Prezidentin köməkçisi dünyanın aparıcı xarici KİV nümayəndələrinə mətbuat brifinqi verib

Prezidentin köməkçisi dünyanın aparıcı xarici KİV nümayəndələrinə mətbuat brifinqi verib

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videoformatda mətbuat brifinqi verib.

APA xəbər verir ki, Hikmət Hacıyev humanitar atəşkəsə əməl etməyən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olan son təxribatları barədə geniş məlumat vermiş və 2020-ci ilin oktyabrın 17-də Gəncə şəhərinin SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketlər ilə hədəfə alındığını diqqətə çatdırıb.

Prezident köməkçisi mülki şəxslərin və infrastrukturun Ermənistan tərəfindən davamlı olaraq bilərəkdən hədəfə alındığını söyləmiş, Gəncədəki son təxribatlar nəticəsində 2-si uşaq olmaqla 13 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını və 2 uşağın itkin düşdüyünü təəssüflə bildirib.

Ermənistanın Naxçıvanın Ordubad rayonuna da raketlə hücum etdiyini söyləyən H.Hacıyev bununla rəsmi İrəvan tərəfindən müharibənin coğrafiyasının genişləndirilməsi istiqamətdində davamlı cəhdlərin olduğunu xüsusilə vurğulayıb.

Habelə, H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini və mülki şəxsləri müdafiə etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu özündə saxladığını söyləyib.

Daha sonra, H.Hacıyev jurnalistlərin suallarını cavablandırıb.

Mənbə: apa.az