Müharibə və milli efir

Müharibə və milli efir

Dünən səhər gözümü açanda özümü Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” kitabının personajları kimi hiss elədim. Onun dinc həyatda müxtəlif planlar quran qadın qəhrəmanlarının bir səhər müharibə xəbərinə qəfil yaxalanmasını nəzərdə tuturam.

Düzdür, bizim situasiyamızda “qəfil” sözü o qədər də yerinə düşmür. Hətta əvvəlcədən rəsmi şəkildə bəyan edilməsə də, ayrı-ayrı rəsmi şəxslər müsahibə və açıqlamalarında müharibənin qısa zamanda ola biləcəyinə eyhamlar vurur, camaat arasında döyüşlərin tezliklə başlayacağı haqda söz-söhbətlər gəzir, ehtiyatda olan zabitlər hərbiyə çağrılır, cəbhə bölgəsində yerləşən rayonlardan müharibə hazırlıqları ilə bağlı xəbərlər yayılırdı və s.

Sentyabrın 27-si isə artıq müharibə başlamışdı. Üstəlik, internet kəsilib, daha doğrusu məhdud şərtlərdə, çox pis işləyir. Bu həssas şəraitdə informasiya blokadasında yaşayan nigaran vətəndaşın tək ümidi isə yerli telekanallara qalır.

Əlbəttə ki, informasiya təxribatının qarşısının alınmasından ötrü xəbər məkanının məhdudlaşdırılması zəruridir. Lakin bir məsələ var ki, bunun əvəzində təklif olunan vasitələr də özünü peşəkar mənada doğrultmalıdır axı. Bizdə isə o baş verir ki, vətəndaş sosrealizm tərzində teletəbliğata baxmalı, intellektual, analitik potensialı şübhəli, beyini aydınlatmayan adamları dinləməli olur.

Dünən fraqmentar da olsa müxtəlif telekanalları izləyəndə bu nəticəyə gəldim ki, ölkədə analitik, diri düşüncə sahiblərini telekanallara dəvət etmək görünür, hələ də efir siyasətinə adekvat deyil.

ARB kanalında hadisələri müzakirəyə çıxaran bir verilişdə qonaqlar politoloq Qabil Hüseynli və siyasi analitik Elxan Şahinoğlu idi. Q.Hüseynli uzun illərin politoloqudur, 1988-ci illərdə tanınmağa başladı. Onu dinləyəndə başa düşürsən ki, adam hardasa 2000-ci illərdə qalıb, son on ildə baş verən geosiyasi dəyişikliklərdən xəbərsizdir. Çünki çıxışı müddətində bir dənə ağlabatan, yeni arqument söyləmədi və ümumi sözlərlə verilişi yola verdi. Ondan gənc E.Şahinoğlu isə məlumatlıdır, hiss olunur ki, konflikti, geosiyasi hadisələri dərindən izləyir, bilgiləri yetərli olduğundan suallara dolğun və detallı cavab verirdi. Bununla belə, yenə də telekanallara Qabil Hüseynlilər daha çox dəvət olunur.

Verilişin xanım aparıcısının müzakirə olunan mövzunun intonasiyası ilə üst-üstə düşməyən, qeyri-etik görünən növbətçi təbəssümünü isə anlamadım.

Mühüm hadisələr zamanı nisbətən üstünlük verdiyim kanal İTV-dir. Plankası və daha demokratik yanaşması baxımından. “Diqqət mərkəzi. Yekun” proqramının dünənki buraxılışının əsas qonaqları arasında millət vəkilləri Erkin Qədirli, Fazil Qəzənfəroğlu, hərbi ekspert Üzeyir Cəfərov, politoloq Zaur Məmmədov və daha bir neçə nəfər vardı. Auditoriya kimi isə proqrama ənənəvi ziyalılar dəvət olunmuşdu: Firəngiz Əlizadə, Seyran Səxavət, Tünzalə Ağayeva, Afaq Bəşirqızı və digər tanış simalar.

