Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop

Gəncə. Samir Əli - Trend:

Türkiyə həmişə Azərbaycanın yanındadır və sona qədər bir yerdə olacağıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ermənilərin raket atəşi nəticəsində Gəncədə dağılmış ərazidə olarkən deyib.

O bildirib ki, Türkiyə Azərbaycanın torpaqlarının işğaldan azad olunması istiqamətində atdığı bütün addımları dəstəkləyir: "Biz qardaş Azərbaycanın haqlı davasını hər zaman dəstəkləyirik. Gəncədə baş verən terror göstərir ki, Azərbaycan haqlıdır, Ermənistan mülki insanları hədəf seçərək böyük cinayət işlədir. Qarabağ Azərbaycan torpağıdır, bu, tarix boyunca belə olub. Beynəlxalq aləmdə də Qarabağın Azərbaycan torpağı olduğu, Ermənistanın işğalçı dövlət olduğu təsdiqlənib. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının 1993-cü il tarixli qərarları var, Avropa İttifaqının qərarları var. Bütün sənədlərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi təsdiqlənib. Həmin qərarlarda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması tələb olunub. Müharibə olursa da, bu prosesdə qaydalar var. Müharibədə dinc insanlara atəş açmaq cinayətdir. Ermənistan bu savaşda sivil insanları hədəfə alır, bunu bütün dünyanın görməsi vacibdir. ATƏT-in Minsk qrupu Ermənistanın Gəncədə dinc insanlara qarşı törətdikləri bu amansız terroru görmür. Biz bu terroru gözümüzlə gördük".

M.Şentop bildirib ki, Azərbaycan Silahlı Qüvvələri yaxın vaxtlarda Dağlıq Qarabağı işğaldan azad edəcək.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Çox istərdim ki, Azərbaycanla Naxçıvanı birləşdirən bir dəhliz açılsın"

SONRAKI XƏBƏR

Ermənistanın boru kəmərini hədəfə almasında "RUSİYA İZİ": “Avropa bu dəhlizə arxayın olmasın !