Gəncədə olan Türk Şurasının rəhbəri Ermənistanın hərəkətlərini pislədi, Azərbaycana qələbə dilədi

Türk Şurasının Baş katibi Bağdad Amreyev Gəncə şəhərindədir.

Oxu.Az-ın müxbirinə müsahibə verən B.Amreyev Ermənistanın Azərbaycan Respublikasının yaşayış məntəqələrinə endirdiyi raket zərbələri nəticəsində mülki şəxslərin ölümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

“Mən bu gün Gəncə şəhərindəyəm. Gördüklərimiz böyük kədərə səbəb oldu. Kədərinizi bölüşür, yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı verir və yaralılara tez bir zamanda sağalmasını arzu edirik. Çox adam ölüb, bunlar mülki insanlardır”, - deyə B.Amreyev qeyd edib.

Qarabağdakı münaqişəyə toxunan B.Amreyev Türk Şurasının əvvəldən hadisələrin inkişafını izlədiyini söyləyib.

Onun sözlərinə görə, təşkilat Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün qanuni fəaliyyətini dəstəkləyir.

Azərbaycanın bu hüququ bütün beynəlxalq sənədlərdə, BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunub.

“Türk Şuranın mövcud olduğu 10 il ərzində dövlətlərimizin başçıları münaqişə ilə əlaqədar bir çox sənədlər, bəyannamələr qəbul edib. Bu sənədlərin hər birində Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki hüququ xüsusi olaraq qeyd olunur”, - deyə B.Amreyev vurğulayıb.

Müsahibmiz Azərbaycanın ərazi bütövlüyünə riayət olunması şərti daxilində münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu da əlavə edib.

Təşkilat rəhbərinin sözlərinə görə, Türk dünyası Azərbaycanın maraqlarına cavab verən istənilən danışıqları və sülh yolu ilə əldə edilən qərarları dəstəkləyir.

“Buna baxmayaraq, müharibə davam edir - bu, ədalət, qurtuluş, vətən uğrunda müharibədir. Müharibə - müharibədir, ancaq dinc sakinlər bundan zərər görməməlidir. Ermənistanın hərəkətlərinə heç nə ilə haqq qazandırıla bilməz. Buna görə də dünya ictimaiyyətini İrəvanın hərəkətlərini qınamağa çağırırıq”, - deyə B.Amreyev bildirib.

Fikrinin sonunda B.Amreyev qardaş Azərbaycan xalqına sülh, firavanlıq və qələbə arzulayıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ankarada Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirildi - Foto

SONRAKI XƏBƏR

İlham Əliyevdən işğaldan azad edilən torpaqlarla bağlı NÖVBƏTİ TVİT