zəng etməyinin vacibliyini tapşırsın. Azərbaycan Prezidentinin son zəngi Ermənistana göndərilən silahlarla bağlı olub. Bir də Azərbaycanda dövlət çevrilişinin həyata keçirilməsilə bağlı yayılan məlumatlar olub. Gizlətmək lazım deyil ki, həmin vaxtdan tərəflər arasında bir qədər soyuqluq nəzərə çarpır. Bundan əlavə, Rusiya prezidenti bilir ki, hətta zəng etsə belə, istədiyi təklifi İlham Əliyevə qəbul etdirə bilməyəcək. Atəşkəsi xahiş etsə, həmin xahiş eşidilməyəcək. Azərbaycan Prezidenti hazırda çox cəsarətli və qətiyyətli görünür. Onun əlinin altında bu qətiyyəti real işə çevirə biləcək güclü potensial var. Putin çox yaxşı başa düşür ki, İlham Əliyevlə Paşinyanla olduğu kimi danışa bilməz. Paşinyanın son təmasları yalvarış tonunda olub. İlham Əliyev isə heç bir təzyiqə boyun əyməyəcək. Ola bilsin ki, Putinlə danışıq baş tutsun. Hətta bu olsa belə, bərabərhüquqlu tərəflər arasındakı danışıq olacaq. Bundan sonra bizi şirin vədlərlə nəyəsə vadar etmək mümkünsüzdür. Azərbaycanın hazırda çox ciddi müttəfiqləri də var ki, bu da bizi hər hansı kənar müdaxilədən tam sığortalayır. Yəni biz Paşinyanla Putin arasında olan danışığı əsas götürüb, Rusiyanın onlara dəstək olduğunu da iddia etməməliyik. Görünən budur ki, Paşinyan Rusiyadan istədiyi dəstəyi ala bilmir. Bunun da fonunda Azərbaycan ordusu ardıcıl zərbələr endirir. O məcburdu ki, zəng edib yalvarsın. Bu günlər ərzində başqa dünya liderlərinə də zənglər edib. Bütün bunlar isterikadan xəbər verir. İlham Əliyev belə addımları zəruri bilmir. Putin nə zaman məqbul bilərsə, qoy zəng etsin”.

Rusiyanın Ermənistana silah verməsilə bağlı ölkə başçısının Putinlə olan telefon danışığının stenoqramına baxmaq kifayət edir ki, belə təmasın niyə geçikdiyini təxmin edəsən. İlham Əliyev müstəqil iradəyə sahib Prezidentdir. Bu arada Putinin zəngi yalnız atəşkəslə bağlı ola bilər ki, onun da qəbul ediləcəyinə əminlik yoxdur. Səbəb budur

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Ermənilər saxta xəbərləri yaymaqda davam edirlər - FOTOLAR

SONRAKI XƏBƏR

MN düşmənin döyüş bayrağını atıb qaçması barədə açıqlama verdi