ABŞ Türkiyənin S-400 raketini sınaqdan keçirməsini qınayır

ABŞ Türkiyənin S-400 raketini sınaqdan keçirməsini qınayır

Birləşmiş Ştatlar cümə günü ABŞ-ın xəbərdarlıqlarına məhəl qoymayaraq Rusiyanın təkmilləşdirilmiş hava müdafiə sistemini sınaqdan keçirdiyi üçün Türkiyəni qınayıb.

Türkiyə hökümətinə yaxın A Haber televiziya kanalı Türkiyə ordusunun S-400 sistemini Qara Dəniz sahilində yerləşən Sinop vilayətində sınaqdan keçirdiyini bildirib.

ABŞ Dövlət Departamenti raket buraxılışının “Türkiyənin NATO müttəfiqi” və ABŞ-ın “strateji tərəfdaşı olaraq” sahib olduğu öhdəlikləri ilə uyğun olmadığını deyib.

Müdafiə Departamentinin sözçüsü bildirib: “Biz aydın bildirmişik: işlək S-400 sistemi Türkiyənin ABŞ və NATO müttəfiqi olaraq öhdəlikləri ilə uyğun gəlmir. Biz Türkiyənin sistemi almasına etiraz edirik və Türkiyənin onu istismara verməsinə dair xəbərlər bizi dərindən narahat edir.”

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Respublikaçı Cim Riş bu sınağı NATO müttəfi tərəfindən “qəbuledilməz davranış” adlandırıb.

Riş bəyanatda bildirib ki, bu addım NATO-ya ziyan vurur və ABŞ-ın F-35 bombardmançıları və ABŞ və NATO müttəfiqlərinin digər sistemlərinə birbaşa təhlükə yaradır.

“ABŞ qanununa əsasən Rusiya ilə müdafiə əlaqələrini dücləndirməyə davam edən ölkələrə qarşı sanksiyaların tətbiq olunması tələb olunur və administrasiya Türkiyəyə S-400-lərdən qurtulmalı olduğuna dair açıq siqnal göndərməlidir,” bəyanatda qeyd edilib.

Komitənin yüksək səviyyəli Demokrat üzvü senator Bob Menendez açıqlamasında bildirib ki, “Türkiyəyə qarşı bu sistemi alıb, istifadə etdiyinə görə dərhal sanksiya tətbiq olunmalıdır.”

Menendez Tramp administrasiyasını da qınayıb və deyib ki, “Prezident Trampın qanuna riayət etməməsi və Rəcəb Tayyib Ərdoğanla yaxınlığı bizim və NATO müttəfiqlərimiz ilə Avropadakı tərəfdaşlarımızın milli təhlükəsizliyinə ciddi təhlükə yaradır.”

Türkiyənin Müdafiə Nazirliyi sınağı təsdiq və yaxud təkzib etməyib.

Türkiyə Rusiya ilə S-400 razılığını 2017-ci ildə imzalayıb, 2.5 milyard dəyərində raket batareyalarının ilk hissəsi isə ötən ilin iyul ayında çatdırılıb.

Mənbə: www.amerikaninsesi.org