İşğal olunmuş Azərbaycan ərazilərində atəşkəs istəyən dövlətlərə yazıçıdan etiraz

İşğal olunmuş Azərbaycan ərazilərində atəşkəs istəyən dövlətlərə yazıçıdan etiraz

“Ermənistan-Azərbaycan Qarabağ münaqişəsində birmənalı şəkildə Azərbaycan haqlı tərəfdir. Çünki hərbi əməliyyatlar BMT başda olmaqla nüfuzlu beynəlxalq təşkilatların tanıdığı ərazi bütövlüyümüz daxilində gedir. Xalqımıza, dövlətimizə qarşı törədilən cinayətlərə qarşı ordumuz vuruşur. Bu, ədalətli savaşdır”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında yazıçı Şərif Ağayar bildirib.

 

Şərif Ağayar

Yazıçı qeyd edib ki, ərazisi işğal olunmuş ölkənin mövqeyini müdafiə etməyən, hətta onun əleyhinə danışanlar, hərbi əməliyyatı saxlamağa cəhd edənlər belə Azərbaycanın ədalətli savaş apardığını bilirlər: “Çünki Azərbaycanın ədalətli savaş aparmadığını demək üçün insan anormal olmalıdır. Həmin ölkələrə belə sual vermək olar ki, sizin ərazinin işğal olunsa, siz sülh tərəfdarı olarsınızmı? Tarixə baxanda bu suala “Bəli” cavab verən ölkənin olduğunu görmürük.

Təbiət etibarı ilə müharibə adamı deyiləm. Qələm adamının müharibə istəməsi absurddur. Amerikanın İraqa hücum etməyini istəməyə bilərik, Rusiyanın Əfqanistanda müharibə aparmasını istəməyə bilərik. Ancaq Azərbaycanın vəziyyəti çox çətindir. Qonşu ölkə sənin ərazinə müdaxilə edir, Xocalı soyqırımını törədir. 30 ildir bu əraziləri işğal altında saxlayır. Bir addım da geri çəkilmək istəmir. Əksinə alçaltıcı hərəkətlər edir-Parlamenti Şuşaya köçürmək, Qarabağda rəqs etmək və s. İnsanlarda olduğu kimi dövlətlərin də heysiyatı olur. Dözmüşük, sülhə ümid bəsləməşik, amma 30 il heysiyatımızla oynayıblar. Bizi atəşkəsə çağıran ATƏT-in Minsk qrupu olmaqla dövlətlər ərazi bütövlüyü üçün heç bir addım atmayıblar. Onların sayəsində bir qarış torpağımız da işğaldan azad olunmayıb. Bu boyda zülm olmaz. Dövlətimiz, ordumuz bizə qarşı düşmənlik edənlərdən haqqımızı almalıdır”.

Ramid İbrahimov

Mənbə: www.bizimyol.info