Dostlar, 2020-ci ildir. Hələ də 1988-ci il Meydan hərəkatından gəlmə və AzTV-in yaratdığı “ziyalı ağır günlərində xalqın yanında olmalı və mütləq nəsə deməlidir” yanaşmasından heç cür qurtula bilmirik. Yaşlı nəsil kimi gənc nəsil də “ziyalı sözünün, fikrinin” mütləqliyi və müqəddəsliyi (məsələnin absurd tərəfi odur ki, ziyalı obrazında yalnız yazıçını, şairi, bəstəkarı, müğənnini, aktyoru görürlər) basqısına məğlub olur.

Nə isə, verilişdə əsas qonaqlar arasında müharibənin siyasi, hüquqi, hərbi müstəvidə müzakirəsi gedirdi. Aparıcı ciddi müzakirəni yarıda kəsib, bizə ziyalıların əhəmiyyətsiz, lirik çıxışlarını dinlətdirirdi. Yazıçı Seyran Səxavətin emosional, aydın olmayan nitqindən nəsə başa düşmədim. Digər iştirakçıların üzündəki narazı və darıxdırıcı ifadədən onun çıxışının mənasızlığı, qeyri-adekvatlığı aydınlaşdı. Aparıcı dözməyib onun sözünü yarıda kəsdi. Digər ziyalılar da qeyri-funksional çıxışlar elədilər. Bəstəkarlar İttifaqının sədri, pis-yaxşı akademik musiqi ilə məşğul olan Firəngiz Əlizadəyə, lap elə Səyavuş Kərimiyə də dözmək olar. Ancaq belə bir ciddi verilişdə ortabab müğənni Tünzalə Ağayevanın boş, məna kəsb etməyən fikirləri niyə vaxtımızı almalıdır ki, aparıcı sonda onun sözünü kəsib pərt vəziyyətə düşürsün?!

Aparıcıdan söz düşmüşkən, Nigar Sabirqızı gərgin məqamlarda səliqə-sahman yarada bilmədiyindən böyük bir epizodda ağız deyəni qulaq eşitmədi.

Vacib hadisələr zamanı televiziyanın üzə çıxan qüsurlarından biri təbliğat əvəzinə antitəbliğat effekti yaratmasıdır. Misalçün, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyevin “Yolumuz Xankəndinədir” şüarı ilə sonlanan video-çarxındakı səmimi görünməyən, toxunaqlı olmayan plakatçılıq kanalın düyməsini dəyişməyə və onu bir daha izləməməyə çağırır.

Yaxud informasiya proqramlarında gündəmlə bağlı vətəndaşlar arasında aparılan sorğularda sanki əvvəlcədən təlimatlandırılmış adamların danışması təəssüratı yaranır. Bütün hallarda, Qarabağ mövzusu siyasi mövqedən, hakimiyyətə münasibətinin necəliyindən asılı olmayaraq xalq üçün yuxarıda dayana bilir. Ona görə sorğuları hər yerdə rahatlıqla keçirmək və səmimi nəticə almaq mümkündür.

Bütün bunlar isə ona görə baş verir ki, telekanallarımız uzun illərdir alternativsiz şoumen-müğənni konsepsiyası ilə məhdudlaşıb. Nəticədə azad düşüncə, yaradıcılıq yerini basmaqəlib, çürük metodlara verir, daha çox eyni adamlar efirə dəvət olunur. Sanki beyin mərkəzimiz Qənirə Paşayevadır, Qabil Hüseynlidir, Seyran Səxavətdir.

Bu, digər sahələrə də aiddir. Mədəniyyət nazirliyi uğurlu bədii və ya sənədli müharibə filmləri çəkmədiyindən hələ də “Bizim Cəbiş müəllim”in, “Şərkli çörək”in ümidinə qalmışıq. Cavanşir Quliyevin “Azərbaycan əsgəri” marşından bu yana toxunaqlı, populyar marşımız olmayıb. Maraqlıdır ki, Firəngiz Əlizadə verilişdə fəxrlə dillər əzbəri saydığı hansı marşlardan danşırdı?!

Mənbə: azlogos.eu