Qarabağ qazisi: “Bir neçə rayonun azad edildiyi xəbərini eşidəcəyik”

Qarabağ qazisi: “Bir neçə rayonun azad edildiyi xəbərini eşidəcəyik”

“Müharibədə düşmənin nə qədər müqavimət göstərəcəyini, hansı ərazinin nə qədər müddətə azad olunacağını söyləmək çətindir” – Rey Kərimoğlu

Sentyabrın 27-si səhər saatlarında işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən təxribatın qarşısını alan Azərbaycan Ordusu, ərazilərimizin azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayıb. Artıq 5 gündür ki, Dağlıq Qarabağ cəbhəsində şiddətli döyüşlər getməkdədir.

Əks-hücumun ilk günündə Müdafiə Nazirliyi Füzulu və Cəbrayılın 7 kəndinin düşmən işğalından azad edildiyini bəyan etdi. Elə həmin gün strateji əhəmiyyətə malik Murovdağ yüksəkliyinin də təmizləndiyi rəsmi olaraq açıqlandı. Bir gün sonra isə, daha bir rəsmi açıqlama verildi: Talış kəndi yaxınlığında bir neçə strateji yüksəklik düşmən silahlılarından təmizlənib.

Döyüşlər bu gün də şiddətini qoruyaraq davam edir. Azərbaycan Ordusu ermənilərin yüzlərlə hərbi texnikasını və canlı qüvvəsini məhv etdiyini rəsmi şəkildə, görüntülərlə açıqlayır. Amma hələlik azad edilən kənd və ya rayonla bağlı rəsmi açıqlama yoxdur. Bu baxımdan cəmiyyətdə müəyyən suallar meydana gəlib.

Qarabağın azad olunması uğrunda gedən döyüşlərlə bağlı AYNA-ya danışan keçmiş kəşfiyyatçı, Qarabağ qazisi Rey Kərimoğlu maraqlı məsələlərə toxunub. Qazi ermənilərin 30 ilə yaxındır ki, cəbhə xəttində eşalonlar yaradıqlarına diqqət çəkib:

- Bu gün Azərbaycan Ordusu cəbhənin ön xəttini yarıb. Amma növbəti mərhələlərdə ordumuz ehtiyatlı davranır. Düşmənin pusquları, hiylələri ola bilər ki, bu da əsgər-zabit heyətinin həyatı üçün təhlükədir. Ordumuz çalışır ki, mümkün qədər az itkimiz olsun. Mən bildiyim qədər düşmən tunellərdən istifadə edir. Tunelləri zərərsizləşdirmək asan deyil, vaxt aparır. Ona görə də məsələ bir qədər uzanır, daha doğrusu, bir qədər uzanan kimi görünür. Əslində, vaxtın müəyyən qədər uzanması normal bir şeydir. Mən insanların tezliklə qələbə xəbərləri eşitmək arzusunu başa düşürəm. Azərbaycanın siyasi, hərbi rəhbərliyi itkilərimiz az olsun deyə, bir qədər başqa taktika seçib, döyüş tempi ilə bağlı fərqli taktika götürüb. Ermənilərin hədəfləri, bunkerləri var, illərdir orada kök salıb, müdafiə eşalonları qurublar. Bu gün ordumuz lazım olan hədəfləri zərərsizləşdirir. Diqqət edin, yollar vurulur, hərbi texnikaları sıradan çıxarılır, düşmən zəiflədilir. Bunlar hamısı planlı şəkildə aparılır. Hesab edirəm ki, Azərbaycan Ordusunun əməliyyatlarının çox yaxşı nəticələri olacaq. Yaxın günlərdə ordumuzun böyük əraziləri azad etdiyi xəbərini alacağıq.

- Günlərdir ki, döyüşlər gedir. Kəndlər işğaldan azad edilib, yüksəkliklər düşməndən təmizlənib. Keçmiş döyüşçü kimi necə düşünürsünüz, ordumuzun bu bir neçə gündə keçirdiyi əməliyyatları uğurlu hesab etmək olarmı? Məsələn, ermənilərin “keçilməz Ohanyan səddi” adlandırdıqları Murovdağ yüksəkliyinin təmizlənməsi hər halda sıradan hadisə deyil...

- Rəsmi məlumatlardan görünür ki, əməliyyat uğurlu gedir. Murovdağ yüksəkliyi, Talış kəndi istiqamətindəki strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib. Bu, böyük uğurdur. Əməliyyatların uğurlu aparılması üçün həmin yüksəkliklərin əldə olunması vacib şərtlərdən biridir. Füzuli və Cəbrayılın 7 kəndinin azad edilməsi adi hal deyil. Düşünürəm ki, yüksəkliklərin əldə edilməsi ərazilərimizin azadlığında müstəsna rol oynayacaq. Düşmənin döyüş postlarını almışıq ki, bu vasitə ilə xeyli ərazilərə nəzarət edirik. Növbəti mərhələlərdə böyük uğurlar haqqında xəbərlər eşidəcəyik. Artıq kəndlərin yox, bir neçə rayonun azad edilməsi xəbərini eşidəcəyik. Bunu qətiyyətlə deyirəm. Çünki Azərbaycan Ordusunun rəhbərliyi planlı və nəticəyə hesablanan əməliyyatlar keçirir.

