İƏT-in dini liderləri toplandı

İƏT-in dini liderləri toplandı

“Ermənistan islamofob və işğalçı dövlətdir, onun yalan təbliğatlarına inanmaq – haqqın yox, zalımın yanında olmaq deməkdir!“

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dini liderlərinin videokonfrans formatında toplantısı keçirilib.

Türkiyənin Diyanət İşləri Başqanı Əli Erbaşın təşəbbüsü ilə keçirilən videokonfransda hazırda İstanbulda olan Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə də çıxış edib.

Şeyxülislam çıxışı zamanı Qarabağdakı mövcud vəziyyətlə bağlı İƏT üzvü olan ölkələrin dini liderlərinə məlumat verib.

Bütün Qafqazın Şeyxi çıxışında Ermənistanın islamofob ölkə olduğunu və ermənilərin güya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək məkrli niyyətləri ilə müsəlman dünyasını xristian aləmi ilə üz-üzə qoymaq istədiyini bildirib:

“Azərbaycan dindarları adından konfransın işinə evsahibliyi edən Türkiyə Cümhuriyyəti Diyanet İşleri Başkanlığına və onun dəyərli rəhbəri, qardaşım Ali Erbaş həzrətlərinə dərin ehtiramımı bir daha izhar edir, Rəbbimdən bütün səy və fəaliyyətlərimizə yardımçı olmasını diləyirəm. İslam dünyasının və bütün bəşəriyyətin dini və siyasi zəmində narahat gündəm yaşadığı bir dövrdə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin dini rəhbərlərinin məşvərət toplantısının təşkil edilməsi həm düzgün təşəbbüs, həm də məntiqi bir qərar kimi dəyərləndirilməlidir. Çünki məhz bu gün – minlərlə günahsız insanın məhv olduğu, dövlətlərin miqrant ordusu və virus bəlası ilə üzləşdiyi, dünyanın müharibələr və terrorizm savaşı ilə sarsıldığı bir dönəmdə müsəlman aləmi özünün sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bir daha bəşəriyyətə bəyan etməlidir.

