Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert

Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert

Bakı. Samir Əli - Trend:

Azərbaycana qarşı rəsmi terror siyasəti həyata keçirən Ermənistanın eyni zamanda silah qaçaqmalçılığı ilə məşğul olması ilk fakt deyil və bu barədə dəfələrlə məlumatlar verilib.

Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert əlavə edib ki, iqtisadiyyatı olmayan bir ölkənin bu qədər silah-sursatı əldə etməsi ilə əlbəttə ki, müəmmalıdır, daha dəqiq desək, burada qanunsuz silah ticarətinin izi olması şübhəsizdir:

“Baxın, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azad olunması istiqamətində başlatdığı anti-terror əməliyyatları və əks-hücumları nəticəsində düşmən ağır məğlubiyyətə uğrayır və qaçdıqca böyük silah anbarları qənimət olaraq əsgərlərimiz tərəfindən götürülür. Həmin qənimətlərin içində biz nə qədər böyük miqdarda müxtəlif növ slahları, hərbi texnikaları və s. avadanlıqları görürürk. Bütün bunlar yalnız rəsmi qaydada alınan silah-sursatlar deyil. Çünki ermənilərin buna pulları yoxdur. Buradan isə belə bir fakt ortaya çıxır ki, həmin silahlar məhz qaçaqmalçıqlıq yolları ilə əldə olunur və bütün bunların arxasında dayanan Ermənistan hakimiyyəti ilə iş birliyində olan erməni silah mafiyaları, milyarderləri və silah alverçiləridir. Əbəs deyil ki, dövlətimizin başçısı TASS-a müsahibəsində həmin fakta da toxundu və qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri birtərəfli qaydada, yəni müharibənin lokal getdiyi bir zamanda tərəflərə silah satışını dayandırır. Ancaq təəssüf ki, Rusiya ərazisindən qaçaqmalçılıq yolları ilə Ermənistana silah daşınması faktı var. Cənab Prezident həmin məsələni xüsusilə qabartmaqla öz mesajını göndərdi və düşünürəm ki, artıq Rusiyanın müvafiq güc strukturları həmin məsələni diqqətə alacaq, cinayətkar erməni mafiyalarını aşkar edərək, onlar barəsində qanunamüvafiq qaydada cinayət işi açacaq”.

Bu gün Ermənistanda kimlərin hakimiyyətdə olmalarına baxmayaraq, həmin hakimiyyətlərin, eləcə də mövcud Paşinyan hakimiyyətinin bu mafiyalarla sövdələşmələrə getdiyini deyən baş redaktora görə, o da məlumdur ki, hələ ötən il ABŞ-da erməni slah qaçaqmalçıları saxlanılaraq məsuliyyətə cəlb olunublar, o cümlədən, 2018-ci ildə İspaniyada da bu məsələ ilə bağlı erməni cinayətkar dəstəsi saxlanılmışdı: “Hesab edirəm ki, artıq bütün dünya terrorçu Ermənistan dövlətinin nə qədər cinayətkar bir ölkəyə çevrildiyinin şahidləridir. Bu baxımdan, unutmamalıyıq ki, biz yalnız cəbhədə düşmənlə müharibə aparmırıq, həm də düşmənlə əlbir olan qanunsuz silah alverçiləri ilə, düşmən tərəfdə muzdla döyüşən terrorçularla da mübarizə aparırıq və qısa zamanda haqlı, ədalətli mübarizəmizdə bu gün qalibiyyət bizimlədir və bizimlə olacaq”.

Mənbə: az.trend.az