"Azərbaycan öz məqsədlərinə nail olana qədər əməliyyatlar davam edəcək" - POLİTOLOQ

"Azərbaycan öz məqsədlərinə nail olana qədər əməliyyatlar davam edəcək" - POLİTOLOQ

Sentyabrın 27-si səhər saatlarından Ermənistan tərəfinin növbəti təxribatlarının qarşısı Azərbaycan ordusunun hərbi qulluqçuları tərəfindən alınıb və əks-hücum həmlələri nəticəsində bir sıra yaşayış məntəqələrimiz və strateji yüksəkliklər düşmən işğalından azad edilib.

Bu barədə Sonxeber.az-a politoloq Nəzakət Məmmədova açıqlama verib.

"Danışıqlara gedilməsi məqbul sayılmır. Ancaq o şərtlər daxilində danışıqlara getmək olar ki, biz orada diplomatik cəhətdən üstün olaraq qələbə qazana bilək. Hərbi əməliyyatlar başlayandan bu günə qədər dünyanın bir çox nüfuzlu dövlətlərinin rəhbərləri Azərbaycan Prezidentinə zəng edərək hərbi əməliyyatları dayandırmağı və danışıqlar masasına yenidən qayıtmağı təklif ediblər. Dünyanın bir çox ölkəsinin çalışdığı elə budur: Necə ki, 30 il "sülh danışıqları" adı ilə Azərbaycanı öz torpaqlarını işğaldan azad etməyə qoymayıblar. Proseslərin Ermənistanın xeyirinə olması üşün çalışırlar. Yəni torpaqlar işğal altında qalsın, Ermənistan ərazilərimizi özününküləşdirsin.

Bu gün də həmin status-kvonu o cür saxlamaq istəyirlər. Yəni Azərbaycan ərazilərini azad etməsin, yenə də ermənilər orada yaşamağa davam etsinlər və "danışıqlar" adı altında proseslər illərlə uzansın. Azərbaycan isə onların bu planlarını bilir, ona görə də dövlət başçısı bu cür danışıqlara getmir. Hazırda hərbi əməliyyatları yarıda saxlayıb danışıqlara getmək bizim zərərimizə olardı. Biz hazırda erməniləri sıxışdırmışıq və ərazilərin müəyyən hissəsini azad etmişik. Belə bir şəraitdə əməliyyatları yarıda saxlayıb danışıqlara getmək bizə heç nə vermir. Bu, Ermənistana lazıımdır, bizə lazım deyil. Gecə-gündüz Paşinyan, Ermənistanın Müdafiə naziri və digər vəzifəli şəxsləri bütün əlaqələrini işə salıb dünya liderləri vasitəsi ilə Azərbaycanı dayandırmağa çalışırlar. Lakin Azərbaycan bu günə qədər dayanmayıbsa, demək ki, bundan sonra da dayanmayacaq. Azərbaycan çox iradəli və qətiyyətli davranır.

2016-cı ildə Rusiya prosesləri dayandırdı. Sergey Şoyqu cənab Prezidentə zəng edərək prosesləri dayandırmağı xahiş etdi. Lakin indi bu hal baş verməyəcək. Hələ ki, Putinlə Prezidentimiz arasında danışıqların olması ilə bağlı bir məlumat yoxdur. Zəng edən digər dövlət başçılarına isə Azərbaycan Prezidenti çox sərt cavab verib. Ona görə də düşünürəm ki, Azərbaycan öz məqsədlərinə nail olana qədər əməliyyatlar davam edəcək".

Aysel Səmədli


Sonxeber.az
 

Mənbə: sonxeber.az