"Eurasia Daily Monitor" saytında Qarabağla bağlı məqalə dərc olunub

"Eurasia Daily Monitor" saytında Qarabağla bağlı məqalə dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqovun ABŞ-da Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitorunun (Eurasia Daily Monitor) saytında “Azərbaycan Qarabağın şimal və cənub cəbhələrində strateji irəliləyişlər edir” başlıqlı məqaləsi dərc edilib.

Məqalədə göstərilir ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindəki mövqelərindən mövqelərimizə hücum etməyə cəhd edib və cavab olaraq Azərbaycan Silahlı Qüvvələri geniş əks-hücum əməliyyatına keçib, elə həmin gün Füzuli və Cəbrayıl rayonlarının 6 kəndini işğaldan azad edilib. Məqalədə bildirilir ki, Azərbaycanın əks hücumu əsasən iki istiqamətdən - cənub və şimaldan başlanıb: “Şimaldan əks hücuma general-mayor Hikmət Həsənovun komandanlıq etdiyi 1-ci Ordu korpusu, cənubdan isə general-mayor Mais Bərxudarovun rəhbərlik etməkdədir. Hər iki general Azərbaycanın yeni nəsil generalları olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində doğulub və çox gənc yaşlarında doğma yerlərini tərk etməyə məcbur olublar”.

Məqalə göstərilir ki, Azərbaycan ordusu düşmənin çoxsədli müdafiə xətlərini müvəffəqiyyətlə yararaq işğal edilmiş ərazilərin mərkəzi Xankəndi və azərbaycanlılar üçün çox böyük mədəni-mənəvi dəyər daşıyan Şuşaya doğru irəliləməkdədir. Müəllif işğal edilmiş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin reallaşdırdığı raket atəşi nəticəsində mülki insanların həyatını itirdiyini və obyektlərə böyük ziyan dəydiyini yazıb və Gəncə şəhərinə raket zərbələri nəticəsində mülki şəxslər, o cümlədən körpələr, uşaqlar və qadınların həlak olduğunu deyib. Müəllif sonda Azərbaycan ərazisindən işğalçı qoşunların çıxarılamayana qədər hansısa atəşkəs razılığının dayanıqlı olmayacağını da diqqətə çatdırıb.

Daha ətraflı: https://jamestown.org/program/azerbaijan-makes-strategic-advances-along-karabakhs-northern-southern-flanks

Mənbə: www.bizimyol.info