Rusiya mediasında son Qarabağ proseslərinə birtərəfli yanaşanlar daha çoxdur – Niyə...

Rusiya mediasında son Qarabağ proseslərinə birtərəfli yanaşanlar daha çoxdur – Niyə...

Vüqar Rəhimzadə: “Bunun başlıca səbəbi Rusiya media orqanlarında çoxsaylı erməni mənşəli jurnalistin fəaliyyət göstərməsidir”

Rusiya mediası Qarabağda son təxribatlara, hərbi əməliyyatların alovlanmasına münasibətdə birtərəfli mövqe tutur. Daha çox Ermənistana tərəfkeşlık edir.

Qarabağda hərbi əməliyyatların alovlanmasıyla bağlı rus mediasının yaydığı xəbərlərə, xüsusilə də xəbərlərin başlıqlarına baxanda bir çox jurnalist rusların ürəyinin döyüşən tərəflərdən hansında olduğu açıq-aydın görünür. Onlar yazıların mətnində tərəflərin hər ikisinin mövqeyini versələr də, başlıqda və xəbərin şərh hissəsində Azərbaycanın haqsız mövqedə olduğunu göstərirlər. Bununla dolayısı ilə Ermənistana dəstək verirlər.

Düzdür, Rusiyada tərəfsiz media orqanları da var. Hansı ki, həmin media resursları Qarabağ döyüşlərini tərəfsiz təqdim edirlər, amma onların sayı azdır. Rusiya mediası Qarabağ döyüşləri ilə bağlı əsasən birtərəfli mövqe tutur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət edib. Müraciətdə qeyd edilir ki, otuz ildən artıqdır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsi, o cümlədən, hərbi əməliyyatların intensiv xarakter alması dünyanın kütləvi informasiya vasitələrinin diqqətindədir. Rusiya mediası da məsələyə fəal yanaşması ilə seçilir: “Ancaq təəssüf ki, ictimaiyyət ölkə mediasının timsalında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı əsasən qeyri-obyektiv şəkildə məlumatlandırılır. Hadisə və faktlara birtərəfli münasibət göstərilir. Təəssüf doğuran məqam isə budur ki, Rusiya KİV-inin məsələyə münasibətilə Ermənistan rəsmi dairələrinin, siyasilərinin yalan və iftiralara köklənmiş mövqeyi əksər hallarda üst-üstə düşür. Sıralarında Azərbaycanın aparıcı media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna etirazını bildirir”.

Bütün bu deyilənlərin fonunda, Rusiya mediası niyə əsasən birtərəfli mövqe tutur?

“Şüurlu şəkildə balans prinsipini pozaraq ictimai rəyi çaşdırmağa çalışırlar”

Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiya mediasının belə bitərəfli mövqe sərgiləməsini bir sıra amillərlə əlaqələndirdi: “Proseslərin bu cür inkişafı, müəyyən mənada, ikili standartlarla bağlıdır. Rusiyanın Dağlıq Qarabağ məsələsində sərgilədiyi məlum mövqe bu ölkənin mediasında da özünü göstərir. Səbəblərdən biri bununla bağlıdır. Digər başlıca səbəb Rusiya media orqanlarında çoxsaylı erməni mənşəli jurnalistin fəaliyyət göstərməsidir. Məsələ ondadır ki, erməni mənşəli jurnalistlər istər telekanallarda, istərsə də digər KİV-də çox fəal təmsil olunurlar. Ona görə də həmin media təmsilçiləri sahib olduqları imkanlardan sui-istifadə edərək, Qarabağ döyüşlərini birtərəfli şəkildə işıqlandırırlar. Daha çox ermənilərin xeyrinə olan materiallar dərc edirlər. Şüurlu şəkildə balans prinsipini pozaraq ictimai rəyi çaşdırmağa çalışırlar. Yalan xarakterli məlumatları tirajlayırlar. Digər bir səbəb onunla bağlıdır ki, Rusiya media dairələrində ermənilərə rəğbət bəsləyən şəxslər var. Onlar da belə qeyri-obyektiv informasiyaların yayılmasına şərait yaradırlar. Əvvəllər belə hallar daha çox idi. Bu isə son nəticədə Rusiya mediasının obyektivliyinə, ciddiliyinə kölgə salır. Ona görə də Rusiya tərəfi bütün bunlara diqqət etməlidir”.

V.Rəhimzadə onu da qeyd etdi ki, özünə hörmət edən media resursu obyektivliyini qorumalıdır.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com