- Məlumdur ki, müharibədə əməliyyatlarla yanaşı, informasiya mübarizəsi də önəmli rol oynayır. Hazırda informasiya müharibəsi necə gedir? Yeri gəlmişkən, əməliyyatlar başlayan gündən dezinformasiyaların yayılmaması üçün sosial şəbəkələrə girişə məhdudiyyət qoyuldu. Bəzi adamlar buna etiraz edirlər...

- 2016-cı ilin “Aprel döyüşləri”ni yada salın. Həmin lokal döyüşlərdə Müdafiə Nazirliyinin, digər qurumların, məsələn XİN-in Prezident Administrasiyasının informasiya ilə bağlı fəaliyyəti ürəkaçan deyildi. İndi biz şahidi olduq ki, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində böyük işlər görülüb. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin xəbər siyasətinə yanaşması dəyişib, yeni kadrlar gətirilib. Bu gün Nazirliyin Mətbuat Xidməti döyüşün informasiya cinahında iştirak edir, mütəmadi məlumatlar yayır. Biz bunu deyirdik, belə olmalı olduğunu bildirirdik. İndi rəsmi informasiya baxımından boşluq yoxdur.

Digər tərəfdən, sosial şəbəkələrə girişin məhdudlaşdırılması da, hesab edirəm ki, yerində verilmiş düzgün qərardır. O qədər məsuliyyətsiz insanlar var ki, girib ağlına gələn, düşmənə sərf edəcək dezinformasiyalar yayırdılar. Düzdür, indi də bəziləri müxtəlif proqramlar vasitəsilə sosial şəbəkələrə girirlər, paylaşımlar edirlər. Şəkillər, adlar, videolar yayırlar. Yaxşı ki, dövlət maksimum şəkildə bunların qarşısını almaq qərarı verib. Döyüşlərin müəyyən mərhələsinə kimi bu məhdudiyyətlərin davam etməsi lazımdır. Çünki bu yolla düşmənin informasiya təxribatı lokallaşdırıla bilir, bunun şahidiyik.

Mən müharibə dövründə informasiya savaşını iki hissəyə bölərdim: birincisi ölkə daxilinə hesablanıb, ikincisi beynəlxalq aləmə. Ölkə daxili üçün televiziyalar, saytlardır, aparıcı qəzetlərdir ki, onlar bu informasiya savaşının öhdəsindən maksimum səviyyədə gəlir. Qaldı ki, xaricə informasiya ötürmək, təbii, sosial şəbəkələrin məhdudlaşdırılması bir qədər bu sahəyə maneə yarada bilir. Yəni, xaricə düzgün məlumatları ötürmək, informasiya təbliğatını aparmaq sosial şəbəkələr vasitəsilə aparılır. Amma onu deyim ki, ekspertlərin xarici dillərdə çıxış və yazıları, xüsusən də Prezidentin və onun köməkçisi Hikmət Hacıyevin, XİN başçısının çıxışları, açıqlamaları xaricdə təbliğat boşluğunu yüksək səviyyədə doldurur.

- Məsələn, Prezident İlham Əliyev Rusiyanın ən böyük auditoriyası olan “Rossiya 1” kanalının “60 dəqiqə” verilişinə canlı qoşulub, həqiqətləri dünyaya çatdırdı...

- Cənab Prezidentin həmin verilişdə o cür uğurlu çıxışını ürəkdən alqışlayıram. Ordumuzun cəbhədə göstərdiyi qəhrəmanlığı, fədakarlığı, cənab Prezident səviyyəsi, savadı, ağlı, intellekti ilə davam etdirdi. Prezident həmin çıxışı ilə postsovet məkanına, dünyanın böyük bir hissəsinə haqlı olduğumuzu sübut etdi. Bizim ölkə başçısından sonra işğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyanın zəif, məntiqsiz, gülüş doğuran çıxışını dünya gördü. Hər kəs Ermənistanın haqsız olduğunu anladı.

- Keçmiş döyüşçü olaraq, necə düşünürsüz, düşmən ordusu nə qədər müqavimət göstərə biləcək, nə qədər tab gətirəcək?

- Mən deyim ki, artıq tab gətirə bilmir. Elə döyüşün ilk günündən düşmən ordusu Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Amma çəkdikləri iztirab bir ay da uzana bilər. Yaxud da, bir aya almağı planlaşdırdığımız yüksəklik bir günə də alına bilər. Yəni, müharibədə düşmənin nə qədər müqavimət göstərəcəyini, hansı ərazinin nə qədər müddətə azad olunmasını söyləmək bir qədər çətindir. Çünki döyüşün yüzlərlə şərtləri, detalları var. Məsələn, 1990-cı illərdə Ağdərə azad edilən zaman, gedən əməliyyatları xatırlayıram. Elə kəndlər var idi ki, həftələrlə uğrunda döyüş getdi, sonda azad edə bildik. Qarabağ müharibəsində belə məqamlar çox olub. Bütün hallarda, düşünürəm ki, yaxın günlərdə biz rayonlarımızın azad edilməsi xəbərini eşidəcəyik. Əməliyyatlar dayanmayacaq, biz bütün işğalda olan ərazilərimizi düşmən tapdağından azad edəcəyik.

pia.az

Mənbə: pia.az