Hörmətli məclis iştirakçıları! Planetimizin müxtəlif guşələrində - Fələstində, Suriyada, Livanda, Liviyada və bizim Qafqaz regionunda terror aktlarının, etnik savaşların baş verməsi, bu halın qlobal xarakter alması bizi narahat etməyə bilməz. Bildiyiniz kimi, biz Fələstin dövlətinin paytaxtının Qüds olmaqla münaqişənin sülh yolu ilə həllini dəstəkləyir, ardıcıl olaraq hər zaman Fələstin xalqının yanında olduğumuzu bəyan edirik. Burada iştirak edənlərin əksəriyyəti Azərbaycanın Ermənistan tərəfindən işğala uğramış torpaqlarının azad edilməsi uğrunda apardığı Qarabağ mücadiləsindən xəbərdardır. 30 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və biz Ermənistan dövləti ilə hərbi münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün illərlə səy göstərmişik. Azərbaycanın Qarabağ torpaqlarının Ermənistan tərəfindən zəbt edilməsi, Xocalı şəhərində mülki əhalinin amansız qətliamı, milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, işğal olunmuş ərazilərimizdə tarixi-mədəni abidələrin məhv edilməsi xalqın səbrini doldurmuşdur. Son təxribatların statistikası isə belədir ki, müharibə qanunlarını, beynəlxalq normaları pozan, BMT-nin 4 qətnaməsini, Cenevrə Konvensiyalarının maddələrini nəzərə almayan Ermənistan qadağan olunmuş silah və bombalarla təmas xəttindən xeyli uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Xızı şəhərlərini, onlarla kənd və qəsəbələri atəşə tutmuşdur. Nəticədə 5-i uşaq olmaqla 46 mülki şəxs həlak olmuş, 200 nəfərdən çox insan yaralanmış, mindən çox ev və mülki obyekt dağıdılmışdır.
Biz Azərbaycanın bu durumdakı vəziyyəti barədə beynəlxalq ictimaiyyətə, dövlət başçılarına və dünya dini liderlərinə, Birləşmiş Millətlər Təşkilatına, Avropa Təhlükəsizlik üzrə Əməkdaşlıq Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq qurumlara müraciətlər ünvanlamışıq. Erməni təcavüzünü qətiyyətlə pisləyən siyasi, iqtisadi və humanitar səciyyəli qətnamələrin qəbulu, Azərbaycan gerçəklikləri, xüsusən Xocalı soyqırımı haqqında çoxsaylı bəyanatlar verdiyinə, özəlliklə bölgəmizdə baş verən son hadisələr ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə qınayan müraciətlə çıxış etdiyinə görə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Usaymin cənablarına xalqımız adından dərin təşəkkürlərimizi bildirmək istəyirəm. Bizim haqq mücadiləmizə ən mühüm dəstəyi çəkinmədən verdiyinə, dost kimi daim səfimizdə durduğuna görə öncə Türkiyə Cümhurbaşkanı, sayğıdəyər Recep Tayyib Erdoğan cənablarına xalqımız və dövlətimiz adından xüsusi təşəkkür etməliyəm. Azərbaycan üçün çox çətin və məsuliyyətli bir tarixi dönəmdə göstərilən qardaş sevgisi, uzadılan dost əli və arxalandığımız dəstək xalqımızın nəzərində həqiqi qardaşlıq nümunəsidir. Əziz qardaşım, Diyanet İşləri Başkanı Ali Erbaş həzrətlərinin fəaliyyəti sayəsində türk camilərinin minbərlərində oxunan xütbələr və dualar qardaş Azərbaycan və türk müsəlmanlarının mənəvi birliyinin və milli vəhdətin bariz təzahürüdür. Fəqət təəssüflə qeyd etməliyəm ki, illər boyu Ermənistan dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etmək istəyən qüvvələr bu gün də ikili standartlarla erməni terrorizminə və azərbaycanlılara qarşı törədilən genosidə haqq qazandırmaq niyyətindədirlər. Onlar guya xristian məbədlərinin dağılmasını bəhanə gətirərək məkrli niyyətləri ilə müsəlman dünyasını xristian aləmi ilə üz-üzə qoymaq istəyirlər. Halbuki məhz ermənilər tərəfindən bizim məbədlərə qarşı vandalizm aktları törətmiş, hətta zəbt olunan torpaqlarımızda yerləşən məscidlərdə haram sayılan donuz saxlamaqdan belə çəkinməmişlər. Özlərini məzlum qurban kimi göstərsələr də həqiqətin bir adı vardır: Ermənistan islamofob və işğalçı dövlətdir, onun yalan təbliğatlarına inanmaq – haqqın yox, zalimin yanında olmaq deməkdir! Biz əminik ki, Xocalıda 613 nəfəri işgəncələrlə qətl edərək soyqırım aktı törədənlər, eyni vəhşiliklərini bu gün Gəncədə mülki əhaliyə qarşı davam etdirənlər, günahsız insanların, məsum körpələrin qanlarının axıdılmasına bais olanlar, həm bu dünyada tarix qarşısında, həm də qiyamət günü Allah-taala qarşısında layiqli cəzadan yaxa qurtara bilməyəcəklər. Biz bir daha beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın qəsbkar rejiminə qarşı sanksiyalar tətbiq etməyə, xüsusilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətləri Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olmağa və ən əsası, haqqın tərəfdarı olmağa çağırırıq. Mən çıxışımın sonunda bir daha Azərbaycan xalqı adından Türkiyə Cümhuriyyətinin dövlət rəhbəri, Zati-aliləri Recep Tayyib Erdoğan cənablarına, əziz qardaşım, Diyanet Başkanı Ali Erbaş həzrətlərinə salam və dualarımızı çatdırır, dövlətlərimizin daim, qardaşlığımızın baqi olmasını Allah-təaladan raz-niyaz edirəm!”

REAL-ın TÜRKİYƏ bürosu

 

Mənbə: www.realtv.az