Makron erməni diasporunun rəhbəri kimi çıxış edir – Şərh

Makron erməni diasporunun rəhbəri kimi çıxış edir –  Şərh

Biz Fransanın həmişə ermənipərəst mövqedə olmasının şahidi olmuşuq. Fransada təxminən 500 min erməni yaşayır. Təkcə onların seçici olması səbəbindən deyil, həm də ümumiyyətlə, ermənilərin tarixən başqa dövlətləri ələ almaq qabiliyyəti səbəbindən Fransa ilə Ermənistan arasında münasibətlər həmişə hamar olub. Fransa Ermənistana həmişə “kiçik bacı” deyə müraciət edib.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycanın uğurlu hərbi əməliyyatı ilə bağlı ermənipərəst açıqlamalarına münasibət bildirən politoloq qeyd edib ki, son hadisələr Makronu yamanca hiddətləndirib:

“Hətta mən belə bir məlumata rast gəldim ki, Makron Paşinyana zəng edərək Qarabağın əldən getməsinə imkan verməyəcəyini bildirib. Üstəlik də o, tez-tez gah Putinlə əlaqə saxlayır, gah Trampa zəng vurur. Adama belə gəlir ki, bu adam Ermənistanın xaricdəki diasporunun rəhbəridir. Çünki o, müstəqil ölkənin – Fransanın Prezidenti kimi deyil, məhz bu cür çıxış edir. Üstəlik, bu adam deyəsən yadından çıxarıb ki, onun ölkəsi münaqişənin tənzimlənməsi üzrə ATƏT-in yaratdığı Minsk qrupunun üç həmsədr dövlətdən biridir”.

Qabil Hüseynli qeyd edib ki, indiyədək həmsədr dövlətlər status-kvonu dəyişdirmək lazımdır deməklə faktiki olaraq Ermənistanın dəyirmanına su axıdırlarmış:

“Status-kvonun dəyişdirilməsi Azərbaycanın işğal edilmiş torpaqlarının özünə qaytarılması deməkdir. Buna heç cür nail ola bilmədilər. İndi də belə görünür ki, bu müharibədə erməni ordusunun acınacaqlı məğlubiyyətə uğramasından pəjmürdə olub və Minsk qrupunun həmsədrlərindən biri olduğunu unudaraq açıq-aşkar Ermənistana dəstək verir. Onu təbliğ edir və sözün həqiqi mənasında anti-Azərbaycan, anti-türk təbliğatı aparır. Bu, çox yaramaz bir işdir. Bu hərəkətlər bir daha ATƏT-in Minsk qrupunun tamamilə özünü itirdiyini, eyni zamanda sülhyaratma prosesində bundan sonra işə yaramayacağını sübuta yetirir”.

 

Mənbə: teleqraf.com