Ermənilərin NATO-ya şikayət etdiyi dronlar: Zirehli texnikaları döyüş meydanından çıxarır

Ermənilərin NATO-ya şikayət etdiyi dronlar: Zirehli texnikaları döyüş meydanından çıxarır

Bu gün hərb sahəsində ən çox müzakirə olunan hərbi texnika dronlardır.

Böyük dəqiqliklə hədəfi məhv edən dronlar işğalçı Ermənistanın canına elə vahimə salıb ki, artıq buna görə qardaş Türkiyəni də NATO-ya şikayət ediblər.

Maraqlıdır, dronlardan əvvəl hakim mövqe hansı hərbi texnikalarda idi? Onların meydana çıxması hansı texnikaların hərb meydanındakı hakimliyinə son qoyur?

Hərbi siyasi şərhçi Ramil Məmmədli Cebhe.info-ya açıqlamasında deyib ki, dronlardan öncə orduda əsas yeri zirehli texnikalar tuturdu:

“İkinci Dünya Müharibəsinə “mühərriklərin savaşı” deyirlər. Yəni həmin dövrdən etibarən tanklar, zirehli texnikalar, maşınlar istifadə olunurdu. Zirehli texnikaların ən böyük döyüşü isə Almaniya ilə SSRİ arasındakı Kursk döyüşüdür. 60-cı illərdən sonra isə taktik raket komplekslərinə üstünlük verilməyə başladı. Bu gün isə artıq dünya dəyişib və son 20 ildə müasir texnologiyalar fərqli şəkildə inkişaf etməyə başlayıb. Müasir texnologiyalar dedikdə isə PUA-lar, dronlar, yəni robotlaşdırılmış texnologiyalar nəzərdə tutulur”.

Ekspert hesab edir ki, dronlar zirehli texnikaları bazardan çıxaracaq:

“Bu gün artıq zirehli texnikalara üstünlük verilir. Çünki bu texnikalar həm insan tələfatının qarşısını alır, həm də hədəfi dəqiqliklə vurur. Ona görə də artıq orduda dronlara üstünlük veriləcək. Bu isə zirehli texnikaları bazardan vurub çıxaracaq”.

Əli Bədir
Cebhe.info

 

Mənbə: cebhe.info