İndi biz tam başqa millətik – QALİB OLACAĞIMIZA...

İndi biz tam başqa millətik – QALİB OLACAĞIMIZA...

“İndiki Qarabağ müharibəsini birinci ilə müqayisə etsək, indi çox böyük ruh yüksəkliyi var. Hamımız başa düşürük ki, bu problemi birdəfəlik həll etmək lazımdır. İnsanlarımız - gənclər, yaşlılar, eləcə də bizim əməkdaşlar, hər kəs bu müharibədə iştirak etməyə hazırdır. Hamı qələbə əldə edəcəyimizə yüz faiz inanır”.

Bunu Lent.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Tibb elmləri doktoru, professor Fuad İsmayılov deyib.

O bildirib ki, ötən illər ərzində Azərbaycan gənclərində vətənpərvərlik hisləri qətiyyən zəifləməyib: “Biz bu illər ərzində hər zaman ümidlə yaşamışıq ki, nə vaxtsa işğal olunmuş torpaqlarımızı azad etməyə imkanımız olacaq. Əlbətt, bu düşüncə bizə çox böyük nikbinlik verir. Ordumuza, Ali Baş Komandanımıza çox inanırıq və ümidlə müharibənin qələbə ilə bitəcəyi zamanı gözləyirik”.

Qələbəni yaşamaq, millət olaraq bizə nə verəcək?

Professor bildirib ki, Birinici Qarabağ müharibəsini uduzmuşuq. Çoxlu itki və qaçqınlarımız, problemlərimiz olub: “Əlbəttə, bu amillər milli psixologiyaya mənfi təsir edir. Ümidsizlik yaranır, özünü qiymətləndirmə aşağı düşür. İndi isə biz tam başqa bir millətik. Demək olar ki, 2016-cı ildən - 1-ci qələbəmizdən sonra bizdə xeyli dəyişiklik olub. Hazırda işğal olunmuş ərazilərin yavaş-yavaş azad olunması ümidimizə çox böyük təkan verib. Özümüzü qiymətdirmə prosesinə çox müsbət təsir edir. Özünə inam, ruh yüksəkliyi qələbənin əldə olunmasında vacib amillərdəndir. Bu müharibədə qalib olacağımıza heç kimdə şübhə yoxdur. Çünki biz haqlıyıq. Dünya təcrübəsi, beynəlxalq qanunvericilik bizim-haqqın tərəfindədir. Bizə isə bütün bu imkanlardan yararlanmaq qalır”.

 

Mənbə: lent.az