İspaniya portalında Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı sərt şəkildə qınanıb

İspaniya portalında Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı sərt şəkildə qınanıb

İspaniyanın böyük oxuyucu kütləsinə malik "Patrimonio Actual" elektron portalında sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmaqla ölkəmizə qarşı növbəti təcavüzə əl atması kəskin şəkildə qınanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində mülki əhalinin məqsədli şəkildə hədəf seçildiyi, işğalçı ölkənin növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirdiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn əsas norma və prinsiplərinin, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır.

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində işğalçı tərəfin təxribatları, o cümlədən iyulun 12-16-da Tovuz rayonuna hücum cəhdi, avqustun 23-də Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.

Məqalədə bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülhə və sabitliyə ciddi təhlükə olduğunu yaxşı anlayan, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, eyni zamanda, təxribatçı əməllərini kəskin şəkildə qınamalı, bu ölkəni beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqla bağlı öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir.

Xüsusi olaraq vurğulanıb ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.


Sonxeber.az
 

Mənbə: sonxeber.az