“Ermənistanın bu döyüşlərdə itkiləri 1 milyard dolları aşıb”

“Ermənistanın bu döyüşlərdə itkiləri 1 milyard dolları aşıb”

“Torpaqlarımızın işğalçılardan təmizlənməsi ilə bağlı keçirilən hərbi əməliyyatlar nəticəsində düşmənə dəyən ziyan 1 milyard dolları keçib”.

Axşam.az xəbər verir ki, bunu “Qafqazinfo”ya ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin əsas döyüş texnikasını məhv edəndə həm döyüş, həm də maddi-texniki təminatda böyük problemlər yaranır:

“Çünki sıradan çıxan texnikanın yenidən bərpası üçün onu haradansa almaq lazımdır. Onların isə belə imkanları yoxdur. Tankı, topu, avtomobili haradan alacaqlar? Patron deyil ki, iki dəqiqədə alıb gətirib yerinə qoyasan. Bizimkilər isə vurub məhv edirlər ki, daha yaxşı nəticə əldə edək. Yəni, faktiki gedişatda biz müəyyən dəyişiklik edəcəyik, amma mən onun hansı şərtlərlə olacağını açıqlaya bilmirəm. Ümumilikdə Ermənistanın bu döyüşlərdə itkiləri 1 milyard dolları aşıb”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov isə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun bölmələrinin irəliləmə dərinliyində Ermənistanın əksər döyüş texnikasının məsafədən məhv edildiyini deyə bilərik:

“Həmin texnika şəxsi heyətlə kontakta qədər məhv edilib. Bu da şəxsi heyətin irəliləməsinə və şəxsi heyət arasında itkilərin minimum gətirib çıxarılmasına hesablanıb. Düşmən əvvəlcə darmadağın olunur, zərbə endirilir, müqavimət nöqtələri məhv edilir və düşən maksimum itki verir. Bizim şəxsi heyət kontakta keçəndə müqavmət də az olur və bizim heyətin itkisi mimimuma endirilir”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Ermənistan ordusuna dəyən maddi ziyanı hesablayarkən bir incə məqama da diqqət yetirmək lazımdır:

“Çox təəssüf ki, Ermənistana uzun illərdir silah ya faizsiz kreditlə, ya da pulsuz verilib. Ermənistanın KTMT (ODKB) üzvü olması önə çəkilərək Rusiya tərəfindən bizə satılan silahdan qat-qat ucuz qiymətə Ermənistana silah satılıb. Qiyməti hesablayarkən bunu da nəzərə almaq lazımdır. Amma ümumilikdə deyə bilərik ki, vurulmuş ziyan həddindən artıq yüksəkdir”.

Ekspert həmçinin bildirib ki, bu məsələdə iqtisadi ziyandan çox psixoloji üstünlük də vacibdir. Hansı ki, Azərbaycan ordusu bir neçə gün ərzində kifayət qədər ciddi şəkildə üstünlüyü ələ ala bilib:

“Həm canlı qüvvəyə, həm də texnikaya vurulan ziyan onu göstərdi ki, Ermənistan tərəfinin güzəştə gedərək torpaqların qaytarılması ilə bağlı bəyanatı olmasa, Azərbaycan Ordusu hərbi əməliyyatların davamı ilə bağlı qərar qəbul edərsə, Ermənistan ordusunun kifayət qədər ciddi zərər görərək, müdafiə qabiliyyətini tamamilə itirməsi gündəmə gələ bilər”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi əks-hücum nəticəsində sentyabrın 27-dən 30-dək məhv etdiyi düşmən ordusunun canlı qüvvə və hərbi texnikasının siyahısını açıqlayıb. Bura 200-dək tank və digər zirehli texnika, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi daxildir. Həmçinin, düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb.

Mənbə: axsam.az