Monteneqronun xəbər portallarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən məqalələr dərc olunub

Monteneqronun xəbər portallarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən məqalələr dərc olunub

Monteneqronun “Skalaradio” və “Bosnjaci” xəbər portallarında Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisinə və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücumu nəticəsində yaranmış vəziyyətlə bağlı məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Ermənistanın hazırkı siyasi hakimiyyətinin davamlı və ardıcıl olaraq bölgədə vəziyyətin gərginləşməsinə xidmət edən və münaqişənin nizamlanmasına zərbə vuran təxribatçı bəyanatları barədə məlumat verilir. Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistanın törətdiyi təxribatlar zəncirinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini sual altına qoyduğu vurğulanır. Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətin bütün gözləntilərini rədd edərək, hakimiyyətə gəldiyi ilk günlərdən sələflərinin ilhaq siyasətini daha aqressiv şəkildə davam etdirməyə qərar verdiyinin bildirildiyi məqalədə ölkənin müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” niyyətində olduğu qeyd edilir.

Azərbaycanın bütün bu avantüralara cavab verməyə hazır olduğunun qeyd edildiyi məqalədə Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxışı zamanı söylədiyi “Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq” fikri də yer alır.

Mənbə: xalqqazeti.com