“Prosesləri böyük narahatlıqla izləyirik” - Gürcüstan XİN

“Prosesləri böyük narahatlıqla izləyirik” - Gürcüstan XİN

Bütün dünya kimi, Gürcüstan da Dağlıq Qarabağdakı vəziyyətin deeskalasiyasına çağırır. 101.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Baş Naziri Georgi Qaxariyanın Azərbaycan və Ermənistana sülh danışıqları üçün Tbilisini platforma kimi təklif etməsi ilə bağlı təşəbbüsü zamanında olub və avropalı tərəfdaşlar tərəfindən tamamilə dəstəklənir.

O, həmçinin qeyd edib ki, Gürcüstan vəziyyəti böyük narahatlıqla izləyir:

“Biz bu prosesləri böyük narahatlıqla izləyirik. Bu, bilavasitə bizim qonşuluqda baş verir. Tarixən bizim azərbaycanlı və erməni həmvətənlərimizlə dinc şəraitdə birgə mövcudluqla bağlı zəngin təcrübəmiz var. Bu, gələcəkdə də davam etməlidir”.

Siyasətçinin fikrincə, vəziyyətin gərginləşməsi yalnız Cənubi Qafqaza deyil, bütün Qara dəniz regionuna təhlükə yaradacaq və onun regiondan kənara yayılması ehtimalı böyükdür.

101.az (qafqazinfo az)

 

Mənbə: 101.az