İranlı ekspert: Azərbaycanın işğal edilmiş əraziləri yalnız hərb yolu ilə azad edilə bilər

İranlı ekspert: Azərbaycanın işğal edilmiş əraziləri yalnız hərb yolu ilə azad edilə bilər

Ermənistanın işğal etdiyi ərazilərin hərbdən başqa yolla azad edilməsi mümkün deyil.

Bunu Trend-ə açıqlamasında iranlı ekspert Ümid Şükri deyib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın 20% torpağını işğal edib. Beynəlxalq hüquq və ictimaiyyət bu məsələni qəbul etməyib.

Şükri əlavə edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar addımlar atmaq istəsə də, bütün bunlar Ermənistan tərəfindən nəticəsiz qalıb.

Enerji məsələləri üzrə iranlı ekspert deyib ki, bütün bunlardan əlavə Ermənistan "yeni əraziləri" işğal etmək, əsasən də neft və qaz boru xətlərinə yaxın bölgələri ələ keçirmək məqsədilə iyul ayında Tovuz istiqamətində hücumlara keçdi. Bu isə artıq enerji təminatçısı olan Azərbaycana təhdid idi. Halbuki, Azərbaycan enerji diplomatiyası ilə dünyada böyük dəstək qazanıb.

Şükri deyib ki, Azərbaycan hazırda çox güclü orduya sahibdir. Həm ordusunun, həm də xalqının əhval-ruhiyyəsi çox yüksəkdir. Xalq orduya qalib olması üçün böyük dəstək göstərir. Azərbaycanın haqlı olduğu bütün dünyaya aydındır və Azərbaycan öz haqlı mövqeyindən çıxış edərək öz torpaqlarını işğaldan azad edir.

 

İranlı ekspertin sözlərinə görə, əslində iş Azərbaycana qalarsa, həm hərbi, həm də iqtisadiyyatı zəif olan Ermənistandan işğal altındakı Azərbaycan torpaqlarını azad etmək çox çətin olmayacaq. Lakin bəzi regional qüvvələr bu məsələni çətinləşdirir. Bu səbəbdən həmin ölkələr Ermənistana açıq və ya gizli dəstəklər göstərirlər.

"İslam ölkələri arasında Türkiyə və Pakistan Azərbaycana böyük dəstək göstərir. Lakin bəzi islam ölkələri isə Azərbaycan haqlı olduğu halda, tərəfsiz qalmaqla Ermənistana dəstək verirlər. Bu ölkələrin susmaları belə Ermənistana böyük dəstəkdir" - deyə, o qeyd edib.

Mənbə: olaylar.az